11-13 əsrlərdə Şirvanda fəaliyyət göstərən elmi mərkəz. 1953 ildə Parisdə nəşr olunan elm tarixi ensiklopediyasında Şərqdə elmin inkişafına həsr olunmuş məqalədə 11 əsrdə mövcud olmuş Şirvan Elmlər Akademiyası haqqında məlumat verilir.
Məlumatdan aydın olur ki, bu akademiyada bir çox elmlər, o cümlədən, farmakologiya, tibb, astronomiya, riyaziyyat, nəzm və nəsr, fiqh və fəlsəfə, sərf və nəhv, musiqi, məntiq inkişaf etdirilirdi. Akademiya aşağıdakı quruluşa malik idi: rəyasət heyəti – rəhbər və onun poeziya və fəlsəfə üzrə iki müavini; iki elm şöbəsi – elmi-ədəb (qayda-qanun elmləri) və Darül-ülum (elm evi). Çox güman akademiyanın strukturunda hərb elmi də olmuşdur. 11-12 əsrlər akademiyanın inkişafında ən yüksək zirvəyə çatdığı dövrdür. Akademiyanın rəhbəri şəxsiyyətinin meyarının müəyyənləşdirilməsində böyük epitetlərdən istifadə edilən, yüksək ideyaların göylərinin qapısını açan, hərdən bir qələmini şeirdə sınayan, əvəzsiz şəxsiyyət Ömər Osman oğlu Kafiyəddin Şirvani idi. Öz fəaliyyəti nəticəsində o, tibbi-bioloji, astronomiya, riyaziyyat, inşaat (su qurğuları, mülki və istehsalat), nəzm və nəsr, fiqh (hüquq) və fəlsəfə, sərf və nəhv, tarix musiqi (nəzəriyyəsi və ifa qaydaları), təsvir (rəssamlıq), siyasətşünaslıq və hərbşünaslıq sahəsində elmi istiqamətləri formalaşdırmışdı.
Əd.: Mehrəliyev “Şirvan Elmlər Akademiyası”, Bakı, “Çaşıoğlu”, 2000 “La’Histoire de la Seinse”, Paris la volume II, 1953, la page 52