Azərbaycan xalçaları içərisində Şirvan qrupunun özünəməxsus yeri vardır. Şirvan əhalisinin ev məişətinin zəruri hissəsi olan xalçalar əsrlər boyu mənzillərin bədii tərtibatında başlıca yer tutmuşdur. Burada digər xalq sənət sahələri kimi xalçaçılıq da bədii-texnoloji baxımdan müxtəlif inkişaf mərhələləri keçmişdir.
Şirvanın füsunkar təbiəti, təmiz havası, güllü-çiçəkli çəmənlikləri burada qədim zamanlardan heyvandarlığın inkişafı üçün əlverişli imkanlar yaratmışdır. Əhalinin əsas təsərrüfat sahələrindən biri olan qoyunçuluq xalçaçılığın inkişafı üçün əlverişli zəmin yaratmışdır. Şirvanda yerli qoyun cinsləri ilə kifayətlənməyən əhali, digər bölgələrdən buraya döllük qoyun cinsləri gətirir və xalçaçılıq üçün yararlı xammal verən cinslərin artırılmasına xüsusi diqqət yetirirdi. Burada ağ yunlu qoyun cinslərinin artırılmasına daha çox üstünlük verilirdi. Ağ yun istənilən boyağı yaxşı “götürdüyündən” o boyaqçılıq üçün daha münasib hesab olunurdu. Tarixən Şirvanda yun çeşidlərindən istənilən qədər yararlı yun lifi əldə etmək imkanı olmuşdur. Pirqulu, İsmayıllı, Talış, Cəngi, Xaltan, Alpoud meşələrində bitən müxtəlif ağac və kol bitkiləri, xalq arasında “toxmacar” adlanan tut bağları boyaqçılıq üçün ənənəvi xammal bazası yaradırdı. Təcrübəli boyaqçılar müxtəlif bitkilərin kök, kökümsov, gövdə, budaq, qabıq, yarpaq, çiçək, toxum, meyvə və giləmeyvələrindən boyaq məhlulu hazırlamış, ipək və pambıq parçaları, xalçaçılıqda işlədilən yun, pambıq və ipək sapları gözəl, parlaq və solmaz rəng çalarları ilə boyamışlar. Şirvanın xalça və xalça məmulatlarının əsas xüsusiyyətlərindən biri də onların rəngarəngliyi, boyaqların parlaqlığıdır. Ümumiyyətlə, Azərbaycan florasına xas olan 1500-dən artıq boyaq bitkisinin 100-dən çoxundan alınan boyaq maddələri xalça ipliklərinin boyanması üçün istifadə edilmişdir. Şirvanın əsas boyaqçılıq mərkəzləri Məlhəm, Ərçiman, Çalov, Sor-sor, Qəşəd, Lahıc, Ərəbuşağı, Basqal, Dilman, Xatman, Nüydü, Cəyirli, Sulut, Zərgəran, Qaraqoyunlu, Osmanbəyli, Çarhan, Nabur, Kolanı, Poladlı, Yekəxana və s. kimi yaşayış məntəqləri olmuşdur. Şirvan qrupu xalçaları üçün səciyyəvi olan qırmızı rəng, əsasən, “qızıl boya” adlanan boyaq bitkisindən alınırdı. Y. Streysin yazdığına görə, orta əsrlərdə Şirvan əyaləti özünün boyaq kökü ilə məşhur idi. Sarı rəng baldırğan, alma qabığı, əncir və ağ tut yarpağından alınırdı. Yaşıl rəng isə əncir və tut yarpaqlarından alınan sarı rənglə boyandıqdan sonra, ipin “indiqo” adlanan boyağa salınması üsulu ilə alınırdı.
