Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Şamaxıda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev kompleks barədə dövlətimizin başçısına məlumat verdilər.
Sifarişçisi Dövlət Agentliyi, podratçısı isə “Kristal Abşeron” olan kompleksin tikintisinə 2018-ci ilin iyun ayında başlanılıb. Kompleks Şamaxı, Qobustan, İsmayıllı, Ağsu və Göyçay rayonlarında qeydiyyatda olan 450 minə yaxın vətəndaşa xidmət göstərəcək. “ASAN xidmət” mərkəzində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət həyata keçiriləcək.
Qeyd edək ki, bu günədək ölkə üzrə “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 35 milyona yaxındır. 2019-cu ilin 9 ayı ərzində keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,4 faiz təşkil edib.
Sonra Prezident İlham Əliyev kompleksin əməkdaşları ilə görüşdü.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
-Bu gün Şamaxıda “ASAN Həyat” Mərkəzi açılır. Bu gözəl hadisə münasibətilə sizi təbrik edirəm. Əminəm ki, vətəndaşları razı salacaqsınız və “ASAN xidmət” öz yüksək keyfiyyətini saxlayacaq.
Şadam ki, mənim təşəbbüsümlə yaradılmış bu xidmət bu gün nəinki ölkəmizdə, hətta xarici ölkələrdə də böyük rəğbətlə qarşılanır. Şadam ki, “ASAN xidmət”in vətəndaşlar tərəfindən bəyənilmə əmsalı 99,4 faizdir. Yəni, bu, onu göstərir ki, xidmət doğrudan da böyük nailiyyətdir, ictimai xidmətlər sahəsində böyük dəyişikliklərə gətirib çıxarıb. Eyni zamanda, “ASAN xidmət” cəmiyyətimizin ictimai şüurunda da inqilabi dəyişikliklərə səbəb olubdur. Çünki ictimai xidmətlər sektoru həmişə çox problemli sektor idi və vətəndaşlar çox əziyyət çəkirdilər. Bürokratiya, süründürməçilik, korrupsiya, rüşvətxorluq xidmət sektorunun əsas problemləri idi. “ASAN xidmət”in fəaliyyətə başlamasından sonra artıq bu sahədə tam şəffaflıq təmin edilibdir.
Təsadüfi deyil ki, artıq 34 milyondan çox müraciət daxil olub və bu müraciətlər cavabsız qalmır. “ASAN xidmət” öz coğrafiyasını genişləndirir. Bu, sayca 16-cı mərkəzdir və artıq 4 mərkəzdə tamamlama işləri aparılır. Kürdəmir, Ağcabədi, Tovuz mərkəzləri artıq hazırdır, Balakən mərkəzi isə gələn il istifadəyə veriləcəkdir. Mənə verilən məlumata görə, Bakı mərkəzlərində, – baxmayaraq ki, Bakıda 5 mərkəz fəaliyyət göstərir, – artıq növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, Bakıda əlavə 2 mərkəz açılsın, eyni zamanda, Sumqayıt və Gəncə şəhərlərində ikinci mərkəzlər açılacaqdır. Artıq çoxdandır səyyar xidmət də göstərilir, 10-dan çox avtobus daim ölkəmizi dolaşır, “ASAN qatar” da fəaliyyət göstərir. Demək olar ki, ölkəmizin hər bir yeri belə gözəl xidmətlə əhatə olunub. Xidmətlərin sayı artır, artıq 320-dən çox xidmət göstərilir. ABAD Mərkəzlərinin fəaliyyətini nəzərə alsaq, artıq bu rəqəm 350-yə çatır. Bu da onu göstərir ki, biz son illərdə ASAN-ın funksiyalarını böyük dərəcədə genişləndirə bilmişik və buna ehtiyac var idi. Çünki “ASAN xidmət”də işlər yüksək dərəcədə düzgün qurulur. Problemli sahələrin bir çoxu da “ASAN xidmət”in əhatəsinə daxil edilib. Beləliklə, artan xidmətlər və xidmətlərin keyfiyyəti göstərir ki, biz düzgün yoldayıq. Çünki biz başlayanda xidmətlərin sayı təqribən 20-30 ətrafında idi.
