Rəngarəng və zəngin xüsusiyyətlərə malik olan tikmə sənəti peşəkar Şirvan sənətkarları arasında geniş yayılmışdır. Qədim ənənələrə malik bədii tikmə sənəti Şamaxı qadınlarının əsas peşələrindən birinə çevrilmişdir. Güləbətin, pilək, zərənduz, təkəlduz, xanduz, oturtma və muncuqlu bədii tikmə növləri öz orijinallığı ilə seçilərək Şirvan əhalisinin geyim və məişət örtüklərinin əsas bəzəyini təşkil edirdi.
Belə ki, verilən məlumata əsasən, 17 əsrdə bədii parça istehsalının Şamaxı əhalisinin əsas peşələrindən birinə çevrildiyini Avropa səyyahı Adam Oleari də xəbər verir. Orta əsr bədii tikmə sənətinin istehsal mərkəzləri arasında Təbriz, Ərdəbil, Gəncə, Şamaxı və s. şəhərlər mühüm yer tuturdu. 19 əsrdə Azərbaycan tikmə sənəti əsasən Şamaxı, Bakı, Naxçıvan, Şəki, Şuşa şəhərlərində cəmləşirdi. Lakin 19 əsrdə Azərbaycan bədii tikmə sənəti başlıca olaraq iki istiqamətdə: Şəkidə − qüllabduzluq, Bakı və Şamaxıda isə güləbətin tikmə üzrə inkişaf edirdi. Güləbətin tikmə üsulu Şamaxı, Şuşa və qismən Naxçıvan şəhərlərində inkişaf etmişdi. 19 əsrdə zərənduz tikmə ilə daha çox Şəki, Şamaxı və Lahıcda məşğul olurmuşlar.
Əd.: Gülsüm Əliyeva “Azərbaycan etnoqrafiyası”, 3 cilddə, I cild. Bakı, 2007, s.496-500