(10.7.1835, Şamaxı – 20.5.1888, Şamaxı) – dahi Azərbaycan şairi, maarfçi, tərcüməçi. 19 yüzillikdə Azərbaycan ədəbiyyatının yeni tələblər əsasında təşəkkül tapıb inkişaf etməsində, təzə mövzu, fikir, janr, xarakter, obraz, təsvir və ifadə vasitələrilə zənginləşməsində müstəsna xidmətləri olan çox görkəmli ədəbi simalardan biridir. Heç vaxt öz fikri – bədii təravətini itirməyən zəngin yaradıcılıq irsi Azərbaycan xalqının mənəviyyat xəzinəsinin parlaq inciləri kimi bu gün də məna və əhəmiyyətini, estetik dəyərini qoruyub saxlayır.
Təkcə bunu yada salmaq yetər ki, ədəbiyyatımızın yeni intibah mərhələsi olan 19 əsrdə M.F.Axundzadənin Azərbaycan dramaturgiyası və ümumən ədəbi-ictimai, fəlsəfı fikir tarixində, Həsən bəy Zərdabinin Azərbaycan mətbuatı və publisistikası tarixində yerinə yetirdikləri taleyüklü şərəfli missiyanı həmin əsrin ortalarında poeziya sahəsində məhz o zamankı şairlərin şeyxi Hacı Seyid Əzim Şirvani yerinə yetirmişdir. Dahi Füzulidən sonrakı qəzəlin iki əlçatmaz zirvəsindən birincisi 19 əsrin ortalarında ədəbi şöhrəti Şamaxıdan bütün ətrafa yayılan S.Ə.Şirvaninin, ikincisi isə 20 əsrdə Bakıda parlamış Əliağa Vahidin şərəfli adları ilə bağlıdır. Klassik poeziyanın qabaqcıl ənənələrini böyük yaradıcılıq uğurları ilə davam etdirən, onu yeni estetik məzmun və orijinal bədii deyim formaları ilə zənginləşdirən Seyid Əzimi milli poetik təfəkkürün inkişafı tarixində xüsusi yer tutan qüdrətli bir sənətkar kimi qiymətləndirən şeir sərrafları, görkəmli tədqiqatçılar tamamilə haqlıdırlar.
Azərbaycan elmi-ictimai fikri tarixində S.Ə.Şirvani yaradıcılığının özəllikləri, məna və əhəmiyyəti ilk dəfə görkəmli alim və ədəbiyyat tənqidçisi Firidun bəy Köçərli (1863-1920) tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1903 ildə Tiflisdə nəşr olunmuş “Literatura azerbaydjanskix tatar” adlı kitabında göstərirdi ki, S.Ə.Şirvani böyük bir elm adamı kimi uzun müddət Şərq ölkələrini – Türkiyə, Ərəbistan və İranı gəzib dolaşmasına baxmayaraq, o heç bir zaman öz yaradıcılığında yad təsirlərə qapılmamış, əsərlərində orijinallığı və böyük şair müstəqilliyini həmişə qoruyub saxlamışdır. Şeirləri axıcı, ahəngdar və məlahətlidir. “İstər həyatdan, istərsə də təbiətdən alınsın, onun təsvir etdiyi lövhə öz tamlığı, düzgünlüyü və gözəlliyi ilə insanı heyrətə gətirir. Yalnız sərbəst və çox zəngin istedada malik olan şairlər həqiqəti Seyid Əzim kimi cəsarətlə yazıb deyə bilərlər”.
Atası Seyid Məhəmməd Mir Səfərzadə Şirvanın tanınınış din xadimlərindən biriydi. 1842 ildə dünyasını vaxtsız dəyişmişdi. Anası Səkinə xanımın himayəsində qalan Əzimin bu zaman altı yaşı təzəcə tamam olmuşdu. Dağıstanda yaşayan ana babası Molla Hüseyn dul qalmış qızını və nəvəsini götürüb Dağıstana, dini icmasma başçılıq etdiyi Yaqsay kəndinə aparır. O, “bala seyid”ə öz doğma övladı kimi baxır, təhsili ilə də şəxsən özü məşğul olur. Allahın oğul əta eləmədiyi Molla Hüseyn çox sevdiyi Əzimi oğlu kimi bəsləyir, təxminən on il ərzində nəvəsinə o zaman üçün yüksək səviyyədə təlim keçir. Nəvəsinin gələcəkdə uca məqamlara layiq ruhani xadim kimi yetişməsini arzulayan babası, Seyid Əzimə özünün mükəmməl bildiyi üç şərq dilinin ikisinin (Azərbaycan və fars dillərinin) əsaslarını yaxşıca öyrədir. Çoxlu vaxt və müntəzəm məşğələlər tələb edən üçüncü dili (ərəbcəni) isə Seyid Əzim babasının tövsiyəsi və xərci ilə bu dilin kamil bilicilərindən olan bir əfəndidən öyrənməyə başlayır. Qurani-Kərimi də babasının nəzarəti altında müvəffəqiyyətlə öyrənib başa çıxır, onun təfsiri və peyğəmbər hədislərinin şərhi sahəsində çox zəngin biliklərə sahib olur.
