Mayalı yağlı xəmirdən hazırlanan şirniyyat. Ələnmiş unun ortası oyulur, bura yumurta, ərinmiş kərə yağı, qənd kirşanı, duz, isti süd (30-32°C), vanilin və qabaqcadan bir az süddə isladılmış maya tökülür və xəmir yoğrulur. Hazır xəmir 10-15 dəqiqə övkələnir və 1- 1,5 saat isti yerdə saxlanılır.
Bu vaxt xəmir elastik olur və yaxşı kündələnir. İçlik üçün əsasən qatılaşmış mürəbbə və ya cem götürülür. Xəmir 5 mm qalınlığında yayılır, əridilmiş kərə yağı ilə yağlanır və 10-12 sm enində zolaqlara bölünür. Həmin zolaqlar iri oturacaqlı üçbucaqlar şəklində doğranır, üçbucağın oturacağına yaxın yerə yarım çay qaşığı mürəbbə qoyulub mütəkkə şəklində burulur. Mütəkkənin uclarını sıxıb yapışdırmaq lazımdır ki, içlik bayıra axmasın. Sonra mütəkkələrin üzünə əridilmiş yağ şəkərək 10-15 dəqiqə fırında bişirilir. Hazır mütəkkələr bir qədər soyuduqda onların üstünə şəkər kirşanı səpilir. 1 kq hazır mütəkkə üçün 550 q. əla növ un, 3-4 yumurta, 100 q. yağ, 160 q. üzlü süd, 150-160 q. cem götürülür.
Əd.: “Azərbaycan kulinariyası ensiklopediyası”, Bakı, “Şərq-Qərb”, 2007. 132 s.