ASAN bizim intellektual məhsulumuzdur. Mən çox şadam ki, Azərbaycan intellektual məhsul icad edir və bunu ixrac edir. İntellektual məhsulun, xidmətlərin ixracı hesab edirəm ki, bizim gələcək fəaliyyətimizdə çox böyük diqqətə layiq olmalıdır. “Bakutel” sərgisində də mənə edilən təqdimatlar göstərir ki, biz artıq xidmətləri, o cümlədən peyk xidmətlərini, innovasiyalarla bağlı olan xidmətləri ixrac edirik. “ASAN xidmət” mərkəzi artıq Əfqanıstanda fəaliyyət göstərir və bir neçə ölkə ilə bizim artıq anlaşma memorandumlarımız və sazişlər imzalanıbdır. ASAN dünyada öz fəaliyyətini genişləndirir və bizim gələcəkdə də bir çox ölkələrlə əməkdaşlığımız mümkündür. Əsas şərtimiz ondan ibarətdir ki, Azərbaycanda göstərilən xidmət orada da göstərilsin, çünki bu, bizim brendimizdir və mərkəzin adı da bütün ölkələrdə ASAN olmalıdır. Təsadüfi deyil ki, ASAN artıq beynəlxalq mükafatlara da layiq görülüb və Azərbaycanın həm intellektual brendidir, həm də bizim siyasətimizi, niyyətimizi əks etdirir. Çünki bizim siyasətimiz ondan ibarətdir ki, hər bir sahədə şəffaflıq, dürüstlük, mədəni xidmət olsun, pozuntulara yol verilməsin. Hesab edirəm ki, “ASAN xidmət” korrupsiyaya, rüşvətxorluğa qarşı ən səmərəli mexanizmlərdən biridir. Bu məsələlərlə bağlı köklü tədbirlər görülür. Azərbaycanda korrupsiyanı, rüşvətxorluğu aradan qaldırmaq, yaxud da ki, əhəmiyyətli dərəcədə azaltmaq üçün əməli tədbirlər görülür. Bu tədbirlər həm nəticə verir, həm də verəcək. Ona görə inzibati tədbirlərlə, cəza tədbirləri ilə yanaşı, institusional tədbirlər də görülməlidir ki, biz korrupsiyanın və rüşvətxorluğun əhatə dairəsini daraldaq və beləliklə, Azərbaycanı müasir, çox sürətli inkişaf yoluna gətirək. Biz buna nail oluruq.
“ASAN xidmət”, eyni zamanda, bizim siyasətimizi göstərir ki, bu mərkəzlərdə işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu, həm gənclərimizin istedadını, biliklərini göstərir və həm də kadr hazırlığı üçün də çox önəmlidir. Çünki artıq minlərlə ASAN könüllü müxtəlif önəmli vəzifələrdə çalışır. “ASAN xidmət”lərdə təlim keçmiş, yaxud da ki, işləmiş gənclərimiz artıq həyata da vəsiqə alırlar, bilikli kadrlar kimi onlara inam artır və onları işə götürənlər əmin olurlar ki, dürüstlük, keyfiyyət, biliklər və mədəni xidmət olacaq. Onu da bildirməliyəm ki, könüllülər hərəkatı bizdə “ASAN xidmət”dən başlayıb. O vaxta qədər könüllülər hərəkatı yox idi. Bu gün minlərlə könüllü ölkəmizin müxtəlif sahələrində çalışır, işləyir, dövlətə xeyir gətirir. Bizim gənclərimiz məhz belə olmalıdır. Mən bu yaxınlarda Bakı Dövlət Universitetinin 100 illiyinə həsr edilmiş tədbirdə gənclərə öz sözlərimi dedim. Bilikli, savadlı, Vətənə bağlı müasir gənclik Azərbaycanın dayanıqlı uğurunun təminatçısıdır. Gənclər biliklərlə yanaşı, Vətənə bağlı olmalıdırlar, Vətəni və dövlət maraqlarını hər şeydən üstün tutmalıdırlar.
“ASAN xidmət”, eyni zamanda, xidmət sektorunda yenilikdir. “ASAN xidmət” göstərdi ki, xidmət sektoru necə olmalıdır. Bax, bütün “ASAN xidmət” mərkəzlərinə gələn, müraciət edən vətəndaşlar sizi görürlər, gözəl gənclərimizi, gözəl mədəniyyəti, xoş münasibəti, gülər üzləri görürlər. Doğrudan da böyük sərvətdir və bunu biz özümüz yaratmışıq. Bir daha demək istəyirəm ki, bu, bizim milli brendimizdir və milli sərvətimizdir.
