(1911, Şamaxı qəz., Bicov k. – 1996, Bakı) – Azərbaycan geoloqu, geologiya-mineralogiya elmləri doktoru (1965), professor, Azərbaycan EA akademiki (1983), əməkdar elm xadimi. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir. 1947 ildə “Böyük Qafqazın cənub yamacının Azərbaycan hissəsinin geoloji quruluşu” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
1954 ildən Azərbaycan EA Geologiya İnstitutunda işləmişdir. 1965 ildə “Kiçik Qafqazın şərq hissəsinin geoloji quruluşu və tektonik inkişaf tarixi (Azərbaycan)” mövzusunda doktorluq dissertasiyası müdafıə etmişdir. Azərbaycan EA Yer haqqında Elm Bölməsinin akademik-katibinin müavini olmuşdur. Uzun illər Geologiya İnstitutunun geotektonika, stratiqrafiya və litologiya şöbəsinə başçılıq etmişdir. Şərqi Qafqazın qırışıqlıq sisteminin əmələ gəlməsinin mərhələlərini müəyyən etmiş, onları struktur zonalara bölmüş və yaranmasında şimali-qərbi kembridənqabaq və şimal-şərqi rifey yarıqlarının rolunun elmi əsaslarını vermişdir. O. şimal-şərq istiqamətdə uzanan Qərbi Xəzər gömülmüş qalxımını aşkar etmiş və bu qalxımın Qafqaz qırışıqlıq sisteminin müsbət strukturlarının Xəzər dənizinə yaxınlaşdıqca birləşmələrinə səbəb olmasını əsaslandırmışdır. İlk dəfə olaraq Balakən-Zaqatala regionunda polimetallik filiz yataqlarının aşkar edilməsi perspektivliyini sübut etmişdir. 250-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifi və Azərbaycanın geoloji, tektonik, paleotektonik. geomorfoloji, neotektonik və metallogenik xəritələrinin, Qafqazın və Avropanın tektonik xəritələrinin həmmüəllifidir.
Əd.: “Azərbaycanın geoloq və geofizik alimləri”, Bakı, “Nafta-Press”, 2004, s. 333-334