Azərbaycanın qədim yaşayış məskənlərindən olan Şamaxının tarixşünaslığı xüsusi tədqiqat obyekti olaraq hələ tam şəkildə işlənməmişdir. Şamaxı haqqında antik dövr, ərəb, fars, türk, gürcü, rus və Avropa müəllifləri ara-sıra öz fikirlərini bildirmiş, mülahizələrini söyləmişlər. Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar vaxtı antik dövrdə mövcud olmuş şəhər tipli məskənlər sırasında Şamaxı da vardır. Əsrlər ötdükcə kiçik bir qəsəbədən şəhərə çevrilən “Şamaxı” sözünün etimologiyası haqqında müəyyən fikirlər vardır. Tarixdə Şamaxının adını ilk dəfə çəkən yunan coğrafiyaşünası Ptolomey (2 əsr) öz “Coğrafi təlimnamə” adlı əsərində bu yerin adını “Samaxeya” və ya “Kemaxeya” kimi çəkir. Ərəb mənbələrində “əş-Şəmaxiyyə” kimi qeyd edilən “Şamaxı” sözünün mənası haqqında müxtəlif mülahizələr mövcuddur. Şəhərin adının tayfa adı ilə bağlı olması haqqında fikir daha inandırıcıdır.
“Şamaxı”nın məna açılımı barədə A. Bakıxanov yazır: “Şamaxı şəhəri “Kamaxı” və ya “Ksemaxı” olmuşdir.
İran alimi Məhəmməd Moinin “Fərhəngi-farsi” adlı izahlı lüğətində isə qeyd edir: “Şamaxı – yəni Şəmaxa, yaxud Şəmaxiyyə”. Qafqaziyyədə sabiqdə Şirvanşahların əyalət mərkəzi olmuşdir”.
Şamaxının salındığı tarix də dəqiq məlum deyil. Arxeoloji qazıntılar nəticəsində e.ə. 5-4 əsrlərə aid şəhər həyatına xas maddi-mədəniyyət qalıqları aşkar edilmişdir.
Əldə edilən Roma və Arşaki sikkələri, habelə Makedoniyalı İsgəndərin sikkələrinə oxşadılmış dirhəmlər qədim Şamaxının hələ antik dövrdə Şərq və Qərb ölkələri ilə iqtisadi əlaqədə olduğunu göstərir.
V. Minorski “Şirvan və Dərbəndin tarixi” əsərində Şirvanşahların dörd sülaləsini ayırd edir: 1. Sasanilərin dağ keçidlərini mühafizə üçün təyin etdikləri qədim Şirvanşahlar; 2. Məzyədi ərəblər; 3. Kəsranilər; 4. Üçüncü sülalənin bir qolu olan Dərbənd Şirvanşahları”. Qeyd olunmalıdır ki, hər dörd sülalənin dövlət paytaxtı Şamaxı şəhəri olmuşdur.
Şirvanşahlar dövlətinin Səfəvi hakimiyyətinə tabe etdirilməsindən (1538) sonra da Şamaxı mühüm ticarət və mədəniyyət mərkəzi olaraq öz şəhər fəaliyyətini davam etdirirdi.
Şamaxının şimali Azərbaycanın əsas şəhərlərindən biri olmaqla sonrakı əsrlərdəki (17-21) mövqeyinə isə onlarla mənbə və tarixşünaslıq xarakterli əsərlərdə toxunulmuşdur. Son 30-40 ildə çapdan çıxmış bir sıra “Azərbaycan tarixi” kitablarında və ensiklopedik nəşrlərdə, təbii ki, Şamaxı mövzusu müəyyən qədər işıqlandırılmışdır.
Görkəmli tədqiqatçı, AMEA-nın müxbir üzvü İlyas Babayevin e.ə. 4 əsrdən başlamış miladın 3 əsrinədək Qafqaz Albaniyasının şəhərlərinə həsr etdiyi monoqrafiyasında Şamaxı ərazisində qədim yaşayış məskənlərinin çox olması fikri göstərilir və Şamaxının antik dövrdən tanındığı nəzərə çatdırılır. Qeyd olunur ki, qədim Şamaxı ərazisində aparılan qazıntılar zamanı vaxtı ilə orada mövcud olmuş kiçik yaşayış evləri ilə yanaşı böyük binaların da olduğu aşkar edilmişdir. Müəllif küp qəbirlər məsələsinə də toxunaraq Albaniya ərazisində, o cümlədən Şamaxıda da həmin qəbirlərin mövcudluğunu göstərir. Məlum olur ki, ərazidə keçən əsrin ortalarında (1958) ellin dövrünə aid iki xəzinə üzə çıxarılmışdır ki, onların birində 300 ədəd gümüş pul tapılmışdır.