Ona görə ASAN mərkəzlərinin sayının artırılması ilə bağlı mənim tərəfimdən göstərişlər verilir. Eyni zamanda, ASAN mərkəzlərinin funksiyalarının genişləndirilməsi ilə əlaqədar “ASAN xidmət” və onun rəhbərliyi çox fəal işləyir. Hər bir mərkəzin açılışında mən hansısa bir yeniliklə rastlaşıram. Mənə edilən məruzələrdən görürəm ki, ildən-ilə yeni innovasiyaları hərəkətə gətirmək üçün imkan yaradılır və bu innovasiyalar da tətbiq ediləcəkdir. Bu gün mənə məruzə edilən məsələlərdən biri “smart city” layihəsidir. Biz mütləq buna keçməliyik. Artıq müvafiq göstərişlər verildi ki, Bakı şəhərində “smart city” sisteminin tətbiqi üçün əməli addımlar atılsın. O cümlədən, digər şəhər və rayonlarımızda da bu istiqamətdə işlər görüləcəkdir.
Şadam ki, bu mərkəz Şamaxı şəhərində açılır. Şamaxı bizim qədim diyarımızdır, tarixi yerimizdir. Şamaxının çox zəngin tarixi, mədəniyyəti var. Şamaxının tarixi abidələri hər birimiz üçün çox əzizdir. Şadam ki, mənim göstərişimlə qədim Şamaxı Cümə məscidi əsaslı təmir olundu. Bu, Azərbaycanın ən qədim məscididir, müsəlman aləminin ən qədim məscidlərindən biridir. 743-cü ildə inşa edilmişdir. Biz Şamaxının tarixi simasını qorumaqla onu müasirləşdiririk. Bu yaxınlarda rayon icra hakimiyyətinə kifayət qədər böyük vəsait ayrıldı ki, infrastrukturla bağlı layihələr icra edilsin. Müasir sərnişin avtobusları, müasir təcili tibb yardımı maşınları, kommunal texnika gətiriləcək. Tapşırıq verilmişdir ki, Şamaxı şəhərinin bütün daxili yolları, kənd yolları əsaslı şəkildə təmir edilsin. Şəhərin içməli su problemi təxminən gələn ilin aprel-may aylarında həllini tapacaq və şamaxılılar təmiz, Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su ilə təmin ediləcəklər. Şamaxı rayonunda qazlaşdırma 95 faizdir. Baxmayaraq ki, bir çox kəndlər bir-birindən aralıdır və dağ kəndləridir, amma biz qazlaşdırmanı 95 faizə çatdırmışıq. Elektrik enerjisi ilə heç bir problem yoxdur. Bakı-Şamaxı avtomobil yolunu mənim göstərişimlə dörd zolağa genişləndirdik və çox rahat yoldur. O yolun axırıncı hissəsi bu gün rəsmən açıldı. Həmçinin kənd yollarının tikintisi aparılır. Vaxtilə burada Müalicə-Diaqnostika Mərkəzi, Olimpiya Kompleksi inşa olunmuşdur. Şamaxı Rəsədxanası əsaslı təmir edilmişdir. Əlbəttə ki, həm respublika sakinləri, həm də qonaqlar üçün Şamaxı-Lahıc yolu nəinki əsaslı şəkildə təmir olundu, Şamaxı-Dəmirçi, Dəmirçi-Lahıc yolu yenidən çəkildi. Yəni indi Lahıca ən təhlükəsiz yol Şamaxıdan keçir. Biz indi Şamaxını müasir turizm mərkəzi kimi inkişaf etdiririk. Böyük üzüm bağları salınır, üzüm festivalı keçirilir, Şamaxı və Hacıqabul rayonlarının ərazisində ölkəmizin ən böyük aqroparkı salınır. O aqroparkın sahəsi 42 min hektardır və kənd təsərrüfatının inkişafına böyük dərəcədə təkan verəcəkdir. Şamaxı ənənəvi üzümçülük rayonudur. Üzümçülüyün ənənələri bərpa edilir, iş yerləri açılır, o cümlədən ödənişli ictimai işlər yaradılır. Şamaxı Azərbaycan xalqının böyük oğlu İmadəddin Nəsiminin vətənidir. Bilirsiniz ki, mənim Sərəncamımla bu il “Nəsimi ili” elan edilibdir. Böyük Nəsiminin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq sabah bütün ölkəmizdə kütləvi ağacəkmə aksiyası keçiriləcək və bütövlükdə 650 min ağac əkiləcəkdir. Nəsimi festivalı ənənəvi xarakter alıbdır. Şamaxının çox qədim tarixi var və çox görkəmli nümayəndələri Azərbaycan xalqının şöhrətini yüksəklərə qaldırırlar.
