Şamaxı rayonu flora və bitki örtüyü baxımından Azərbaycanın ən zəngin rayonlarından biridir. Azərbaycanda dağ çöl formasiyasının ən geniş areallarından biri də məhz bu rayonun payına düşür. Quru çöl və çöl bitkiləri arid-seyrək meşələrlə və müxtəlif kollarla qarışıq formasiyalar yaradır. Rayon ərazisində yayılan quru çöl və çöl bitkiliyi başdan-başa əkinçilik və ya qış otlaqları kimi istifadə olunur. Bu sahələrdə yovşan, yovşan-efemer yarımsəhralarına rast gəlinir. Yovşan, soğanaqlı qırtıc (Poa bulbosa), yapon tonqalotu (Bromus japonicus), bərk quramat (Dolium rigidum), çilikburnu (Erodium cicaturium), bəzi sahələrdə yovşan və efemerlərlə yanaşı lalələr, mollabaşı bitkilikdə xüsusi bir mənzərə yaradır.
Yarımsəhra bitkilik tipi rayon ərazisində qismən geniş yayılmışdır. Bu bitkilik tipinin heyvandarlığın, əsasən də xırdabuynuzlu mal-qaranın inkişafında qış otlaqları kimi xüsusi mühüm əhəmiyyəti vardır. Burada yarımsəhranın ağotlu-yovşanlı, topallı-yovşanlı, yovşanlı-ayrıqlı və d. formaları təşəkkül tapmışdır. Yarımsəhra bitkilliyi yerində bərpa olunmuş mədəni bitkilik, əsasən taxıl və üzümlük sahələri-bəzən də meyvə bağlaı və bostan bitkiliyi ilə əvəz olunmuşdur.
Quru dağ-bozqır bitkilik tipində tikanlı-gəvənli və taxıllı-müxtəlifotlu bitkilik daha geniş yayılmışdır. Bozqırların isə ağotlu, topallı-şiyavlı-müxtəlifotlu, ağotlu-müxtəlifotlu və müxtəlifotlu-şiyavlı-kəklikotlu formalarına rast gəlinir. Nisbətən yüksəkliklərdə isə dağ-kserofit-friqonoid bitkilik tipinə daha çox rast gəlinir.
Rayon ərazisində 50 növə yaxın ağac, 118 növə yaxın isə kol bitkilərinə rast gəlinir. Ovalıq ərazidə yayılmış meşələr quraq və quraq subtropik meşələr növünə aiddir. Rütubətlənmə şəraitindən asılı olaraq regionda ovalıq meşələrində qovaq ağaclarının, qarağacın, palıdın üstün olduğu sahələrə rast gəlinir. Rayon ərazisində olan aşağı dağ meşə zonası 500-600 m-lə 800-900 m. yüksəkliklərdə ensiz kəmər şəklində uzanır. Burada qarağac, göyrüş, söyüd, vələs və qısaboy palıd növlərinin, yemişan, sumax, qaratikan, çaytikanı, doqquzdon, dovşanalması, alça, zirinc və s. kolların və süni salınmış sarağan, ağ akasiya, şam, qoz və bəzi palıd növlərindən ibarət kserofit dağ meşələri və kolluqları yayılmışdır. Zonada hakim meşələr palıd və göyrüş-palıd-vələs meşələridir. Palıd və palıd-vələs meşələri altında mürəkkəb tərkibli xırda ağaclar və kolluqlar cəngəlliklər əmələ gətirir. Bu meşələrdə kol bitkilərindən yemişan, əzgil, itburnu, doqquzdon, zoğal, alça, daha kölgəli yerlərdə avropa gərməşovu, daşlı və açıq yerlərdə isə sarağan, sumax kolları yayılmışdır. Pirqulu və Çuxuryurd ərazisindəki meşələrdə fıstıq, palıd, ağcaqayın, vələs, qarağac və s. hündürboy ağac növləri yayılmışdır.
Ortadağ meşə zonası əsasən fıstıq və vələs-fıstıq meşələrindən ibarətdir. Burada mövcud olan fıstıq meşələri əsasən 900-1600 m yüksəkliklərdə yayılmışdır. Şimal yamaclarında cavan və nisbətən yaşlı ağaclardan ibarət palıd, palıd-vələs bəzi yerlərdə vələs-fıstıq meşəliyi inkişaf etmişdir.
