Cənubi Qafqazda ən qədim məscid kompleksi. 743 ildə inşa edilmişdir. Lakin bu məscidin yerində daha qədim məbəd olduğuna əsas verən əlamətlər onun üç mehrablı olması və buna müvafiq olaraq daxili quruluşunun üç hissəyə bölünməsidir Şamaxı Cümə məscidinin inşası xilafət ordusunun Azərbaycanı işğal etdikdən sonrakı dövrə təsadüf edir. Bəzi mənbələrdə göstərildiyinə görə, bu məsciddə Xəzər xaqanı İslam dinini qəbul etmişdir.
17 əsrin əvvəllərində səyyah Evliya Çələbi yazırdı ki, Şamaxıda Bizans nümunəsində olan böyük bir məscid mövcud olmuşdur. Məscidin həyətində isə mədrəsə otaqları fəaliyyət göstərirdi. Çələbinin verdiyi təsvirdən az sonra Şamaxı tarixində baş verən ən dəhşətli zəlzələ şəhəri, demək olar ki, yerlə yeksan etmişdi. Lakin Şamaxı Cümə Məscidi dünyanın sonunu xatırladan bu dəhşətli fəlakətə belə davam gətirmişdi. 1846 ildən etibarən Şamaxı Qafqazın ən böyük quberniyalarından birinin mərkəzi idi. 1859 ildə növbəti zəlzələ şəhəri alt-üst etdi və bununla əlaqədar quberniya mərkəzi Bakıya köçürüldü. Quberniya mərkəzinin köçürülməsinə baxmayaraq, Qafqaz canişininin müraciəti və çar administrasiyasının göstərişi ilə Şamaxı şəhərində tez bir zamanda bərpa işləri həyata keçirildi. Məscidin bərpası əslən Şamaxıdan olan Qasım bəy Hacıbababəyova etibar olundu. Möhkəm və dayanıqlı, min illərin fəlakətlərinə sinə gərən Cümə məscidi yenidən öz qapılarını mömin müsəlmanların üzünə açdı. 1902 ildəki növbəti zəlzələdən sonra əsrlərə davam gətirmiş, dayandığı məkana bağlı Cümə məscidi yerində qalırdı. Zəlzələdən sonra, məscidin bərpasının əvvəlki özül üzərində aparılmasına qərar verildi. Bərpa əvvəl memar Zivər bəy Əhmədbəyovun, sonra isə polşalı memar-mühəndis Yozef Ploşkonun layihəsi əsasında aparıldı. Ploşkonun bir qədər fərqli və orijinal layihəsi əsasında aparılan bərpa işləri sona qədər tamamlanmadı.
Məscid tamamlanmamış halda belə, öz əzəmətini qoruyub saxlayırdı. 1918 ildə silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən Mart qırğınları zamanı Şamaxı əhalisinin xeyli hissəsi məsciddə sığınacaq tapmağa çalışdı. Lakin azğınlaşmış erməni quldurları heç nəyə baxmadan məscid binasını insanlarla bərabər yandırmaqdan çəkinmədilər. Beləliklə, əsrlər boyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi son yüz ildə daha iki dəhşətli zərbəyə davam gətirdi: erməni yağıları tərəfindən törədilən yanğına və Sovet hakimiyyəti illərində sanki xalqa gözdağı verilməsi kimi yararsız və baxımsız hala salınmağına.
1920 ildən sonra, Sovet hakimiyyəti dövründə Cümə məscidi toxunulmaz qalsa da, fəaliyyət göstərmir, insanların gözündə nüfuzdan salınırdı. Həmçinin, bu dövrdə təyinatı üzrə istifadə olunmayan məscid məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980 ildə bu tarixi abidə yenidən təmir olunmuşdur.
Azərbaycan müstəqillik qazandıqdan sonra Şamaxı əhalisinin mömin bəndələri yenidən axın-axın Cümə məscidinə üz tutmağa başladılar.
Heydər Əliyev Fondu tərəfindən Şamaxı Cümə Məscidinin bərpası təşəbbüsü irəli sürülmüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 dekabr 2009 il tarixli Sərəncamına əsasən genişhəcmli və əsaslı təmir işləri başlamışdır. Demək olar ki, Azərbaycan tarixinin bu nadir incisinə ikinci həyat verilmişdir. Baş plana əsasən Cümə məscidini üç tərəfdən əhatə edən, tağvari dəhlizlər inşa olunmuşdur. Yenidən bərpa edilmiş günbəz və minarələr isə həqiqətən Azərbaycan milli-memarlıq və nəqqaşlıq sənətlərinin şah əsərləri hesab oluna bilər. Məscidin ərazisində ikimərtəbəli inzibati bina, məişət binası, məscidə gedən körpücük yenidən tikilmiş, konfrans zalları, kitabxana, dəstəmaz yerləri və digər otaqlar insa edilmişdir. Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilmişdir. Bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli-memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilməsi bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi tanınan və yüksək ehtiram göstərilən memarlıq üslubu, qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə Məscidinin yenidən dirçəlməsinə imkan vermişdir. 17 may 2013 il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə əsaslı bərpa edilən və yenidən qurulan Şamaxı Cümə Məscidinin açılışı olmuşdur.
Əd.: Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi saytı (www.scwra.gov.az)