Siz isə gəncsiniz, müstəqil həyata yenicə qədəm qoyursunuz. Şadam ki, sizin fəaliyyətiniz “ASAN xidmət” mərkəzində başlayır və əminəm ki, burada qazanacağınız təcrübə gələcək həyatınızda sizə kömək edəcək. Siz öz biliklərinizi, bacarığınızı ölkəmizin ümumi işinə bir töhfə kimi qoyacaqsınız. Sizi təbrik edirəm və uğurlar arzulayıram.
Kompleksin əməkdaşı Jalə Hüseynova dedi:
-Salam möhtərəm cənab Prezident. Sizi Şamaxıda görməyə çox şadıq. Mən hələ tələbə olarkən Bakı şəhərində “ASAN xidmət” mərkəzində könüllü kimi fəaliyyət göstərirdim. Fevral ayında Siz Gənclər Günü münasibətilə respublika gəncləri ilə görüşmüşdünüz. Həmin görüşdə mən də ASAN könüllüsü kimi iştirak edirdim. Siz həmin görüşdə Azərbaycan gənclərinə öz həyat yolunuzdan da misallar çəkərək tövsiyə vermişdiniz. Orada qeyd etmişdiniz ki, Azərbaycan uzun müddət əsarət altında olmasına baxmayaraq, bu gün müstəqildirsə, öz müstəqilliyini qoruya, inkişaf etdirə bilirsə, öz milli dəyərlərini qorumağa, dilinə sahib çıxmağa borcludur. Gənclərə məsləhət gördünüz ki, hər zaman vətənpərvərlik ruhunda tərbiyə alsınlar, öz dillərini, dəyərlərini qorusunlar və hansı sahədə olmaqlarından asılı olmayaraq, öz işlərinin peşəkarı olsunlar.
Həmin görüş mənim həyatımın dönüş nöqtələrindən biri oldu. Mən də qərar verdim ki, bu yolda addımlamalıyam və dövlət qulluğuna hazırlaşdım. Mən çox şadam ki, fevral ayında Sizin qarşınızda könüllü kimi dayanmışdım, bu gün isə dövlət qulluqçusu kimi dayanıram.
Siz hər zaman bildirirsiniz ki, Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət qulluqçuları hər zaman vətəndaşların xidmətində olmalıdırlar. Siz əmin ola bilərsiniz ki, Şamaxı regional “ASAN xidmət” mərkəzində biz bu prinsipləri hər zaman öndə saxlayacağıq. Şamaxıdan, ətraf rayonlardan bizdən xidmət almaq üçün gələn vətəndaşlar bunu hər zaman görəcəklər, dövlətin dəstəyini hər zaman hiss edəcəklər. Bizim üçün yaratdığınız şəraitə görə bütün gənclər adından Sizə öz təşəkkürümü bildirirəm. Çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ ol, təşəkkür edirəm. Sən buraya Bakıdan gəlmisən, yoxsa buralısan?
Jalə Hüseynova: Xeyr, mən Bakıdan gəlmişəm.
Prezident İlham Əliyev: Çox yaxşı. Burada işləyənlərin əksəriyyəti yəqin ki, Şamaxı rayonunun sakinləridir. Qonşu rayonlardan gələnlər var?
Kompleksin əməkdaşı: Bəli, mən İsmayıllıdanam.
Prezident İlham Əliyev: Çox gözəl. Sizi təbrik edirəm.
Jalə Hüseynova: Çox sağ olun, təşəkkür edirəm.