Akademik Ziya Bünyadovun fikrincə Arrandakı (Şirvan – Ş.F.) sikkəxanalar Bərdə, Dərbənd və Şamaxı (Yəzidiyyə) şəhərlərindəydi. Siyasi tarix məsələlərini diqqətlə araşdıran müəllif, Harun ər-Rəşidin xəlifəliyi vaxtı onun tərəfindən Azərbaycana, Şirvana və Babül-Əbvaba sərkərdə Yəzid ibn Məzyədin birinci rəsmi məlik təyin olunduğunu qeyd edir. Z. Bünyadov “Gülistani-İrəm” əsərinin bir məlumatına tənqidi yanaşaraq yazır: “ A. Bakıxanov Şirvanşah Məzyədilərin ərəb sülaləsi olduğunu bilmədiyi üçün Şirvanşahların Sasani sərkərdəsi Bəhram Çubinin nəslindən olduqlarını bildirir”.
Akademik Nailə Vəlixanlı ərəb coğrafiyaşünasları tərəfindən (İstəxri, ibn Həvqal, Müqəddəsi, Yaqub) Arranın əsas sərhədyanı şəhərlərindən olan əl-Bab və əl-Əbvab, yəni müasir Dərbənd işıqlandırırılarkən, bu şəhərlə Bərdə arasında yerləşən Bərzənc, Şəmaxiyyə, Şirvan, əl-Abxaz, Cisr və Samirə adlı şəhərlərin də olduğunu nəzərə çatdırıldığını qeyd edir.
Müəllifin başqa kitabında isə yazılır: Ərəblərin hücumla gələn 12 minlik ön dəstəsinə başçılıq edən Salman ibn Rəbiənin əsgərləri 7 əsrin ortalarında (644-653 illərdə) “qədim şəhər olan …Şəmkiri ələ keçirdikdən sonra Kürün sol sahilindəki şəhər və kəndləri tutur, Qəbələnin, Şəkinin, Kambisiananın, Şirvanın (Şamaxının – Ş.F.), Şabranın, Məsqətin, Lakzın, Təbərsaranın, yenidən əl-Babın /Dərbəndin – N.V./ və başqa yerlərin hakimləri ilə müqavilə bağlayırlar”.
Şamaxı ilə bağlı tarixşünaslıqda bir məsələnin dəqiq həll olunması zərurətdir: Şirvan və Şamaxı istilahları. Bəzi əsərlərdə hər iki toponim eyni məkanı, bəzilərində isə iki müxtəlif yer adını daşıyır. “Şamaxı xanlığı” monoqrafiyasının müəllfi Nailə Bayramova da bu haqda düşünmüşdür: “Əldə olunan yeni arxiv materialları, Şamaxı xanlığının yaranmasında, xanlığın iki adla – Şamaxı, yaxid Şirvan adlandırılmasında, elmi boşluğun aradan qaldırılmasının əhəmiyyətini zaman müstəvisində daha da artırır. Şamaxı xanlığının uzun müddət tarixşünaslıqda “Şirvan xanlığı” adlandırılması da həllini gözləyən problemlərdəndir”. Elə N. Vəlixanlının “Ərəb xilafəti və Azərbaycan” kitabında da Şamaxı və Şirvan istilahlarının hər ikisi bəzən şəhər mənasında işlənmişdir: “Azərbaycanın ərəblər tərəfindən işğalı haqqında məlumat verən mənbələr işğal dövrü üçün onlarla şəhər, qala və yaşayış yerlərinin adlarını çəkirlər. Bu şəhərlər içərisində cənubda Marağa, Məyanic /Miynə – N.V./, Ərdəbil, şimalda isə Bərdə, Beyləqan, Bərdic, Şəki, Şəmkir (Şəmkur – N.V.), Qəbələ, Şamaxı, Şabran, Şirvan və onlarla başqalarının adları vardır”.
Coğrafiyaşünas əl-Müqəddəsi tərəfindən Şamaxı “Şirvan ölkəsinin baş şəhəri” adlandırılır.