Şirvan xalçaları texnologiyasına görə xovsuz və xovlu növlərə bölünür. Bölgənin əsas xalçaçılıq mərkəzləri Şamaxı, Ağsu, Kürdəmir, Hacıqabul, Ağdaş, Göyçay, Zərdab, İsmayıllı, Qobustan, Ucar rayonlarının kəndlərini əhatə edir. Qəbələ və Salyan rayonlarının əhalisi tərəfindən toxunan xalçalar da texniki, bədii cəhətdən Şirvan xalçaları ilə bir çox oxşar cəhətlərə malik olduğundan onlar da bu qrupa aid edilir. Şirvanın ən böyük xalçaçılıq mərkəzi Şamaxı şəhəri və onun ətrafında yerləşən qəsəbələr, kəndlər olmuşdur. Müasir Qobustan rayonunun kəndləri Azərbaycanın ən qədim xalçaçılıq məntəqələri olmuşdur. Elmi ədəbiyyatlarda “Mərəzə”, “Nabur”, “Çuxanlı”, “Cəyirli”, “Cəmcəmli”, “Qabıstan” kimi adlandırılmış xovlu xalçalar, kilim, palaz, zili kimi xovsuz xalçalar və xalça məmulatları çox məşhurdur. Məsələn, “Qabıstan” adlandırılan xalçalar üçün səciyyəvi olan xüsusiyyətlərdən biri onların uzunsov formalı beş xalçadan ibarət olmasıdır. Bu xalçaların ölçüsü adətən 120×500 sm olur. “Ortalıq”, iki yan tərəflərə salınan “yanlıq”, otağın baş hissəsinə salınan “başlıq” və qapıya yaxın olan hissəsinə döşənən “ayaqlıq” adlandırılırdı. Qabıstan kəndi dəvə və qoyun yunundan, yaxud ipək və pambıq tərkibli iplərdən toxunan xalça məmulatlarının əsas toxunma mərkəzi olmuşdur. Bu xalçalar incə, parıltılı, yumşaq olurdu. Yerli xalçaçılar bu tip xalçaları “taxta” adlandırırdı. Araşdrımalar göstərir ki, tarixən bölgə əhalisinin məişətində xovsuz xalçalar üstünlük təşkil etmişdir. Sadə bədii kompozisiyalar da həmin xovsuz xalçalar üzərində icra edilmişdir. Əsasən, həndəsi elementlərdən ibarət olan bu kompozisiyaların bir çoxu dəyişikliyə uğramadan bu günümüzədək gəlib çatmışdır. Haşiyəli və haşiyəsiz kompozisiyalarında səthin şaquli hissələrə bölünməsi üsuluna Azərbaycan xalçalarının digər qruplarında olduğu kimi, Şirvan qrupuna daxil olan zili, cecim və kilim nümunələrində də rast gəlinir. Lakin məsələn, Naxçıvanda toxunan cecimlərdən fərqli olaraq, Şirvan cecimlərində zolaqlar nisbətən ensizdir, yığcam kompozisiyaya malikdir. Şaquli hissələrə bölünmə Şirvan qrupuna aid olan kilimlər üçün səciyyəvi xüsusiyyətdir. Yerli əhalinin “quyrumlu” adlandırdığı kilimləri sənətkarlıq baxımından maraq doğuran nümunələrdir. Bu kilimlərin ara sahəsi iki hissəyə bölünür, həmin hissələrdən hər birində daxilində romblar olan kvadratlar şaquli sıralarla toxunur. Araşdırmalar göstərir ki, Şirvanın ayrı-ayrı kəndlərində bəslənən qoyunların yunundan əyirilən iplərdən “taxtamicə” adlanan xovsuz xalçalar toxunmuşdur. Bu növ xalçalar əsasən yaylaq-qışlaq həyat tərzi keçirən əhalinin məişət üçün daha çox xarakterik olmuşdur. Oturaq şəhər əhalisi xalçaların zərifliyinə, bədii tərtibatının zənginliyinə daha çox diqqət yetirirdisə, elat əhalisi üçün xalça məmulatlarının davamlılığı və yüngül çəkili olması vacib şərt idi. Bu səbəbdən də onlar özlərinin müvafiq məişət tələbatlarını ödəyən xalçalar və xalça məmulatları toxuyurdular. Bu cəhətdən elat əhalisinin məişətində sumaxlar üstünlük təşkil edirdi. Hələ orta əsrlərdə Şirvanda sumax texnikası ilə də xalça və xalça məmulatları toxunması haqqında məlumatlar verilmişdir.
Şirvanda medalyonlu xalçalar çox geniş yayılmışdır. Xalçaçı-alimlərin “Şirvan”, “Cəmcəmli”, “Ərçiman”, “Qəşəd”, “Hacıqabul”, “Qəbələ”, “Nabur”, “Şilyan” adlandırdıqları medalyonlu xalçalar tarixən Şirvan ərazisində toxunmuşdur. “Ərçiman” adlanadırılan xalçanın ara sahə kompozisiyası şaquli mərkəz oxu üzərində yerləşən bir neçə göldən ibarətdir. Bəzən iki göl sırası olan “Ərçiman” xalçalarına da rast gəlmək olur. Qeyd etmək vacibdir ki, həndəsi formalı medalyonlu xalçalar istər yerli əhalinin, istərsə də əcnəbilərin rəğbətini qazanmışdır. 19 əsrdə toxunmuş “Şamaxı” adlandırılan xalçalarda palmet ornamentinin çox maraqlı bir nümunəsi vardır. Adətən göy rəngli yerliyi olan bu xalçalarda palmettalar üfüqi xətt boyunca yeddi sırada yerləşdirilir. Onların daxili ornamenti sərv ağaclarının təsvirləridir. Azərbaycan dekorativ-tətbiqi sənətinin müxtəlif sahələrində, o cümlədən xalçalarda işlədilən müxtəlif ölçülü sərv ağacının təsvirinə tarixi “Əjdahalı” xalçalarda da rast gəlmək mümkündür. 20 əsrin əvvəllərində Şirvanda toxunmuş “Şamaxı” xalçalarında palmettalar nisbətən böyük ölçülərdə toxunur. Və burada öz əksini tapan sərv ağacı təsvirləri daha çox stilizəyə məruz qalır. Şirvanın qapalı kompozisiyalı xalçaları da məşhurdur. Ənənəvi “Namazlıq”lar bu növə daxildir.