Kompleksin əməkdaşı Toğrul Cəfərov:
-Möhtərəm cənab Prezident, Sizi Şamaxı regional “ASAN xidmət” mərkəzində görməkdən çox qürur duyduq. Mən bu günə kimi ölkəmizdə keçirilən bir çox könüllülük fəaliyyətlərinə qoşulmuşam. İlk könüllülük fəaliyyətim “Bakı-2015” Avropa Oyunlarında oldu. Sonra “Bakı-2017” İslam Həmrəyliyi Oyunları, daha sonra üç il ard-arda davam edən Formula 1 yarışları, 2016-cı ildə təşkil olunan Şahmat Olimpiadasında könüllü kimi çıxış etdim. Ən sonda isə “ASAN xidmət” ailəsinin bir fərdi olaraq “ASAN xidmət” könüllüsü oldum. Mən, sadəcə, Sizə bildirmək istəyirdim ki, bizlər könüllü olan zaman bizim şəxsi inkişafımız üçün bir sıra təlimlərin, seminarların keçirilməsi, ən kiçik ehtiyacımızdan tutmuş ən böyük ehtiyaclarımıza kimi qarşılanması məhz Sizin biz gənclərə, biz könüllülərə göstərdiyiniz qayğı və diqqət nəticəsində olub. Mən bir gənc kimi hər zaman Sizin qayğınızı, diqqətinizi öz üzərimdə hiss etmişəm. Buna görə Sizə öz təşəkkürümü bildirirəm. Bir məqamı qeyd etmək istəyirəm ki, mən bir könüllünün uğuru olaraq bu gün Şamaxı regional “ASAN xidmət” mərkəzinin əməkdaşı kimi Sizin qarşınızda çıxış edirəm. Sonda demək istəyirəm ki, Siz çıxışlarınızın birində qeyd etmişdiniz ki, ölkəmizdə könüllülük fəaliyyəti var və bu könüllülük fəaliyyəti daim yaşayır. Biz də öz növbəmizdə Sizə söz vermək istəyirik ki, bu illər ərzində keçdiyimiz bütün təcrübələri, Sizin bizə olan qayğınızı, diqqətinizi Şamaxı gəncləri ilə bölüşəcəyik. Bu könüllülük fəaliyyətini daim yaşadacağıq.
Onu da demək istəyirəm ki, bu gün 5 dekabr – Beynəlxalq Könüllülər Günüdür. Burada gördüyünüz əksər əməkdaşların müəyyən vaxtlar ərzində könüllülük fəaliyyəti olub. Bu gün də bizim yanımızda olduğunuz üçün Sizə öz minnətdarlığımızı bildiririk. Diqqətiniz üçün çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun. Mən çox şadam ki, Azərbaycanda könüllü hərəkatı geniş vüsət alır. Bu, doğrudan da onu göstərir ki, siyasətimiz həyatda öz əksini tapır. Bir daha təkrar etmək istəyirəm ki, könüllülər hərəkatı “ASAN xidmət”dən başlamışdır. Ondan sonra həmin “ASAN xidmət”də sənin kimi fəaliyyət göstərən gənclər mötəbər beynəlxalq idman yarışlarında da böyük işlər görmüşlər. Bilirsən ki, bütün oyunlarda iştirak etmiş könüllüləri mən şəxsi Fəxri diplomla təltif etmişəm. Çünki doğrudan da onların fəaliyyətini mən elə oyunlar gedən vaxt izləyirdim. Görürdüm ki, bizim gənclərimiz nə qədər böyük məhəbbətlə, peşəkarlıqla, nəzakətlə bütün qonaqlara xidmət göstərirlər, yol göstərirlər, kömək edirlər. Bilirsiniz, bu, artıq tərbiyədir. Bu proqramdan keçən gənclər artıq gələcək həyatda da belə olacaqlar. Xalqımıza xas olan, əsrlərboyu yaşatdığımız milli-mənəvi dəyərlər də bu prinsiplər üzərində qurulubdur. Mən bu barədə dəfələrlə demişəm ki, bizim gənclərimiz xalqımızın əsrlərboyu yaratdığı dəyərləri gələcəkdə qorumalıdırlar, necə ki, biz qoruyuruq. Məhz o təqdirdə biz öz milli mənliyimizi, ləyaqətimizi saxlaya bilərik, qoruya bilərik. Ona görə xalqımıza xas olan xüsusiyyətlər könüllülər hərəkatı ilə üst-üstə düşür. Artıq minlərlə, bəlkə də on minlərlə könüllümüz var. Mən onu da bildirməliyəm, nisbətən bu yaxınlarda göstəriş vermişdim ki, dövlət orqanlarında da könüllülər fəaliyyətə başlasın, oraya cəlb olunsunlar. Artıq nazirliklərdə, dövlət şirkətlərində könüllülər qrupları vardır. Özəl şirkətlər könüllüləri işə cəlb etməlidirlər. Çünki bu, həm onlara xeyir gətirəcək, həm ümumi işimizə töhfə verəcəkdir. Ona görə könüllülər qarşısında hesab edirəm ki, bütün imkanlar açıqdır. Sən könüllüdən artıq dövlət qulluqçusu statusuna yüksəlmisən və sənə bundan da uğurlu gələcək arzulayıram.