AMEA-nın müxbir üzvü Şahin Mustafayev “Səlcuqilərdən Osmanlılara: 11-15 yüzilliklərdə türk mühitində etno-siyasi prosesler” əsərində V.Minorski və S. Aşurbəyliyə əsaslanaraq, 11 yüzilliyin birinci yarısında Yaxın Şərqdə vəziyyətin gərgin olduğunu, İran, Azərbaycan, İraq, Suriya və Anadoluya axın edən oğuz-türkmənlərin “heç də hamısının” həmin dövrdə hələ səlcuq hakimiyyətinə tabe olmadıqlarını açıqlayır: “Məsələn V. Minorski hələ 968 ildə cənub tərəfdən Şirvan ərazisinə bir neçə güclü oğuz hücumlarının baş verdiyini yazır. Eyni müəllifə görə Şivanşah Qubad 1045 ildə oğuzların qorxusundan öz paytaxtı Yəzidiyyə şəhərinin ətrafında dəmir qapılı daş divar tikdirməyə məcbur olmuşdu”.
Oğuz-türkmən bəylərinin Şirvana yeni axınları haqqında Ş. Mustafayevin apardığı araşdırma da diqqətəlayiqdir: Mənbələr Qaratəkinin başçılığı ilə oğuz-türkmənlərin 1066 ildə hücumu barədə xəbər verirlər və Şirvanşah I Fəribürzün böyük bac ödəyərək, onların ölkədən çəkilmələrini təmin etdiyini bildirir. Ancaq sərbəst şəkildə hərəkət edən bu türkmən bəylərinin Şirvana hərbi yürüşləri burada sülalə nümayəndələri arasında ortaya çıxan daxili çəkişmələr və yardım üçün türkmənlərin dəvət olunması səbəbi ilə də baş verirdi. Belə ki, Qaratəkin qısa bir müddət sonra ikinci dəfə Şirvana hücumu zamanı onu Şirvanşah Fəribürzün əmisi Məmlan b. Yəzid b. Məhəmməd müşayiət etmişdi. Bu dəfə oğuz-türkmənlər ölkənin paytaxtı Yəzidiyyə (Şamaxı) şəhərini mühasirəyə almış, buradan Bakıya yönəlmişdilər. Mənbələr onların Şabran və Məskətə qədər bütün yerləri ələ keçirdikləri barədə xəbər verirlər. Belə vəziyyətdə Şirvanşah məşhur səlcuq sərkərdəsi Hacib Savtəkindən yardım istəmişdi. Səlcuq qoşunlarının Şirvana hərəkətindən sonra Qaratəkin böyük bir qənimətlə Kür çayını keçib ölkəni tərk etməli olmuşdu”. Ş. Mustafayev sözünə davam edir: “Bununla belə, oğuz-türkmənlərin Şirvana axınları artır və onlar artıq bu ərazidə məskunlaşmağa başlayırlar. Bir tərəfdən, Dərbənd qapısından keçərək Şəki, Şirvan və Arana daxil olan qeyri-müsəlman türk tayfalarının hücumları, digər tərəfdən gürcülərin qərbdən başladıqları istila hərəkatları I Fəribürzü olduqca ağır vəziyyətə salmışdı. Şəkinin 1067 ildə Abxaz çarı Baqrat tərəfindən zəbt edilib Kaxetiya çarı Qakikin oğlu Əxsərtana verilməsi və sonra xristian gürcülərin Bərdəyə hücum edib şəhəri tutmaları, şirvanşahı öz dindaşları olan müsəlman oğuzların köməyinə əl atmağa vadar etmişdi. I Fəribürzün dəvəti ilə Qaratəkin və Qaymaz bəylər türkmən süvariləri ilə Şirvanın yardımına gəlmişdilər. Qaratəkin şirvanşahın qızı ilə evlənib öz adamları ilə Yəzidiyyə şəhərində məskunlaşmışdı”.
AMEA-nın müxbir üzvü Məşədixanım Nemət Azərbaycanın epiqrafik abidələrini araşdırarkən bir sıra dini-fəlsəfi fikir nümayəndələrinə, mavzoley və qəbirlərdə uyuyan məşhur şəxslərə diqqət yetirməyi də unutmur: “Sufi ordeni Qələndəriyyənin əsasını qoyan şəxslərdən biri olan Şeyx Pir Hüseyn Şirvani (1071-72 ildə vəfat etmişdir) olduqca məşhur adam idi və Azərbaycanın dini-fəlsəfi fikrinin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdi. Onun xanəgahı Şirvan paytaxtını İranla və başqa Yaxın Şərq ölkələri ilə birləşdirən köhnə Şamaxı-Salyan yolundadır”.
