Daşişləmə sənəti Şamaxıda qədim və ənənəvi sənət sahələrindən biri olmuşdur. 19 əsrin ortalarında Cənubi Qafqazda daşişləmə sənətinin inkişaf etmiş istehsal mərkəzləri arasında Şamaxı qəzası xüsusi yer tuturdu. Feodalizm dövründə Azərbaycanda daşyonma və daş üzərində oyma sənətləri xüsusilə şəhər və qala tipli məskənlərdə daha çox tərəqqi etmişdir. Bu cəhətdən Şirvan – Abşeron memarlıq məktəbinin rolu böyük olmuşdur.
Dağlıq Şirvanı açıq səma altında daş əsərlərin memarlıq və memorial muzeyi adlandırmaq olar. Şamaxıda Şaxəndan qəbiristanlığında sənduqvari başdaşılar üzərində zəngin qabarıq yazılar, həndəsi və nəbati naxışlara rast gəlmək mümkündür. Şamaxıda daşişləmə sənətinin əsas növlərindən olan heykəltəraşlıq, həkkaklıq, xəttatlıq spesifik və özünəməxsus xüsusiyyətlərə malikdir. Şamaxıda daş məmulatları qaraçapma, çümməçapma, dişəmə və cilalama üsulları ilə yonulub hazırlanırdı. Tətbiq sahəsində aşağıdakı daşkəsmə və daşyonma alətlərinin adlarını çəkmək olar: daş balta, düsəri, təvəz – tişək, çəkic, qalaqburun, gürz, tişək, xırda para, böyük para, düz və qaşıqağız tişələr, törpülər, yastı yeyə, mişar, pərgar, deşikaçan.
Əd.: Mustafayev A.N. Daşişləmə. Azərbaycan etnoqrafiyası. I cild. Bakı, Elm, 2007. s. 355-366.
Мустафаев А.Н. Обработка камня в Ширване. Баку, Элм, 1986. s. 4.