Beləliklə də bütün uşaqlıq və yeniyetməlik çağlarını məhz Molla Hüseyn kimi yüksək hazırlıqlı bir ziyalının evində və himayəsində keçirməsi, onun çox zəngin kitabxanasındakı bütün qiymətli əsərləri acgözlüklə oxuması Seyid Əzim üçün böyük bir universitet olub onun gözlərini elmi, dini, tarixi aləmə, mənəviyyat dünyasına geniş açır, bir istedadlı gənc ziyalı kimi dünyaya baxışının müəyyənləşməsində əhəmiyyətli rol oynayır.
Ruhani təhsilini tamamlamaq məqsədilə Seyid Əzim 1856 ildə İraqa yola düşür. Maddi çətinliklərlə üzləşdiyinə baxmayaraq bu ölkənin Nəcəf və Bağdad şəhərlərində, sonra isə Suriyanın Hələb və Şam (Dəməşq), İranın İsfahan, Təbriz, Ərdəbil şəhərlərində biliklərini daha da zənginləşdirir.
Müsəlman Şərqi ölkələrini gəzərkən Seyid Əzim əhalinin ağır maddi durumunun, şəhər və kəndlərdəki iqtisadi və mədəni geriliyin şahidi olur. Bu təəssüratla doğma yurda qayıdan şair dini-sxolastik elmlərin faydasızlığı qərarına gəlir…və ruhani olmaq fikrindən daşınaraq özünün bütün enerjisini xalq maarifinin tərəqqisinə, məktəbdarlığa həsr edir.
30 may 1859 ildə Şamaxıda baş verən zəlzələdən ən çox zərər çəkən ailələrdən biri Seyid Əzimin ailəsi olur. Onun Dağıstandan qayıdandan sonra güc-bəla ilə təmir edib sahmanladığı evi-eşiyi, həyət-bacası dağılmış, ailəsi ciddi maddi məhrumiyyətlərlə üz-üzə qalmışdı. Tərəqqipərvər ziyalılardan birinə göndərdiyi mənzum məktubda şair acı-acı etiraf edirdi ki,
Evimiz bir-iki-üç həftə çörəksiz qaldı,
Gah bişirdik noxudu, gah yedik lobyanı.
Qanını şişəyə tutdu fələk ol tifillərin,
Ac qalıb qaçdı uşaqlar dodağından qanı.
Gecələr nəql dedim körpə uşaqlarım üçün,
Nisyə sözdən nə bitər, çeynədilər yorğanı…
Bu cür dağıdıcı zəlzələyə məruz qalanlara çox cüzi yardımla kifayətlənən hökumət öz siyasi idarəetmə işlərini yoluna qoymaq üçün quberniya mərkəzini Şamaxıdan Bakıya köçürməklə kifayətlənmiş, bu isə şamaxılıları “gözdən uzaq, könüldən iraq” vəziyyətinə gətirib çıxarmış, onların onsuz da ağır olan maddi vəziyyətini daha da pisləşdirmişdi.
1869 ildə ruhanilik fəaliyyətindən əl çəkən Seyid Əzim Şamaxı şəhərində bir məktəb açıb burada dərs deməyə başlayır. Bu, “Üsuli-cədid” adı ilə Azərbaycanın təhsil tarixinə daxil olmuş həmin məşhur təhsil ocağıdır ki, şagirdləri arasında M.Ə.Sabir kimi 20 əsrin böyük Azərbaycan satirik şairi də olmuşdur. Seyid Əzimin məktəbində Azərbaycan, fars, rus dilləri, hesab, tarix, coğrafiya və digər fənlər keçilir, o zamanın mollaxanalarından fərqli olaraq tədris və təlimin yeni, mütərəqqi üsullarından istifadə edilirdi. Mənbələrdən aydın olur ki, Seyid Əzim özü təkbaşına təhsil yolu ilə ruscanı da öyrənmiş, bu dildə oxuyub yazmağı bacarmışdır. Böyük şair A.S.Puşkinin şəninə ana dilində şeir yazmış, onun bəzi əsərlərini fars dilinə tərcümə etmişdir.