Kompleksin əməkdaşı Ülkər Mahmudova: Möhtərəm cənab Prezident, Sizi Şamaxıda görməyimizə çox şadıq. Bu yaxınlarda 100 illiyini qeyd etdiyimiz Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunuyam. Öncə qeyd edim ki, biz şamaxılılar Sizin diqqət və qayğınızı həmişə hiss etmişik. Siz tez-tez bizim bölgəmizə səfər edirsiniz və daim bizim yanımızda olursunuz. Evlərimizin, məktəblərimizin vəziyyətini diqqətinizdə saxlayırsınız və onların yenilənməsinə bilavasitə özünüz nəzarət edirsiniz. Bildiyimiz kimi, bu ilin fevral ayında Şamaxıda zəlzələ baş vermişdir. Demək olar ki, elə həmin an Siz bizim yanımızda oldunuz. Bu, bir daha təsdiq etdi ki, Siz bizə – vətəndaşlarınıza nə qədər önəm verirsiniz. Sabah ağacəkmə aksiyası olacaq, Şamaxıda 45 minə yaxın ağac əkiləcək. Bu da o deməkdir ki, Şamaxının təbiəti daha da gözəlləşəcək. Bunlar hamısı Sizin sayənizdə baş verir. Ölkəmizin rəhbərliyinin yanımızda olduğunu hiss edirik. Buna görə Sizə dərin təşəkkürümüzü bildiririk və söz veririk ki, vətəndaşlarımızın xidmətində layiqincə dayanacağıq.
Prezident İlham Əliyev: Çox sağ ol. Mən doğrudan da Şamaxıda tez-tez oluram. Bir tərəfdən ona görə ki, Şamaxıya xüsusi diqqət göstərilir. Çünki bu, doğrudan da bizim tarixi şəhərimizdir. Ta qədim xəritələrdə Şamaxının adı vardır. Ona görə bunu hər bir Azərbaycan vətəndaşı bilməlidir. Biz Şamaxının tarixini, mədəni irsimizi qorumalıyıq. Digər tərəfdən, son illərdə Şamaxıda bir çox açılışlar olub, mən burada bir çox obyektlərin fəaliyyətə başlamasını qeyd edirdim. Ona görə mən Prezident kimi Şamaxıda 12 dəfə olmuşam. Bu səfər 13-cüdür. Bu il isə 3-cü səfərdir. Birinci səfərlər zəlzələ ilə bağlı idi. Fevral ayında və ondan sonra birinci evlərin, o cümlədən Saray nənənin evinin yenidən tikilməsini qeyd etmək üçün gəlmişdim. Onu da bildirməliyəm ki, zəlzələdən əziyyət çəkmiş vətəndaşların problemləri daim diqqət mərkəzindədir. Mən bu işlə demək olar ki, müntəzəm maraqlanıram. Bu gün yeni çoxmərtəbəli evin açılışını da qeyd edəcəyik. Əsas yükü təbii ki, dövlət öz üzərinə götürübdür. Amma mənim çağırışımdan sonra özəl sektor da bu işlərə qoşulub. Mən dedim ki, şamaxılıların, zəlzələdən əziyyət çəkmiş bütün vətəndaşların məişət problemləri həll olunmalıdır və həll olunur. Necə ki, İsmayıllı və Ağsu rayonlarında, orada da böyük tikinti işləri aparılır. Bu, bir daha bizim siyasətimizi göstərir. İndi təbii fəlakətlər hər bir ölkədə baş verir. Bu yaxınlarda biz televiziyadan gördük ki, Venesiya kimi tarixi şəhər su altında qalıb. Heç bir kanalizasiya sistemi o yağışların qabağında davam gətirə bilməyib. Bu yaxınlarda bəzi Avropa ölkələrində böyük daşqınlar baş verib. Düzdür, bizdə də olur. İndi yağış yağanda, özü də leysan yağanda heç bir şəhərin kanalizasiya sistemi onu tam götürə bilməz. Baxmayaraq ki, biz çox çalışırıq və göstəriş verilib ki, yağışların, daşqınların fəsadları aradan qaldırılsın və amma