M. Nemət Şirvanşah Fəribürz tərəfindən 1244 ildə tikilmiş Pir Hüseyn xənəgahına, Şamaxının Göylər kəndindəki Şeyx əl-İmam Tahir Tacəl-Xuda mavzoleyinə, yenə Şamaxının Dədəgünəş kəndində inşa olunmuş ”Dədəgünəş piri”ndəki Şeyx Məhəmməd ibn Şeyx Dədə Qulunun qəbrinə də diqqəti yönəldir. Müəllif müəyyən edir ki, adı çəkilən Dədəgünəş şair Xaqaninin sakini imiş və Məlhəm kəndində yaşayan məşhur həkim olmuşdur.
Azərbaycan tarixinin monqol dövrünün araşdırıcısı professor Vaqif Piriyev də həmin dövrdəki Şamaxı ilə bağlı araşdırmalar aparmışdır. Tarixşünaslıq baxımından onun iki kitabı önəmlidir. V. Piriyevin istifadə etdiyi mənbələrdə Şamaxı və Şirvan ayrıca olaraq biri şəhər (qala), ikincisi isə vilayət (dövlət) kimi göstərilmişdir. Məsələn, Zəkəriyyə Qəzvininin 1275 ildə tamamladığı “Asar əl-bilad və əxbar əl-ibad” (“Ölkədəki abidələr və Allah bəndələri haqqında xəbərlər”) adlı coğrafi əsərində də Azərbaycanın Gəncə, Təbriz, Şamaxı, Dərbənd, Bakı, Bərdə, Varsan, Beyləqan, Mərənd, Ərdəbil, Marağa, Salmas, Urmiya, Şiz, Xuveyy şəhərləri, Ruyendaz, Buqurd (Baykar) qalaları, Arran, Muğan, Şirvan, Bəzz vilayətləri, dağları, gölləri, çayları barədə məlumat vardır. V. Piriyevin istinad etdiyi mənbələrin biri də Yaqut Həməvi adlı ərəb müəllifidir ki, yazır: “Şamaxı abad şəhərdir. Şirvanın paytaxtıdır. Arran sərhədində yerləşib və Dərbəndin əyalətlərindən biri hesab edilir. Şamaxı hakimi şirvanşah Dərbənd hakiminin qardaşıdır”. Zənnimizcə, V. Piriyev bu cümləni bir qədər izah etsəydi daha elmi və əhatəli alınardı. Necə yəni “Şirvanın paytaxtı Dərbəndin əyalətlərindən biridir? Axı o zaman Dərbəndin özü də Şirvanın əyaləti deyildimi?”
V. Piriyev habelə ibn əl-Əsir kimi məşhur ərəb müəllifinə əsaslanaraq təkcə Şamaxı barədə deyil, həmçinin şamaxılılar haqqında da məlumat verir: “Monqol sərkərdələri Cəbə və Sabutay Gürcüstandan qayıdıb Şirvana soxuldular. Şirvanşah qalaların birinə çəkilməli oldu. Şamaxı əhalisi düşmənə qəti müqavimət göstərməyi qərara aldı. Monqollar mühasirə nərdivanlarından istifadə etsələr də, şəhərə daxil ola bilmədilər. Onlar cəmdəklərdən qalalar düzəldərək üzərinə çıxıb şəhərə od vurmağa başladılar. Lakin bu üsul da şəhərin mərd müdafiəçilərini qorxutmadı. Onlar qəhrəmancasına ölməyi düşmənə əsir düşməkdən üstün tutdular… “əhali qılınca sarılmaq lazımdır, bizə qılıncdan qurtuluş yoxdur, səbr etmək və şərəflə ölmək hər şeydən yaxşıdır” deyərək düşmənə ciddi müqavimət göstərirdi. Mübarizə üç gün davam etdi, lakin sayca üstün olan monqollar şəhəri tuta bildilər. İbn əl-Əsirin dili ilə desək, şəhərdə əhalinin kökü kəsildi”.
