Bakı quberniyası tərkibində inzibati ərazi vahidi. “Zaqafqaziya diyarının idarəsi üçün təsisatlar” adlı qanuna (1840, 10 aprel) uyğun olaraq, Şirvan əyaləti və Salyan torpaqları əsasında yaradılmışdı. Mərkəzi Şamaxı şəhəri idi. 1841-46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846 ildə Şamaxı quberniyası yaradıldıqda, eyni adla onun tərkibinə qatılmışdı. 1859 il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzi Bakıya köçürüldüyündən, Bakı quberniyasının tərkibində idi. Şamaxı qəzasında Qəza idarə sistemi fəaliyyət göstərirdi. Qafqaz təqviminin (1917) məlumatına görə, qəzanın sahəsi 6625,99 verst (7553,64 km2) idi. Burada 133800 nəfər əhali yaşayırdı. Onların 132362 nəfəri yerli sakinlər, 1438 nəfəri isə müvəqqəti yaşayanlar, 71848 nəfəri kişi, 61952 nəfəri qadın idi. Əhalinin 97 min nəfərini azərbaycanlılar təşkil edirdi. Çarizmin köçürmə siyasəti nəticəsində qəzada ruslar da məskunlaşdırılmışdı. 17656 nəfər rusun, 1511-i pravoslav, 16145-i sektaçı (sektant) idi. Köçürülmə erməni-qriqorianların sayı 17542 nəfər idi. Şamaxı şəhərində 27752 nəfər yaşayırdı. Qəzanın iqtisadi həyatında kənd təsərrüfatının əkinçilik, bağçılıq, ipəkçilik, maldarlıq sahələri üstünlük təşkil edirdi. Sənətkarlıq, xüsusilə toxuculuq inkişaf etmişdi. Fevral inqilabından (1917) sonra Şamaxıda fəhlə və əsgər deputatları soveti yaradılmışdı. Şamaxı qəzasında Müvəqqəti hökumətin də orqanları yaradılırdı. Bakı Soveti öz hakimiyyətinin qəzalara yayılmasında, Bakıda olduğu kimi, azərbaycanlıların soyqırımından bir vasitə kimi istifadə edirdi. İsmayıl xan Ziyadxanovun Şamaxını müdafiə etməsinə imkan verməmək üçün ora Bakıdan 2 min nəfərlik dəstə göndərilmişdi. Şamaxı qəzasında azərbaycanlılara qarşı soyqırımına S.Şaumyanın yaxın silahdaşlarından olan daşnak cəlladı Lalayan (Lalayev) başçılıq etmişdi. Hesablamalara görə, ermənilər Şamaxı qəzasının 53 kəndində 8027 nəfər azərbaycanlını qətlə yetirmişdilər; onlardan 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri uşaq idi. Əhaliyə, ümumiyyətlə, 339,5 milyon manat məbləğində maddi zərər vurulmuşdu. Qəzada sovet hakimiyyətini yalnız bu qətl və qarətlər hesabına qurmaq mümkün olmuşdu. Şəhər dağıdılmış, qəza mərkəzi Çuxuryurd kəndinə köçürülmüşdü. 1918 il mayın 16-da Bakı Xalq Komissarları Sovetinin quberniya komissarı Məşədi Əzizbəyovun rəhbərliyi ilə Şamaxı qəzasında kəndli deputatları sovetlərinin qurultayı keçirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra ölkədə hakimiyyətinin tam bərqərar edilməsi uğrunda mübarizəyə başladı. Cənubi Qafqaz dəmir yol xətti boyunca döyüşlərdə qalib gələn Azərbaycan-türk hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu 1918 ilin iyulunda Şamaxıya daxil oldu. Şamaxı qəzasında Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti bərqərar edildi. Şamaxı qəzası Cümhuriyyətin sosial-iqtisadi və siyasi həyatında mühüm yer tuturdu. Lakin Aprel işğalı (1920) nəticəsində 1920 il aprelin 29-da Şamaxı qəzasında sovet hakimiyyəti quruldu.
Əd.: Azərbaycan Xalq Cünhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider-Nəşriyyat”, 2004, s. 364