Yeddi əsrdən artıq qüdrətli Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhərində hicri tarixinin 743 ilində Ərəb Xilafətinin Azərbaycan canişini, Əməvi xəlifəsi I Validin qardaşı Məslamə ibn Əbd ül-Malik tərəfindən inşa edilən Şamaxı Cümə məscidi, həm də dini mədrəsənin, mollaxananın mərkəzi olmuşdur.
Demək olar ki, həmin dövrdən 19 əsrin sonuna kimi təkcə ölkəmizdən deyil, Yaxın Şərq, Orta Asiya, Türkiyə və s. ölkələrdən minlərlə insan bu mədrəsədə yüksək təhsil almış, elm öyrənmişdir. Dahi şamaxılılar – Xaqani Şirvani, Fələki Şirvani, Müslüm Şirvani, İmadəddin Nəsimi, Nişat Şirvani, Mir Nazim Şirvani, Seyid Əzim Şirvani, Mirzə Nəsrulla bəy Didə, Mahmud Ağa, Həbib Əfəndi, Seyid Ünsizadə və b. ilk təhsilini mədrəsədə almış, görkəmli ziyalı, pedaqoq zirvəsinə yüksəlmişlər.
Orta əsrlərdə Azərbaycanın bir çox şəhərlərində böyük məscidlərin nəzdində mədrəsələr fəaliyyət göstərmişdir. 10-13 əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı. Həmin şəhərlərdəki mədrəsələrdə ərəb və fars dilləri, ərəb qrammatikası, kəlam, fiqh, riyaziyyat, xəttatlıq, tarix, sarf (morfologiya, cümlə bilgisi), hədis, təfsir, vəz, məntiq, bəlağət (gözəl danışma, ritorika), kəlam, hikmət, fəraiz (miras hüququ), əqaid (inancın əsasları), usul-ü fıkıh, elm-i həyat (astronomiya və astrologiya) ədəb-i bəhs (danışmaq ədəbi) və ədəbiyyat öyrədilirdi. Böyük mədrəsələrdə isə həm də yunan fəlsəfəsi, natiqlik elmi, həndəsə, tibb, kimiya və bu kimi fənnlər tədris olunurdu.
12 əsrdə yaşamış məşhur Şirvan həkimlərindən və alimlərindən biri Kafiyəddin Ömər ibn Оsmanın rəhbərliyi ilə Şamaxıda məşhur elm mərkəzi formalaşmışdı.Onun qardaşı оğlu Xaqani Şirvani tibbdən və başqa fənlərdən burada dərs almışdı. Bu mərkəzdə tibb, anatomiya, əczaçılıq elmləri ilə yanaşı riyaziyyat, məntiq, ilahiyyat və sair fənləri də öyrədirdilər. Xaqani Şirvani özünün “Töhfətül-İraqeyn” pоemasında Kafiyəddin Ömər və оnun fəaliyyəti haqqında ətraflı məlumat verir.
Şamaxıda 12 əsrdə dövrün adlı-sanlı elm adamları yetişmişdir. 1312-14 illərdə Şamaxıda təsis edilən mədrəsə Şeyx Əbu Talib Zakir şahın təşəbbüsü ilə böyük tədris mərkəzinə çevrilmişdi.
16-17 əsrlərdə elmlə yanaşı təhsil də inkişaf etmiş, bir sıra yeniliklər baş vermişdi. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də təlim-təhsil məsələlərinə din xadimləri rəhbərlik edirdi. Təhsil ocaqlarında ilahiyyat dərsi geniş tədris edilsə də, ictimai və təbiət elmləri də keçilirdi. Eyni zamanda astronomiya və riyaziyyat elmlərinin tədris edilməsi barədə də xəbər verilir. 17 əsr məşhur türk səyyahı E.Çələbinin məlumatına görə, Şamaxıda məktəblərin sayı 40-a, mədrəsələrin sayı 7-yə çatırdı.