Cənub yamaclarında əsasən alçaqboylu palıd, vələs, müxtəlif kollar, dik yamaclarda isə söyüdyarpaq armud, palıd, ardıc, gəvən, murdarça kolları əsas yer tutur. Rayon ərazisində arid-seyrək meşələr və kolluqlar tabaşirin gil, əhəngdaşı və qumdaşı laylarının səthə çıxdığı yerlərdə təşəkkül tapmışdır.
Çay kənarlarında və sucaq yerlərdə ağyarpaq və sosnov qovaqları (Populus canescens, P. nigra), nisbətən quru mühitdə xırdayarpaq qarağacı (Ulmus minor) və saqqallı qızılağac (Alnus barbata) meşəliyi bir-birini əvəz edirlər.
Rayonun ərazisində olan bir səra nadir və nəsli kəsilməkdə olan bitki növləri Şahdağ Milli Parkının Şamaxı rayonundakı ərazilərində mühafizə olunur. Ərazidə yayılmış vələs, fıstıq, palıd meşələrində göyrüş, ağcaqayın, qaraçöhrə qarışığından ibarət meşə sahələri vardır. Meşənin seyrək yerlərində göyəm, yemişan, əzgil, zoğal və bir sıra başqa kol bitkiləri yayılmışdır. Meşənin yuxarı sərhədlərində qızılağac və tozağacı seyrək meşəlik əmələ gətirir. Azərbaycanın nadir bitkilərindən olan giləmeyvəli qaraçöhrə bu meşələrin 800 hektara yaxın ərazisində yayılmışdır. Qaraçöhrə burada 1300-2000 m. dəniz səviyyəsinədək yüksək ərazilərdəki fıstıq və 900-1400 m dəniz səviyyəsindən yüksəklikdəki palıd meşələrində bitir. Yaşlı qaraçöhrə ağacları əsasən Pirsaatçayın qolu sayılan Mustafalıçayın sağ sahilindəki meşələrdə və Çanut meşəsində qalmışdır. Bu meşələr Respublikamızda qaraçöhrənin ən geniş yayıldığı ərazilərdən biri hesab olunur. Meşələrdən yüksəkliklərdə isə çilli-taxıllı müxtəlif otluq, quru taxıllıq, rütubətli müxtəlif otluq, mezofit taxıllı müxtəlif otluq və digər tipli çəmənliklər yayılmışdır. Başqa bitkilik tiplərindən fərqli olaraq çəmən bitkilik tipi antropogen təsirlərə nisbətən az məruz qalırlar.
Meşədən sonra əmələ gələn – mezofil təmaüllü taxıllı-cilli-müxtəlifotlu çəmənlər mailliliyi az olan yamaclarda, dəniz səviyyəsindən 1700-1850 m hündürlükdə meşələri qırılmış talalarda rast gəlinir. Ot örtüyündə bolluq təşkil edən cil və taxıl cinslərinin nümayəndələridir. Burada Carex lachenalii, C. pallescens, C. tristis, Agrostis planifolia, A. capillaris, Poa nemoralis, Calamagrostis arundinaceae, Arrhenatherum elatius və s. növlər daha geniş yayılmışdır. Müxtəlifotlar qrupunun xarakter növlərindən Cephalaria gigantea, Filipendula hexpetala, Verbascum laxum, Rumex acetosa növlərinə rast gəlinir. Daşlı, çınqıllı meşə talalarında küllü miqdarda Alchimilla oxysepala, Senecio platyphyllus və paxlalılar fəsiləsinin nümayəndələri yayılmışdır.
Meşə altından çıxmış taxıllı-müxtəlifotlu çəmənlər formasiya qrupu titrək (Briza media) və çobantoxmağı (Dactylis glomerata) çəmənliyi tipində formalaşmışdır. Ala tonqalotunun (Bromopsis variegata) üstünlüyü ilə yaranan quru taxıllı çəmənlərə cənub-şərq yamaclarında, d. s.-dən 1600-1800 m. hündürlüklərdə rast gəlinir. Çəmənin ən qiymətli yem bitkilərindən Festuca ovina, Phleum phleoides, Poa pratensis, Vicia grossheimii, Trifolium pratense, Elymus repens, Agrostis capillaris və başqalarını misal göstərmək olar. Az nəmli meşəliklərin altından çıxmış paxlalı bitkilərin üstünlüyü ilə yaranmış çəmənliklər dağ yamaclarının qərb və cənub-şərq yamaclarında yayılmışdır.