Ərəb xilafətinin ağalığı dövründə Azərbaycan ərazisi 5 hissəyə – Azərbaycan, Arran, Muğan, Şirvan və Şəki mahallarına bölünmüşdü. İri şəhərlər sırasına Marağa, Ərdəbil, Bərdə, Təbriz, Bakı, Şamaxı, Şabran, Dərbənd, Qəbələ, Şəki, Gəncə, Şəmkir, Beyləqan, Naxçıvan. Xoy, Salmas, Urmiya, Uşniya, Zəncan, Mərənd, Sərab və s. daxil idi.
Eldənizlər dövlətinin də əsas şəhərləri sırasına Təbriz, Naxçıvan, Marağa və s. ilə yanaşı Şamaxı şəhəri də daxil idi.
Monqol hakimiyyətinin süqutundan sonrakı Cəlairilər (1359-1410), Qaraqoyunlular (1410-1468), Ağqoyunlular (1468-1501) dövlətlərində də Şamaxı mühüm Azərbaycan şəhərlərindən olmuşdur. Səfəvilər dövründə isə (1501-1736) vəziyyət dəyişildi və Azərbaycanda yeni inzibati ərazi bölgüsü aparıldı, Şamaxı şəhəri Şirvan bəylərbəyliyinin paytaxtı oldu. Demək Şamaxı artıq dövlətin yox, bəylərbəyliyin mərkəzinə çevrildi. Çox keçmədi ki, Səfəvi dövləti də süquta uğradı və bəylərbəylik xanlıqla əvəz olundu. Şamaxı xanlığının (1748-1820) əvvəlində paytaxt bir müddət Ağsu /Yeni Şamaxı/ və sonra Şamaxı şəhəri oldu. V. Piriyevin araşdırmasına görə bu xanlıq 1820 ildə Rusiyanın nüfuzu altına düşmüş və 1820 ildə çar fərmanına əsasən ləğv edilmişdir. 19 əsrin ortalarında çar Rusiyasında müəyyən islahatlar keçirildi, komendant idarəçiliyi ləğv edildi, quberniyalar və mahallar əvəzinə qəzalar yaradıldı. 1841 ilin yanvar ayının 1-də təsis edilmiş Kaspi vilayətinə (mərkəzi Şamaxı şəhəri olmaqla) Şimali Azərbaycan torpaqlarının əksəriyyəti daxil olundu. Onun tərkibinə 7 qəza – Şamaxı, Şuşa, Nuxa, Lənkəran, Bakı, Dərbənd və Quba qəzaları daxil idi. Çox keçmədi ki, yeni quberniyalar yaradıldı və Şamaxı qəzası 1846 ildən Şamaxı, 1859 ildən Bakı quberniyasına daxil olmuşdur.
1917 ilin fevral burjua inqilabından sonra Cənubi Qafqazda vəziyyət dəyişir, Tiflisdə qanunvericilik orqanı sayılan Zaqafqaziya seymi fəaliyyətə başlayır (23.II.1918). İki ay sonra Zaqafqaziya Federtiv Respublikası elan olunur və Azərbaycandan onun tərkibinə 5 nümayəndə daxil edilir. Daha bir ay sonra seymin səbatsızlığını görən Gürcüstan onun tərkibindən çıxır. Mayın 27-də seymdəki Azərbaycan fraksiyası fövqəladə iclas keçirib Milli Şura yaradır və bir gün sonra Azərbaycanın dövlət müstəqilliyinin elan olunması barədə qərar qəbul edir. Bununla da Azərbaycan Cümhuriyyəti fəaliyyətə başlayır. Bu Cümhuriyyət fəaliyyət göstərdiyi dövrdə ölkə ərazisinin bütövlüyünü mühafizə edə bildi, onu yad ünsürlərdən təmizlədi, yeni quberniyalar yaratdı ki, Şamaxı qəzası Bakı quberniyasının tərkibinə daxil edildi.
20 əsrin 20 illərinin sonunda inzibati ərazi bölgüsü baxımından dəyişikliklər aparıldı və rayonlaşma sistemi həyata keçirildi. Şamaxı hazırda müstəqil Azərbaycan Respublikasının əsas rayonlarından biri sayılır.