19 əsrin əvvəllərində zamanın tələbinə uyğun olaraq qabaqcıl və daha mütərəqqi təhsilə böyük ehtiyac duyulurdu. 1829 ildə təqdim olunan təhsil nizamnaməsi bu vacib məsələni bir qədər də sürətləndirdi. Tədricən Şamaxı, Bakı, Quba, Gəncə, Şəki, Şuşa, Naxçıvan, Ordubad, Lənkəranda digər qəza məktəbləri yarandı və fəaliyyətə başladı. Bu ikisinifli məktəblərdə şəriət, qiraət, hüsnxət, hesab, rus və Azərbaycan dilləri tədris edilirdi.
1854 il yanvar ayının 18-də Şamaxıda 4 sinifli ilk ibtidai məktəb açıldı. Lakin 1859 il zəlzələsindən sonra Quberniya mərkəzinin Bakıya köçməsi ilə əlaqədar bu məktəb də Bakıya köçürüldü və orada 4 sinifli Ali ibtidai məktəb adı altında fəaliyyət göstərməyə başladı. Əvəzində həmin ildə Bakı qəza məktəbi Şamaxıya köçürüldü. 1850 ildə tanınmış mesenat Mahmud ağanın bacısı Güllübəyim xanım tərəfindən ilk qız məktəbi açıldı. Ayrıca məktəb binası olmadığı üçün Güllübəyim xanım öz evinin bir otağını sinif otağı üçün ayırmışdı. Bu məktəbdə şəriət dərsləri ilə yanaşı, ana dili, hesab, tarix, nəğmə dərsləri keçilir və evdarlıq işləri öyrədilirdi. “Müqəddəs Nina” qadın xeyriyyə cəmiyyətinin 1848 il aprel ayının 30-da açdığı rus qız məktəbi 2 il fəaliyyət göstərdikdən sonra 30 may 1859 ildə öz fəaliyyətini dayandırmalı oldu. Səbəb maliyyə imkanının tükənməsi idi. 1869 ildə S.Ə.Şirvani özünün “üsuli-cədid” (yeni üsul) məktəbini açdı. Bu məktəb mollaxana və mədrəsələrdən fərqlənirdi. Burada uşaqlar həsir üzərində deyil, skamyalarda oturur, yazı taxtasında yazırdılar. Şairin özü və dostları tərəfindən hazırlanmış dərsliklərdən istifadə edirdilər. Məktəbdə proqram üzrə keçilən əsas fənnlər türk, fars və rus dilləri ilə yanaşı təbiət, coğrafiya və hesab fənnləri idi. Görkəmli şəxsiyyətlər M.Ə.Sabir, S.M.Qənizadə, S.M.Əfəndiyev, H.B.Nəzərli və digərləri ilk və dünyəvi təhsillərini məhz bu məktəbdə almışdılar.
1874 ildə Şamaxı şəhər ruhani məclisinin sədri Hacı Məcid Əfəndi Əfəndizadənin təşəbbüsü ilə Şamaxıda “Məclis” məktəbi açıldı. Birbaşa məclisin qərarı, Hacı Səid və Cəlal Ünsizadə qardaşları tərəfindən əsası qoyulan bu məktəbdə Hacı Səid Əfəndi Ünsizadə türk dili və şəriət fənlırini, E.P.Pirbudaqov rus dili fənnini tədris etmişdir. Məktəbə müəllim kimi işləməyə ilk olaraq Seyid Əzim Şirvanini dəvət etmişlər. Bu məktəb bir il yarım fəaliyyət göstərmişdir. 1877 ildə Hacı Səid Əfəndi “Ziya” qəzetini nəşr etmək üçün Tiflisə köçərək yerini S.Ə.Şirvaniyə vermişdi. Məktəb 70 şagirdlə S.Ə.Şirvaninin öhdəsində qalır. Məktəb şagirdlərdən toplanan cüzi təhsil haqqı ilə idarə edilirdi. 1881 ildə Şamaxı şəhər məkətəbinin pedaqoji şurası təsis edildi. Bu Şura ümumiyyətlə Şamaxıda mövcud olan məktəblər üçün pedaqoji-metodiki mərkəz idi. Tədrisə, təlim-tərbiyəyə aid bütün məsələlər bu şurada müzakirə edilir, proqram materiallar tərtib olunurdu. Məktəb yalnız taxta materiallardan hazırlandığına görə “Taxta məktəb” adı almışdır. Məktəb həmin dövrdə S.Ə.Şirvaninin səyi ilə fəaliyyət göstərirdi. Məktəbi qoruyub saxlamaq, orada dərs keçmək elə də asan deyildi. Məktəbin ilk şagirdlərindən biri isə görkəmli şair Mirzə Ələkbər Sabir oldu. Bu təhsil ocağı bir sıra elm xadimləri, mütəfəkkirlər yetişdirdi. Məktəbdə S.Ə.Şirvaninin oğlu Mir Cəfər, H.Zərdabi, S.M.Qənizadə, C.Cəbrayılbəyli və s. tanınmış şəxsiyyətlər təhsil almışlar.