Hündürotluluq – meşə qurşağının ən yüksək hissəsində (1900-2400 m-ə kimi) yayılmaqla öz fitosenoloji strukturasına görə çəmənliklərdən kəskin fərqlənir. Hündürotluqda otluğun əsas kütləsini Heracleum sosnowskyi, Aconitum orientale, Dactylis glomerata, Cephalaria gigantea, Knautia montana, Symphytum asperum, Senecio platyphllyus, Delphinum flexuosum, Campanula latifolia, Poa longifolia, Brachypodium silvaticum, Veratrum lobelianum, Chamaenerium angustifolium, Nepeta grandiflora, İnula orientalis, Pyrethrum roseum, P. macrophyllum və s. kimi növlər əmələ gətirirlər.
Əsil nəmli, kriofil, mezofil və bozqırlaşmış subalp çəmənləri–nin flora tərkibi başqa dağlıq qurşaqlarının çəmən assosiasiyalarına nisbətən xeyli zəngin olub əsil nəmli və mezofil (İnula grandiflora, Geranium platupetalum, Betonica grandiflora, Veratrum lobelianum və. b,) bol nəmli (Caltha polypetala, Butomus umbellatus, Carex hirta, C. inflata, C. diandra və b.), kriofil (Nardus stricta) və ala topalın üstünlüyü ilə bozqırlaşmış subalp çəmənləri qruplarına və formasiyalara bölünürlər. Subalpın bozqırlaşmış çəmənləri ala topalın (Festuca versicolor) edifikatorluğu ilə yaranmışdır.
Alp çəmənləri və xalıları–alp qurşağında çəmən bitkiliyi ləkələr şəklində yayıldığına görə geniş sahələri əhatə etmir. Burada alp bitkiliyi dəniz səviyyəsindən 2500-2600 m yüksəkliklərdə yayılmışdır. Qeyd edilən yüksəskliklərdə az və ya çox dərəcədə təmasda olan dağ-çəmən bitkiliyi öz əksini tapmışdır. Alp qurşağı bitkiliyinin xarakterik xüsusiyyətindən biri otluğun kiçik boylu (orta hesabla 6-8 sm) olmasıdır. Bəzi bitkilərin hündürlüyü 10-12 sm-ə çatır. Bir çox alp bitkilərinin çiçəkləri iri, parlaq və şaxtaya davamlı olurlar.
Alp qurşağı xalı bikiliyinin səciyyəvi cəhətlərindən biri tərkibində minatür mozaika yaradan şəffaf iri çiçəkləri, rozet yarpaqları və torpağa sərilmiş sürünən formalı olan ikievli bitkilərin eynilik təşkil etməsidir. Başqa alp formasiyalarından fərqlə olaraq, alp xalıları növ tərkibinin kasıb olması ilə fərqlənir
Şamaxı florasının nadir və nəsli kəsilmək təhlükəsi olan bitki növləri
Vüqar Kərimov,
biologiya üzrə fəlsəfə doktoru
Vahid Fərzəliyev,
biologiya üzrə fəlsəfə doktoru
Əd.: Лавренко Е.И. Изучение эдификаторов растительного покрова // Сов. бот., т.15, №1, 1947,
Шенников А.П. Экология растений. М.: Сов. Наука, 1950, 375 с.
Ярошенко П.Д. Основы учения о растительном покрове. Гос. изд. геол. литературы. М.: 1953, 351 с.
Прилипко Л.И. Лесная растительность Азербайджана. Баку: Изд-во АН Азерб. ССР, 1954
Прилипко Л.И. Растительный покров Азербайджана. Баку: Изд-во АН Азерб. ССР, 1970, 173 c.
Флора Азербайджана, Изд. Ан Азерб. ССР, Баку, 1953- 1957. т. II-VII
Флора Кавказа, Изд..Наука, Ленинград, 1940-1967 т. II-VII
Черепанов С.К. Сосудистые растения России и сопредельных государств. Мир и семья. С. Петербург, 1995
Конспект флоры Кавказа: СПб.: Изд-во, С.-Петербург. ун-та, 2003, т. 1
Конспект флоры Кавказа: СПб.: Изд-во, С.-Петербург. ун-та, 2006, т. 2
Конспект флоры Кавказа: СПб.: Изд-во, Товарищество научных изданий КМК, С.-Петербург-Москва, 2008, т. 3(1)
Əsgərov A.M. Azərbaycan florasının konspekti, Bakı, Elm, 2011
Q.Məmmədov, E.Yusifov, M.Xəlilov, V.Kərimov “Azərbaycanın ekoturizm potensialı” I-II-cildlər, Bakı-2012
Azərbaycanın Qirmizi Kitabı, II nəşr, Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. Bakı-2013, 678 s.