Bölgədə toxunmuş xalçaların simvollar aləmi də zəngindir. Bu xalçaların bədii tərtibatını rəngarəng həndəsi, nəbati, zoomorf, antropomorf elementlər (simvollar) təşkil edir. Məsələn, Azərbaycan xalçalarının digər qrupları üçün də səciyyəvi olan “buta” (“cıqqabuta”, “gülabdan buta”, “bala buta”, “hörmə buta”, “badambuta”, “şirvanbuta” və s.) elementi Şirvanda toxunan xovlu xalçalar üzərində də geniş tətbiq edilmişdir. Xalçaçıların “çölotu”, “meşəqozu”, “şükufə”, “nargülü”, “güləbətin”, “sünbül”, “ağac”, “almagülü”, “üzüm”, “meynə yarpağı”, “dəstəgül”, “günəbaxan”, “heyvagülü”, “nar”, “qoza”, “palıd yarpağı” və “zanbaq” adlandırdıqları nəbati motivlər işlənmişdir. “Pəncərə”, “dörd toxma,” “dişli pərə”, “qənddan”, “cıqqa”, “böyük xal”, “küpə”, “çarx”, “kaşı”, “damğa”, “tağalaq” (cəhrənin bir hissəsi), “dırnaqlı”, “çıraq”, “yüyrük”, “fırfıra”, “dilikli”, “sırğa”, “dəmir maşa”, “tuğ”, “toy bəzəyi”, “qayçı”, “sünbül daraq”, “çaxmaq” və s. adlandırılan simvollar əsrlər boyu ənənəvi şəkildə xalçalar üzərində öz əksini tapmışdır. Şirvanda toxucular stilizə edilmiş insan təsvirlərinə mümkün qədər geniş yer vermişlər. İnsan təsvirləri həm bütöv fiqur kimi, həm də insan əzaları (göz, əl, bığ və s.) şəklində də müşahidə olunur. Bundan əlavə, insan təsvirləri bəzən bu və ya digər bir fəaliyyət zamanı da göstərilmişdir. Məsələn, əlində dəsmal rəqs edən adamın və yaxud “yallı” gedən adamların təsvir edildiyi xalçaları nümunə göstərmək olar. Şirvan toxucularının “əl-ələ” adlandırdıqları kompozisiya çox maraqlıdır. Bu xalçalarda bir-birinin ardınca təsvir edilən kişi və qadın fiqurları “Yallı” xalq rəqsinin təsviri kimi yozulur. Bu təsvir Qobustan qaya təsvirləri ilə eyniyyət təşkil edir.
Şirvan xalçaları üzərində müxtəlif ölçülü və rəngli zoomorf elementlər müşahidə edilir. Xalçaların ara sahəsində də, haşiyə hissəsində də quzu, qoç, maral və s. elementlər həm əsas, həm də doldurucu elementlər kimi çıxış edir. Qədim dövrlərdə Azərbaycanın əksər evlərində qapının üstündən buynuzlu heyvanların (qoç, maral, çəlik) başını qurudulmuş şəkildə asırdılar. Xalq arasında bu heyvanların başı “bədnəzər” və şücaət simvolu kimi yozulur. Bu qədim məişət əşyalarının üzərində də təsadüf edilir. Qədim dövrlərdən bu günə qədər davamlı şəkildə xalçaların və məişət əşyalarının üzərində təsvir edilən dəvə elementləri çox diqqətəlayiqdir. Məlumdur ki, ovçular ova gedərkən özləri ilə şahin və it aparırdılar. Xalçalarda və digər sənət əsərlərində təsvir edilən “şahin” Şərq xalqları, o cümlədən azərbaycanlılar arasında uğur rəmzi kimi yozulur. “Ovçuluq” adlı xovlu xalçalarda və xovsuz texnika ilə toxunan şəddələrdə, stilizə olunmuş at təsvirlərinə tez-tez rast gəlinir. Şirvanın “Ovçuluq” xalçalarının yuxarı və aşağı hissələrində təsvir edilən “xoruz” elementləri kompozisiyaya orijinallıq bəxş edir. Qoşa xoruz təsvirləri xeyirlə şərin, gecə ilə gündüzün təzadı kimi yozulur. “Pərvanə”, “sarı bülbül”, “çanaqlı bağa ,“balıq”, “xoruz”, “ördək”, “pişik ayağı”, “tula”, “quzu”, “toyuq” və s. Şirvan qrupu xalçaları üçün doldurucu, tamamlayıcı xarakter daşıyan elementlərdir.