Tarixşünas alimlər sırasında AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin də xüsusi yeri vardır. Onun da əsərlərində başqa şəhərlərimizlə yanaşı, Şamaxı tarixinə dair (16 əsr) mənbələrdən əxz etdiyi məlumatlar vardır. 1500 ildə Gülüstan qalası yaxınlığında İsmayıl Səfəvinin Şirvanşah Fərrux Yasarla cəngi, şirvanşahın öldürülməsi və İsmayılın Şamaxıya qayıdıb şəhər əyanları ilə görüşü, 1509 ildə Şah İsmayılın Şirvana yeni yürüşündən sonra Şamaxıdan Bakıya yollanması, 1547 ildə Şah Təhmasibin Gürcüstan yürüşündən qayıdaraq Şirvana gəlməsi və Şamaxıya qoşun yollaması, yenə həmin ildə şirvanşahlar nəslindən olan Bürhanın Qaytaqdan yollanıb Şamaxını ələ keçirməsi, 1578 ildə baş verən yürüşdən sonra osmanlıların Azərbaycanda iki vilayət (Şamaxı və Dərbənd) yaratmaları və başqa əlaqədar hadisələrin şərhindən sonra O. Əfəndiyev kitabının “16 əsr Azərbaycan şəhərləri” hissəsində, təbii ki, Şamaxı haqqında da məlumat verir: “Şirvanın səfəvilər tərəfindən tutulmasından sonra Şamaxı Şirvan bəylərbəyiliyinin mərkəzi oldu… 16 əsrdə Zaqafqaziyada ipək istehsalı və ticarəti Şamaxıda mərkəzləşmişdi… Şamaxıda rusların, hindlilərin, türklərin, fars və başqalarının qaldıqları karvansaralar vardı…”.
Professor Mikayıl Heydərovun “13-17 əsrlərdə Azərbaycan şəhərlərində sosial-iqtisadi münasibət və sənətkarlıq təşkilatları” və “Son orta əsrlərdə Azərbaycanın ticarəti və ticarət əlaqələri” adında iki diqqətəlayiq monoqrafik əsərində də, qoyulan məsələlərlə bağlı Şamaxı haqqında müəyyən məlumat az deyildir. Müəllif Şamaxının karvansarayları (“Korneli de Bryuin yazır ki, Şamaxı karvansarasının birinin təkcə birinci mərtəbəsində 40 otaq vardı”), pambıq tarlaları (“böyük ticarət-sənətkarlıq mərkəzlərinin yaxınlığında, əsasən Təbriz, Naxçıvan, Gəncə, Şamaxı, Mərənd və Marağa kimi yerlərdə böyük torpaq sahələrində pambıq əkilirdi”), toxuculuq məmulatı ilə ticarəti (“Təbriz, Ərdəbil və Şamaxıda toxuculuq məhsulları ilə qızğın ticarət gedirdi”), iqtisadi əlaqələri (“Şamaxı…Azərbaycanın demək olar ki, bütün əsas vilayət və şəhərləri ilə – Təbriz, Ərdəbil, Naxçıvan, Gəncə, Bakı və s. ilə iqtisadi əlaqə saxlayırdı”), Şamaxı tacirləri (“bütün əsr boyu Rusiyanın müxtəlif şəhərlərində Şamaxı, Gəncə, Bakı, Əylis və Azərbaycanın başqa şəhərlərinin tacirlərini görmək olurdu”), gömrükxanası (“ticarətin ümumi həcmi göstərir ki, ən böyük şəhər gömrük məntəqələri Təbrizdə, Ərdəbildə və Şamaxıda idi”) haqqında maraqlı məlumatlar verir.
M. Heydərov Şamaxının sənətkarlıq təşkilatları haqqında (dəmirçilər, papaqçılar, çörək bişirənlər, yəhər tikənlər, toxucular və s.), onun məhəllələri (misgərlər), pambıq parça istehsalı (sadə pambıq parçalar), örtülü bazarı (çoxsaylı dükanları olan) barədə də məlumat verməyi unutmur.
T.H. Nəcəfli “Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri” (Bakı, 2012) monoqrafiyasında Qaraqoyunlu hökmdarı Qara Yusiflə Şirvanşah İbrahimin münasibətlərinə xüsusi diqqət vermiş, qaraqoyunluların Kür sahilində 1412 ilin dekabrında əldə etdiyi qələbədən sonra Şamaxını ələ keçirmələrinə aydınlıq gətirmişdir.
Bu müəllifin “Səfəvi-Osmanlı münasibətləri” (Bakı, 2014) kitabında 1578-1580 illər Səfəvi-Osmanlı müharibəsi zamanı Osmanlı ordusunun Şamaxını ələ keçirməsi, Şamaxı uğrunda Səfəvi ordusunun apardığı mübarizə, Mollahəsən döyüşündə mühüm qələbə qazanaraq Osmanlı ordusunu Dərbəndə sıxışdırması hadisəsi ətraflı şərh olunmuşdur.