1887 ildə Quberniya Məclisinin sədri Hacı Məcid Əfəndi Əfəndizadənin təşəbbüsü ilə ilk Rus-Azərbaycan məktəbi təsis edildi. Həmin məktəbin yaradıcıları Sultanməcid Qənizadə və Həbib bəy Mahmudbəyov idi. Bu, Azərbaycanda böyük hadisə oldu və maarifin gələcək inkişafının istiqamətini müəyyənləşdirdi. Qısa müddətdə həmin məktəb məşhurlaşdı və 1891 ildə dövlət təminatına keçirildi. Sonradan bu tip məktəblər Azərbaycanda geniş yayıldı. 1896 ildə Həbib bəy Mahmudbəyov S.M.Qənizadə, İ.Məlikov və başqaları ilə birlikdə rus-müsəlman kitabxanası təşkil etdi. 1917 il oktyabr çevrilişinədək H. Mahmudbəyov (1864-1928) böyük ictimai maarifləndirmə fəaliyyəti ilə məşğul olaraq, Bakı Şəhər Dumasında məktəb komissiyasının üzvü kimi Azərbaycan müəllimlərinin Birinci qurultayının (1906) hazırlanması və keçirilməsində fəal iştirak etmişdir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan (28 aprel 1920 il) sonra H. Mahmudbəyov respublikada xalq təhsilinin inkişafında yeni istiqamətlərin işlənib hazırlanmasının fəal iştirakçılarından olmuşdur. Respublikada ali pedaqoji təhsilin təşkilində onun böyük xidmətləri var. Uzun müddət müəllim, məktəb direktoru işləmişdir. Sosial təşkilat komissiyasının (1920) üzvü kimi o, pedaqoji institutun təşkilində fəal iştirak etmişdir. Ali pedaqoji institut yarandıqda onun direktor müavini, sonra isə direktoru olmuş, eyni zamanda rus dili və ədəbiyyatından dərs demişdir. Həbib bəy Mahmudbəyov gecə kursları təşkil etmişdi. Bu kurslar bir zaman Mahmudbəyovun müdir olduğu və Şamaxı yolundakı binada yerləşmiş (Yasamal rayonu 18 və sonralar 240 nömrəli) məktəbdə təşkil olunmuşdur.
Azərbaycan milli ideyasının formalaşmasında mühüm rol oynayan mütəfəkkirlərimizdən olan Sultanməcid Qənizadə (1866-1937) Türkiyə və İslama münasibətdə özünəməxsus yer tutmuşdur. Hələ, 1880 illərin sonlarından başlayaraq Azərbaycan türklərinin maariflənməsi uğrunda mübarizəyə başlayan Sultanməcid Qənizadə bu dövrdə digər Azərbaycan türk mütəfəkkiri Mahmudbəyovla birlikdə, 1887 ildə Bakıda “rus-tatar məktəbi” adlı ilk yeni tipli ibtidai məktəbin əsasını qoymuşdur. Çünki bu dövrdə əsasən dini elmləri öyrədən mədrəsələr mövcud idi və orada da dərslər yalnız fars və ərəb dillərində həyata keçirilirdi. Yeni tipli məktəbdə isə Azərbaycan türkcəsi əsas dil kimi tədris olunur, eyni zamanda burada dünyəvi elmlər (coğrafiya, riyaziyyat, tarix və s.) tədris olunurdu.
