(19.9.1909, Şamaxı – 1991, Bakı) – Azərbaycan dilçisi, türkoloq. Filologiya e.d. (1943, namizədlik dissertasiyasına görə birbaşa), professor (1943), Azərbaycan SSR EA akademiki (1962, müxbir üzvü 1949). Azərbaycan SSR əməkdar elm xadimi (1960). Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972).
Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1957). 1931 ildə APİ-ni bitirmişdir. 1936-41 illərdə APİ-nin müəllimi, dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan dili kafedrasının müdiri, 1942-44 illərdə ADU-nun filologiya fakültəsinin dekanı, Azərbaycan dilçiliyi kafedrasının müdiri, 1945-49 illərdə universitetin prorektoru olmuşdur. 1949-51 illərdə Azərbaycan SSR EA Dilçilik İnstitutun direktoru, 1951 ildən Azərbaycan SSR EA Әdəbiyyat və Dil İnstitutunun dialektologiya şöbəsinin müdiri, 1960 ildən həmin institutunun direktoru, 1968-69 illərdə Azərbaycan SSR EA İctimai elmlər bölməsinin akademik-katibi vəzifələrində işləmişdir. 1969-87 illərdə Azərbaycan SSR EA Dilçilik İnstitutunun direktoru idi. 1987 ilin fevralından institutun elmi məsləhətçisi olmuşdur.
Şirəliyev Azərbaycan dialektologiya məktəbinin yaradıcısı və bu sahədə görkəmli mütəxəssisdir. Müasir Azərbaycan dilinin morfologiya və sintaksisinə, nitq mədəniyyəti, üslub, orfoqrafiya və orfoepiya məsələlərinə, türkologiyanın nəzəri problemlərinə dair əsərlərin, ali və orta məktəblər üçün dərsliklərin müəllifidir. “Azərbaycan dilinin qrammatikası” (h. 1-2, 1959-60), 3 cildlik “Müasir Azərbaycan dili” (1978-81) kitablarının əsas müəlliflərindən və redaktorlarındandır. Bolqarıstan hökumətinin dəvəti ilə 1953-54 illərdə Sofiya universitetində türk dilindən mühazirələr oxumuşdur, Türk Dil Qurumunun (Türkiyə) qurultaylarında (1957, 1966, 1972, Ankara), Şərqşünasların 25 Beynəlxalq konqresində (1960, Moskva) məruzələr etmiş, Varşava və Krakov universitetlərində (Polşa) mühazirələr oxumuşdur (1963). Bir sıra əsəri xarici ölkələrdə (Bolqarıstan, Polşa, Türkiyə) çap olunmuşdur. Elmi kadrlar hazırlanmasında mühüm xidməti var. 1970-87 illərdə “Sovetskaya tyurkoloqiya” jurnalının baş redaktoru idi. ASE Baş redaksiyasının üzvü olmuşdur (1976). 3 orden və medallarla təltif edilmişdir.
Əd.: ASE, X cild, Bakı, 1987, s. 545