Görkəmli ədib və peşəkar ədəbiyyat tənqidçimiz Seyid Hüseynin (1887-1938) yazdığına görə, “Seyid Əzimin tədris etdiyi “Üsuli-cədid” məktəbi o dövrün ən çox yayılmış tədris ocağı olan mollaxanalardan təlimin məzmununa görə əsaslı surətdə fərqlənirdi. “Məktəb bir dərs otağından ibarət olsa da uşaqlar iki diz üstündə deyil, xüsusi surətdə düzəltdirilmiş skamyalarda otururdular. Əlavə olaraq dərs odasında qara taxta bulunurdu ki, bəzi yazılar orada yazılıb uşaqlara izah edilirdi. Eyni zamanda hər saatda (bir dəfə) 10-15 dəqiqəlik tənəffüs elan edilir, uşaqlar küçəyə buraxılırdı”.
“Üsuli-cədid” məktəbinin işi sahmana düşəndən sonra Seyid Əzimin və ailəsinin güzəranı müəyyən dərəcədə yoluna qoyulur. Yalnız bundan sonra mütəvazi də olsa, sabit məvaciblə təmin edilən həyat tərzi onun ailəsinə də nəsib olur.
1875 ildən Seyid Əzim Şamaxıdakı yarı mülki, yarı ruhani məktəbdə Azərbaycan və fars dilləri müəllimi kimi çalışır, iki ildən sonra həmin təhsil ocağının müdirliyi də ictimai əsaslarla ona həvalə olunur. Xalqın balalarına təhsil verməyi vətəndaş ziyalı kimi öz amalına çevirmiş şair bu məccani vəzifənin də öhdəsindən uğurla gəlir. Filologiya elmləri doktoru Sadıq Hüseynov “S.Ə.Şirvaninin yaradıcılıq yolu” (1977) adlı monoqrafıyasında bu barədə maraqlı sənədlərə əsaslanmışdır. Bu rəsmi sənədlərdən məlum olur ki, sözü gedən məktəb məhz Seyid Əzimin səyi ilə fəaliyyət göstərmiş, Şərq-ərəb, fars və türk dillərini kamil bilməsi, fanatizmdən tamamilə uzaq olması sayəsində o, təqdirə layiq bir iş görmüşdür. “Məktəb yaratmaq, müsəlman həmvətənlərinə Quran və ana dili ilə yanaşı rus dili və hesab fənlərini də öyrətmək burada…nadir hadisədir… Hacı Seyid Əzim heç yerdən heç bir yardım almır.”
Öz şeirlərilə artıq yalnız doğma şəhərində deyil, bütün Azərbaycanda və ölkəmizə yaxın bəzi diyarlarda nüfuzlu şair kimi tanınan S.Ə.Şirvani doğma şəhərində bütün Şamaxı şairlərini birləşdirən “Beyt üs-səfa” adlı o dövrün çox məşhur və nüfuzlu ədəbi məclisini təşkil edir.
“Beyt üs-səfa” Seyid Əzimin böyük yaradıcılıq, təşkilatçılıq səylərinin yetirməsi, şairin həqiqi iftixar mənbəyi idi. Şirvanın istedadlı gənc şairləri bu məclisin müntəzəm keçirilən yığıncaqlarında öz yazılarını oxuyur, müzakirələr zamanı deyilən əyər-əsgiyini düzəldib təkmilləşdirirdilər. Burada Nəsimi, Xətai, Füzuli kimi klassiklərin nadir poeziya inciləri oxunub şərh edilir, Seyid Əzimin təfsirində bu əsərlərin sənətkarlıq sirləri açılır, yaşından, təcrübəsindən asılı olmayaraq bütün məclis üzvləri tərəfındən sənət etalonu kimi qəbul edilirdi. Seyid Əzim özünün təravətli şeirlərilə onları söz üzərində məhz klassiklər kimi işləməyə, təqliddən qaçıb orijinal əsərlər yazmağa ruhlandırırdı. Şairin çox əziz və doğma “Beyt üs-səfa”ya ən azı iki şeir həsr etdiyi məlumdur. Hər iki əsər mənzum məktub kimi düşünülmüş və məzmunundan məlum olur ki, şairin uzun müddətli səfərləri zamanı Şirvandan uzaqlarda yazılmışdır.
Şirvanə səni eylərəm, ey namə, rəvanə,
Dön abi-rəvanə.
