Şamaxı r-nunun Qaleybuğurd i.ə.d.-də kənd. Pirqulu dağının cənub-qərb yamacında, Ağsu çayın hövzəsinə məxsus Sis çayın yaxınlığında yerləşir. Əhalisi 348 nəfərdir (2009), 79 təsərrüfatı var. Kəndin ərazisi meşəlikdir. Pirqulu yaylasında günəşli havalar olduğu halda yaylanın Ağsu çayı sahəsində Sis kəndi yerləşən yamacda ən çox dumanlı, çiskinli havalar olur.
Əvvəllər Bakı quberniyası Şamaxı qəzasının Qoşun sahəsində Sis kəndi Sis qazma kimi qeydə alınmışdır. Qonşu Qaleybuğurd və Çağan kəndlərindən çıxmış ailələr ilk əvvəl qazmalar şəklində məskunlaşaraq sonralar kənd kinıi formalaşmışdır.
Sis toponimi yerləşdiyi ərazinin təbii şərait və xüsusiyyətlərini özündə əks etdirir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 191
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.32