Görkəmli tarixçi Həsi Abdullayevin böyük həcmli və son dərəcə faydalı kitabında tarixi şəhər və Şamaxı xanlığının ticari-iqtisadi mərkəzi olan Şamaxı haqqında (köhnə və yeni Şamaxı) olduqca geniş məlumat vardır.
Professor Kamil Fərhad oglu İbrahimov “Qədim Şirvan elinə səyahət” adlı kitabında Şamaxının, o cümlədən ətrafda olan bir çox kəndlərin, tarixi yerlərin, memarlıq abidələrinin etimologiyası, tarixi və tarixi-arxeoloji tədqiqatı barədə maraqlı məlumatlar təqdim edir. Kitabda son orta əsrlərdən bu günümüzə kimi yaşayıb yaratmış Şirvan elinin ziyalılarından söhbət açır, onların yaradıcılığı barədə geniş informasiya verir.
Tarix üzrə fəlsəfə doktoru Sevda Süleymanova ərəbcədən tərcümə etdiyi “Car salnaməsi” əsərinin Şamaxıya aid olan səhifələrində carlıların gah Surxay xanın (Qazıqumuxlu – Ş.F.), gah da Ümmə xanın tərəfində olduqlarını, Şamaxının Surxay xanın ordusu ilə mühasirəyə alındığını, “Şamaxıdan gələn qızılbaşlarla döyüşdüyünü, Nadir-Surxay münasibətlərini oxucu nəzərinə çatdırır”.
Kitabın şərhlər hissəsində belə məlumat vardır: “Nadir şahın Şamaxını döyüşlə və ya müqavimətsiz alması haqqında müxtəlif və təzadlı məlumatlar mövcuddur. Bəzi mənbələr Şamaxının iki aylıq mühasirədən sonra alınması və kəskin müqavimətə görə əhalinin Nadir şah tərəfindən köçürülməsi və şəhərin yandırılması haqqında, bəzi mənbələr isə Surxay xanın Şamaxını tərk etməsi və şəhərin döyüşsüz təslim olması və ya İran ordusunun əvvəlcədən təşkil olunmuş plan nəticəsində şəhərə xəlvəti daxil olması haqqında məlumat verirlər. “Nadir Mosuldan Şirvana doğru hərəkət etdi və şəhərdəki şiələrin köməyi ilə 24 avqust 1737 ildə Şamaxını tutdu.
Qeyd edildiyi kimi, bu vaxt Surxay xan Qazıqumuxda olurdu. Şamaxıda isə onun valiləri otururdu. Yeni Şamaxının salınması 1736 ilə aid edilir. Mənbələr (İ. Kaluşkin, C. Xanvey və s.) Şamaxının dağıdılmasını baş verən ixtişaşlarla əlaqələndirirlər. S. Kişmişev yazırdı ki. Surxay xanı cəzalandırmaq üçün Dağıstana girə bilməyən Nadir şah hirsini Şamaxıdan çıxdı. A. Yerevantsi, C. Xanvey, C.O. Kişmişev və s. müəlliflər və həmçinin “Erməni anonim xronikası” Nadirin Gəncədən çıxaraq Şirvana hücum etməsini və ləzgilərin hər cür üsyan və yürüşlərdə yuvaları olan Şamaxını dağıtmasını qeyd edirlər. Gəncə isə osmanlıların əlindən 1735 il iyulun 9-da alınmışdı. Şamaxının dağıdılması və əhalinin çox hissəsinin öldürülməsi, qalanlarının isə Yeni Şamaxıya (Ağsu) köçürülməsi, görünür, Nadir şahın Şamaxıya ikinci yürüşündə, birinci dəfə Şamaxını döyüşsüz almasından sonra, Gəncədə olduğu kimi, şəhərin sünni əhalisi tərəfindən törədilmiş ixtişaşlar nəticəsində baş vermişdi”.