Bu məktəbin yaradılması Azərbaycan milli ideyasının inkişafına da müsbət təsir göstərmişdir. Belə ki, həmin məktəbin məzunları arasında Məmməd Əmin Rəsulzadə də olmuşdur.
Sultan Məcid bəy Azərbaycan türk dilinin inkişafına da böyük diqqət yetirmiş, 20 əsrin əvvəllərində onun “Lüğəti-rusi və türki”, “İstilahi-Türki” və başqa kitabları nəşr olunmuşdur.
Qeyd edək ki, S.M.Qənizadə Azərbaycan Cümhuriyyəti dövründə də (1918-1920) milli və dini dəyərləri təbliğ etməkdə davam etmişdir. Qənizadə Azərbaycan Parlamentinin millət vəkili kimi, ən çox diqqəti “İslam-Türk” birliyinə yönəltmiş və türk-islam məfkurəsinin sintezindən çıxış etmişdir.
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal olunduqdan sonra da mədəni-maarif işlərini davam etdirən Qənizadə, ancaq Sovet repressiyasından qurtula bilməmişdir. Belə ki, onun vaxtilə islamçılıq, o cümlədən türkçülüklə bağlı çıxışları 1937 ildə repressiya olunması ilə nəticələnmişdir. Beləlliklə, ömrünün böyük bir hissəsini xalqının maariflənməsinə və savadlanmasına həsr edən Qənizadə bu yolda, sözün həqiqi mənasında şəhid olmuşdur.
Şamaxı bu gün də Azərbaycanın elm və təhsil sahəsində qabaqcıl yerini saxlamaqdadır. Belə ki, rayonda 72 ümumtəhsil məktəbi, Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı, Şamaxı Humanitar Kolleci, Şamaxı Dövlət Sənaye İqtisad Kolleci və Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası fəaliyyət göstərir.
Zəngin həyat və dövlətçilik təcrübəsi olan ulu öndər Heydər Əliyev cəmiyyətin inkişafında təhsilin rolunu yüksək qiymətləndirir, bu sahədə islahatların tezliklə başlanmasını zəruri hesab edirdi. Bu mənada dahi rəhbərin 1998 ildə təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması barədə sərəncamı, bir il sonra isə təsdiq etdiyi “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” müstəqil ölkəmizin təhsil salnaməsinə müstəsna əhəmiyyətə malik tarixi sənədlər kimi daxil olmuşdur. Digər sahələrdə olduğu kimi bu gün də cənab prezident İlham Əliyev tərəfindən elm və təhsilin inkişafına xüsusi önəm verilir. Bu inkişafda Şamaxının özəl yeri vardır və məhz bu islahatların nəticəsidir ki, bu gün rayonda mühüm uğurlara nail olan gənc alimlər var.
Son illər Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bütün respublikada olduğu kimi Şamaxıda da yeni müasir tələblərə cavab verən məktəblər inşa edilmiş və əsaslı təmir olunmuşdur. Azərbaycanda təhsilin yüksəlişi, uğurları “Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyevin əbədiyaşar təliminin, möhtəşəm siyasi kursunun təntənəsidir.
Dəyanət Musayev,
Pedaqoji elmlər üzrə fəlsəfə doktoru
Əd.: Əhmədov H. “XIX əsrdə Azərbaycanda məktəb təhsilinin inkişaf tarixi” Bakı, 1972
Mərdanov M. “Azərbaycan Təhsil Tarixi I və II cild” Bakı, 2011
Rüstəmov F. “Azərbaycanda pedaqoji elmin inkişaf tarixindən” Bakı, 1992
Rüstəmov F. “Şərqdə pedaqogika tarixi”. I kitab, Bakı, 2003