Rəng hər bir xalça üçün mühüm əhəmiyyət kəsb edən amildir. Xalçalar ilk növbədə rəng və işıq kontrastları sayəsində diqqəti cəlb edir. Şirvan qrupunun xovlu xalçalarında rənglər palitrası bir qədər fərqlidir. Bu qrupa daxil olan “Qabıstan”, “Qəbələ”, “Mərəzə”, “Şamaxı”, “Ərçiman”, “Hacıqabul”, “Kürdəmir”, “Qəşəd”, “Şilyan”, “Şirəlibəy”, “Salyan”, “Nabur” adlanan xalçaların ara sahə fonu tünd göy rəngdədir. Bəzi xalça növləri, məsələn, “Qabıstan” adlı xalçalar üçün ara sahə fonu, ya ağ və ya da tünd-göy rəngdə olur. “Qabıstan” xalçalarında ana haşiyə qırmızı, ağ, sarı və hətta ara sahə ilə analoji tünd-göy rənglərdə ola bildiyi halda, istər ara sahənin, istərsə də haşiyələrin əsas ornamentləri və doldurucu elementləri üçün ağ, oxra, qırmızı, göy, yaşıl, tünd-göy, mavi rənglərdən istifadə edilir. “Salyan”, “Nabur”, “Şilyan”, “Qəşəd”, “Kürdəmir” adlı xalçalarda ara sahə fonu üçün tünd göy rəng seçilir. “Şirəlibəy” adlı xalçaların ara sahə fonu qara, ana haşiyə fonu isə, adətən, sarı seçilir. Ara sahənin ana və bala haşiyələrinin elementlərini tamamlayan ornamental motivlər ağ, oxra, qırmızı, tünd qırmızı, yaşıl, göy və qara rəngli ola bilər. “Hacıqabul” adlı xalçalarda ara sahə fonu tünd göy, ara haşiyə fonu ağ, kiçik haşiyə fonu isə sarı rəngdədir. Əsas ornamentlər və doldurucu elementlər, eləcə də onların gəzmələri ağ, oxra, qırmızı, yaşıl, umbra, mavi, tünd göy rənglərlə işlənmişdir. “Ərçiman” adlı xalçaların da ara sahə fonu tünd göy, ara haşiyə fonu sarı rəngdə olur. Şirvan xalçalarının kiçik haşiyə, mədaxil və zəncirə elementlərində ən geniş rəng çalarından istifadə olunmuşdur.
Vidadi Muradov,
“Azər-İlmə”nin rəhbəri,
Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor
Əd.: Vidadi Muradov. “Azərbaycan xalçaları”, Bakı. Elm, 2008, 435 s.
“Azərbaycan xalçaları. Şirvan qrupu”, Bakı, Elm, 2011, 72 s.
Керимов Л. Азербайджанские ковры. В 3-х томах. Баку, 1961-1983.
Я.Я.Стрейс. Три путешествия. Рязань, “Александрия”, 2006
Адам Олеарий. Описание путешествия Голштинского посольства в Московию и Персию.
http://www.vostlit.info/Texts/rus7/Olearij/pred.phtml?id=1025
Джон Белл. Путешествия из Санкт-Петербурга в различные части Азии.
http://www.vostlit.info/Texts/rus13/Bell/text.phtml?id=135
Эвлия Челеби. Книга путешествия: (Извлечения из сочинения турецкого путешественника XVII века): Перевод и комментарии. Вып. 3: Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана / Сост. и отв. ред. А. Д. Желтяков; Примеч. и коммент. А. Желтякова, М. Залумяна и Г. Путуридзе. Институт востоковедения АН СССР. — М.: Наука. Глав. ред. вост. лит-ры, 1983. — 376 с.