hətta ən inkişaf etmiş ölkələrdə daşqın böyük problemlərə gətirib çıxarır, o cümlədən zəlzələlər. Bir neçə il ərzində bizdə həm daşqın olub, həm də şimal-qərb bölgəsində zəlzələ olub. Hər iki halda dövlət bütün xərcləri öz üzərinə götürüb. Bu da deyə bilərəm ki, nadir bir təcrübədir. Çünki inkişaf etmiş ölkələrdə bu, belə deyil. Orada vətəndaşların evləri sığortalanır və əgər ev hansısa səbəbə görə ziyan çəkibsə, vətəndaş sığorta şirkətinə müraciət edir. Ondan sonra təqribən bir neçə ay ərzində ona vəsait ödəniləcək, ödənilməyəcək hələ bəlli deyil. Bizdə isə belə deyil. Biz başa düşürük ki, bizim vətəndaşlar buna hələ ki, öyrəşməyiblər. Evlərin bir çoxu sığortalanmayıb. Ona görə nə etməliyik? İmkan verə bilmərik ki, onlar küçədə qalsınlar. Ona görə dövlət bu işi öz üzərinə götürür. Əlbəttə, bu, böyük məsrəfdir, böyük xərclərdir. Amma biz xalq üçün yaşayırıq, dövlət xalqı qorumalıdır. Ən ağır vəziyyətdə olan vətəndaşları biz daim diqqət mərkəzində saxlamalıyıq. Şamaxı rayonunda baş vermiş zəlzələnin fəsadlarının bir hissəsi aradan qaldırılıb. Bu gün mənə növbəti addımlarla bağlı məruzə ediləcək. Zəlzələdən əziyyət çəkmiş yoldaşlar bilsinlər ki, biz onların yanındayıq. Necə ki, mən zəlzələdən dərhal sonra Şamaxıya gəldim. Bu gün də deməliyəm ki, bu məsələ daim diqqət mərkəzindədir. Təmirə, tikintiyə ehtiyacı olan axırıncı evə qədər bu, daim mənim diqqətimdə olacaqdır.
Kompleksin əməkdaşı Səbinə Kərimova: Möhtərəm cənab Prezident, Sizi salamlayırıq. Bizim üçün bu cür önəmli bir gündə yanımızda olduğunuz üçün Sizə təşəkkürümüzü bildiririk. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin məzunuyam. İxtisasıma uyğun olaraq özəl sektorda işləmişəm. Bu gün dövlət qulluqçusu olmağımda ən əsas motivasiyanı Sizdən almışam. Qeyd edim ki, Sizin tərəfinizdən daim müxtəlif sahələrdə islahatlar həyata keçirilir ki, bu da hər zaman izlənilir və diqqət mərkəzindədir. Sosial sahədə həyata keçirilən islahatlardan biri “ASAN xidmət” mərkəzinin yaradılması oldu. “ASAN xidmət” hazırda operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik və rahatlıq prinsipləri əsasında fəaliyyət göstərir və bu prinsiplərə sadiqdir. Qeyd etmək istəyirəm ki, bu prinsiplər məhz Sizin tərəfinizdən irəli sürülmüşdür. Bu prinsiplərə əməl olunduğuna görə də “ASAN xidmət” vətəndaşlar tərəfindən sevildi.
Möhtərəm Prezident, əmin ola bilərsiniz ki, biz gənclər daim Sizin siyasətinizi və islahatlarınızı dəstəkləyirik və daim Sizin yanınızdayıq. Qeyd etmək istəyirəm ki, son dövrlərdə hakimiyyətin hər üç qolunda apardığınız islahatlar, yəni, qanunvericilik, icra, məhkəmə sahələrində həyata keçirdiyiniz islahatlar həm gənclər tərəfindən, həm də bütövlükdə xalq tərəfindən çox böyük rəğbətlə qarşılandı. Xüsusilə də qeyd etmək istəyirəm ki, son dövrlərdə əksər rəhbər vəzifələrə gəncləri təyin edirsiniz. Bu da təbii ki, gəncləri dövlət qulluğunda çalışmağa ruhlandırır.