1875 ildə Bakıda “Əkinçi”inin timsalında Azərbaycan dilində ilk qəzetin fəaliyyətə başlaması S.Ə.Şirvaninin mənəvi həyatında yeni mərhələnin başlanğıcını qoydu, onun yaradıcılığındakı vətəndaşlıq məzmununa bir təravət gətirdi. Görkəmli alim, yorulmaz vətəndaş Həsən bəy Zərdabinin (1842-1907) xalqı orta əsr qəflətindən oyanmağa çağıran hayqırtılarına səs verən şair özünün şeir, məqalə və xəbərləri ilə qəzetin qarşıya qoyduğu böyük tarixi məqsədinə çatması yolunda əlindən gələni əsirgəmir, fəaliyyətini çox yüksək qiymətləndirdiyi redaktoru Həsən Qara Hadi və kapitan Sultanov kimi bəzi mürtəce müəlliflərin nadan hücumlarından cəsarətlə müdafiə edir, “Əkinçi”nin Şamaxıda yayılmasına, abünəçilərinin sayının artmasına kömək üçün əlindən gələni əsirgəmirdi. Şair “Ziya”, “Kəşkül” mətbuat orqanları ilə də əməkdaşlıq etmiş, onların da səhifələrində bəzi məktub və şeirlərini nəşr etdirmişdir.
S.Ə.Şirvani öz şərəfli müəllimlik və maarifçilik vəzifəsinin ayrılmaz tərkib hissəsi kimi Azərbaycan balaları üçün dərslik yazmaqla da məşğul olmuş, “Rəbiül-ətfal” (Uşaqların baharı) və “Şəriət” əsərlərini tamamlamışdı.
S.Ə.Şirvaninin uzun illər davam edən müəllimlik fəaliyyətini, xalq maarifinin inkişafı sahəsində göstərdiyi böyük xidmətlərini nəzərə alan Qafqaz Canişinliyi 1888 ildə onun “Za userdiye” (Səyinə görə) adlı gümüş medalla təltif olunması barədə məsələ qaldırmışdı. O zaman xalq maarifi sahəsində çalışanlar üçün böyük təltif hesab olunan həmin medalı aldıqdan 10 gün sonra, may ayının 20-də böyük şair və yorulmaz müəllim dünyasını dəyişmişdi.
Yaxın dostları, qohumları, istedadını yüksək qiymətləndirən şeirsevənlər
Mən öləndə Şahxəndanda basdırın,
Çünki onun şahidi-xəndan var.
beytindəki vəsiyyətini nəzərə alaraq S.Ə.Şirvanini Şamaxının Şahxəndan qəbiristanlığında dəfn etmişlər.
Vaxtilə Gəncədə Nizaminin məzarını ziyarəti zamanı onun ruhu ilə həsb-hal edən Seyid Əzim yaxşı bilirdi ki, özünün də gələcək məzarı zamanın sərt küləklərinə, qar-yağış, dolu döyəcləmələrinə dözməyib bir vaxt dağılacaq, yerlə yeksan olacaqdır. Lakin o heç xəyalına da gətirmirdi ki, şairin mənəviyyat tariximizdəki mövqeyini, poetik irsinin məna və əhəmiyyətini yüksək qiymətləndirən şamaxılılar, onların müstəqil Azərbaycan Respublikasının Milli Məclisindəki təmsilçisi, qeyrətli xeyriyyəçi ziyalımız cənab Elxan Süleymanov həmin məzarın dadına çatacaq, əvvəlki pərişan vəziyyəti ilə müqayisəyə gəlməyəcək dərəcədə yüksək səviyyədə bərpa edəcək, tamamilə yenidən quracaqlar. İndi şairin məzarı başında onun bütöv ağ mərmərdən yonulmuş möhtəşəm abidəsi ucalır. Abidənin önündəki zil qara qranit sənduqəyə Seyid Əzimin artıq dillər əzbəri olmuş bu beyti qızılı hərflərlə həkk edilmişdir:
Mövti-cismanım ilə sanma mənim ölməyimi,
Seyyida, ölmərəm, aləmdə səsim var mənim!
Yaxın ətrafdakı bütün məzarlarda da sahmanlama işləri görülmüş, Şahxəndan qəbiristanlığının hasarları təzələnmiş, onun yeni giriş qapısından şairin abidəsinə gedən yol boyu xüsusi zövq və səliqə ilə əlvan güllər, çiçəklər əkilmişdir. 2011 il mayın 21-də Seyid Əzim Şirvaninin qəbirüstü abidəsinin təntənəli açılış mərasimi olmuşdur.
Əd.: ASE, VIII cild, Bakı,1984, s.326
B.Nəbiyev “Şamaxı torpağının yetirdiyi böyük Azərbaycan şairləri”, Bakı, “Ozan”, 2012 s.86-132
S.Ə.Şirvani Əsərləri, üç cilddə müxtəlif nəşrlər.