Tarix üzrə fəlsəfə doktoru Nailə Bayramovanın samballı “Şamaxı xanlığı” kitabında Şamaxının tarixşünaslığı təfərrüatla verilmişdir. Monoqrafiya 18 yüzilliyin II yarısı – Şamaxı xanlığının mövcud olduğu dövrdən, 19 yüzilliyin I rübünə – II Rusiya-İran müharibəsinin başlanmasına qədərki dövrü əhatə edir. Kitabda Şamaxı xanlığının yaranması, ikihakimiyyətlilik illəri, xanlığın sosial-itisadi vəziyyəti, qonşu dövlətlərlə iqtisadi-ticarət əlaqələrinə müəyyən aydınlıq gətirilmiş, əsasən xanlığın qonşu xanlıqlarla və dövlətlərlə siyasi münasibətlərinə, eləcə də 18 yüzilliyin sonu – 19 yüzilliyin əvvəllərində Mustafa xanın Şamaxı xanlığının müstəqilliyi uğrunda apardığı mübarizəsinə də yer verilmişdir. Şamaxı xanlığının müəyyən dövrlərdə Quba xanlığının tərkibinə qatıldığını nəzərə alaraq, xanlığın müəyyən dövr tarixi ilə bağlı qeyd olunan məsələlərə məhz Şamaxı xanlığının müstəqillik uğrunda mübarizəsi kontekstindən yanaşılmalıdır.
Mövzu olduqca geniş olduğundan onu tamamilə əhatə etmək mümkün deyil.
Şamaxı şəhəri haqqında hələ açılmamış çox sirlər, oxunmamış xeylu mənbələr var. Qədim Şamaxının əsrlərin yaddaşından silinməyən “mədəni qatlarda” gizlənmiş sirlərini açan arxeoloji kəşfiyyat və qazıntı işləri davam etdirilir. Apаrılаcaq gələcək аrхеоlоji qаzıntı-kəşfiyyat işləri və Şamaxıya аid аşкаr еdiləcəк yеni-yеni tаpıntılаr, ulu bаbаlаrımızın həyаtı, məişəti və sənətкаrlığı hаqqındа bir çох yеniliкlər vеrəcəк, yeni-yeni kitablar yazılacaq və tаriхimizi dаhа dərindən öyrənməyə хеyli кöməк еdəcəкdir.
Şahin Fazil
tarix elmləri doktoru, professor
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. Azərbaycan Sovet Ensiklopediyası, cild X, Bakı, 1987
2. A.Bakıxanov. Gülüstani-İrəm, Bakı, 1951, qeydlər Sevda Ə. Süleymanovanındır), Bakı, 1999
3. Məhəmməd Moin. Fərhənge-farsi, cild V, Tehran, hicri 1378
4. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Ə. Süleymanovanındır), Bakı, 1999, səh.27
5. Nailə Bayramova. Şamaxı xanlığı, Bakı, 2009
6. Nailə Vəlixanlı. Ərəb xilafəti və Azərbaycan, Bakı, 1993
7. Sara xanım Aşurbəyli . Şirvanşahlar dövləti. Bakı, 2006
8. Şahin Mustafayev. Səlcuqilərdən Osmanlılara: XI-XV yüzilliklərdə Anadolunun Türk mühitində etno-siyasi proseslər, Bakı, 2010
9. T.H. Nəcəfli. Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri, Bakı, 2012
10. T.H. Nəcəfli. Səfəvi-Osmanlı münasibətləri, Bakı, 2014
11. Vaqif Piriyev. Azərbaycan XIII-XIV əsrlərdə, Bakı, 2003
12. Vaqif Piriyev. Azərbaycanın tarixi-siyasi coğrafiyası, Bakı, 2006
13. Ziya Bünyadov Azərbaycan VII-IX əsrlərdə, Bakı, 2004
14. Аббас-Кули-ага Бакиханов. Гюлистани-и Ирам, Bakı, 1991
15. Гаси Абдуллаев. Азербайджан в XVIII в. и Взаимоотношения с Россиией, Баку, 1965
16. Ибн Хордадбех. Книга путей и стран, Баку, 1986
17. Ильяс Бабаев. Города Кавказской Албании в IV в. до н.э. – III в.н.э., Баку
18. М. Х. Гейдаров. Социально-экономические отношения и ремесленные организации в городах Азербайджана в XIII-XVII вв., Баку, 1987
19. М.Х. Неймат. Корпус эпиграфических памятников Азербайджана, том V, Баку, 2011
20. Микаил Гейдаров. Торговля и торговые связи Азербайджана в позднем средневековье, Баку, 1999
21. Октай Эфендиев. Азербайджанское государство Сефевидов в XVI веке, Баку, 1981