Möhtərəm Prezident, həm gənclər olaraq, həm də dövlət qulluqçuları olaraq Sizi əmin edirik ki, regional səviyyədə Sizin dövlət müstəvisində korrupsiyanın qarşısının alınması və şəffaflığın artırılması sahəsində apardığınız islahatlar vətəndaşlara aşılanacaqdır və bunun nəticəsində vətəndaşlar hiss edəcəklər ki, dövlət onların yanındadır və dövlət qulluqçuları onların xidmətindədir. Diqqətiniz üçün təşəkkür edirəm.
Prezident İlham Əliyev: Çox sağ ol, sən çox önəmli məsələyə toxundun. Mən də bir-iki kəlmə demək istəyirəm. Bilirsiniz, korrupsiya və rüşvətxorluq bizə qalan mirasdır. Ona görə bundan canımızı qurtarmaq üçün əlbəttə ki, həm maarifləndirmə işləri aparılmalıdır, düzgün siyasət aparılmalıdır və nəsillər dəyişməlidir. Mənim ümidim gənclərədir. Çünki gənclər yeni mühitdə, müstəqillik dövründə formalaşır. Əlbəttə, indi bizim dövrümüzdə də pozuntular, çatışmamazlıqlar var. Amma məsələ ondadır ki, biz bunlarla necə mübarizə aparırıq. Mən bir daha demək istəyirəm ki, biz bu mübarizədə təkcə inzibati, yaxud da ki, cəza tədbirləri ilə məqsədə müvəffəq ola bilmərik. Bütün bu tədbirlərlə yanaşı, institusional, sistem xarakterli islahatlar aparılmalıdır. İslahatların yeni dövrü keçən il prezident seçkilərindən sonra başlamışdır. Mən andiçmə mərasimindəki çıxışımda bizim əsas strateji inkişaf parametrlərini xalqın diqqətinə çatdırdım və hazırda biz ardıcıllıqla bu yolla gedirik. Baxın, Prezident Administrasiyası tamamilə yenidən formalaşıb, gənclər cəlb olunubdur. Nazirlər Kabineti yenidən formalaşıb, gənc nəsil cəlb olunur. İndi artıq növbədənkənar parlament seçkiləri elan olunub. Ümid edirəm ki, gənclər də bu seçkilərə çox fəal qoşulacaqlar. Çünki yeni simalar, yeni ideyalar, yeni yanaşma lazımdır. Eyni zamanda, mən onu da bildirməliyəm ki, biz nəsillər arasında ziddiyyətlərə yol verə bilmərik. Çünki bu, hər bir cəmiyyətdə var. Yaşlı nəsildən olan bir çoxları həmişə gənc nəsildən narazıdır. Ona görə biz bunu başa düşməliyik. Nəsillər arasındakı anlaşılmazlıq hər bir cəmiyyətdə var. Amma bizim cəmiyyət mühafizəkar cəmiyyətdir, konservativ cəmiyyətdir və ənənəvi dəyərlər üzərində qurulmuş cəmiyyətdir. Biz, əlbəttə, imkan verə bilmərik ki, bu təbii ziddiyyətlər hansısa böyük bir problemə çevrilsin. Ona görə, mən demişəm və mən gəncləri işə fəal cəlb etməyə başlayanda, gördüm ki, yaşlı nəslə qarşı elə bil hansısa bir kampaniya aparılır. Onu da mən dayandırdım. Çünki yaşlıların təcrübəsi, gənclərin müasirliyi və bunun vəhdəti bizə xeyir gətirəcək. Siz və “ASAN xidmət”də çalışanların mütləq əksəriyyəti cavanlardır. Amma yaslı nəslə xidmət edirsiniz. Çünki bu xidməti almaq üçün daha çox yaşlı nəslin nümayəndələri gəlirlər. Bax, bu nəzakətli davranış, bu mehribanlıq, xoş sözlər bizim cəmiyyətimizi də saflaşdırır və irəliyə aparır. Ona görə bir daha sizi təbrik edirəm və sizə uğurlar arzulayıram. Sağ olun.
X X X
Görüşdən sonra xatirə şəkli çəkdirildi.
X X X
Daha sonra Prezident İlham Əliyev “ASAN Həyat” kompleksinin tərkibindəki “ABAD Food Hall”un fəaliyyəti ilə tanış oldu.
Dövlətimizin başçısı burada yaradılmış iaşə mərkəzi və istirahət-əyləncə guşəsinə də baxdı