Fikrət SADIQ
QİSMƏT
Hər kəsin qisməti gələndə bölünür.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Kim nə miqdar olsa əzəldən bilinir
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Çox olan çox yedi, az olan az yedi.
Çox olan gizlədi, az olan gözlədi.
Göydən də bir mələk bunları izlədi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
Naşükür doymadı, artmağa cəhd etdi.
Durdu, zor işlətdi, zor əydi düz xətti.
Tanrıya ağ oldu, aləmi titrətdi.
Kiminə qoşa ovuc, kiminə tək ovuc.
***
Döyüşdə ölmədim deyəm,
Bayrağı örtün üstümə.
Üstündə son misram donmuş,
Varağı örtün üstümə.
Dön bax illərə, aylara,
Nəyim varsa para-para.
Qara günüm çoxdu, qara,
Torpağı örtün üstümə.
Ümidim yaralı bir quş,
Qolum-qanadım qırılmış.
Üşüyürəm, xəzəl olmuş,
Yarpağı örtün üstümə.
Göylər niyə zalım olsun,
Tale mənə zamin olsun.
Bir dərə məzarım olsun
Bir dağı örtün üstümə
İsgəndər ETİBAR
SƏN DƏNİZSƏN, GÜLÜM
Dəniz qoxusu gəlir səndən, gülüm,
dəniz qoxusu;
Qaçıb gözlərimin yuxusu,
Gəmirir içimi dalğa-dalğa
dəniz qorxusu…
Sən məni qərq edə bilərsən
dəniz dərinliyində…
Çalxanırsan, çalxanırsan,
Ömrün ümid çənbərində,
Üzür arzu balıqları,
Üzür qəzəb kərgədanları
dəniz sərinliyində.
Dirsəklənib sahilin sərt daşına,
Ümid toru atmışam arzu balıqlarına.
Əriyəcək içimdəki dəniz qorxusu.
Bir qızıl balıq tutacam indicə,
Deyəcək yaşadığı dənizin
dadını, duzunu,
Deyəcək nə qədərdi fikrinin
eni, uzunu.
Sənsiz, səndən kənarda,
Söz süfrəsi açacaq
qızıl balıq mənimlə.
Mən ondan nə qızıl taxt,
Nə imarət,
Nə də dəniz umacam.
Mən ondan bəxt umacam, bəxt,
Bir də səni gətirən
vaxt umacam, vaxt;
Səni mənə yetirsin,
Sən dənizsən, gülüm
Səni məndə
Bir saralmaz gül kimi,
Məni səndə
Əyilməz palıd kimi bitirsin!
Aramızda bitən kolu, tikanı,
Aramızdan itirsin…
Dəniz qoxusu gəlir səndən, gülüm,
dəniz qoxusu;
Qaçıb gözlərimin yuxusu…
VAXTDAN GÜCLÜ NƏ VAR Kİ
Saatın taqqıltısı –
Vaxtın ayaq səsidi.
Vaxt dəli bir heyvərə,
vaxt sərsəridi.
Vaxt məni əzir,
sarsıdır,
Vaxt məni bəsləyirdi.
Vaxt xəbisi, acgözü
Pişik siçan oynadan kimi
oynadırdı.
Həmişə acgözləri
Qazan kimi qaynadırdı.
Nadanları qudurdub,
Dahilərlə
bir masada oturdub.
Yarıac, yarıtox
Qış günü, əynində
Yayda geyilən köynək,
Başında bəşərin dərdi.
***
aşdıq dağın o üzünə
gedirik üstən aşağı
elə bil ki bu yol bizi
aparır qəsdən aşağı
ay boşuna sürünən yol
haqqa sarı ərinən yol
ay gözümə dirənən yol
yol varmı gözdən aşağı
dil nə deyirsə asidi
susmaq ölüm həvəsidi
səbir sevgidə qazidi
şikəstdi dizdən aşağı
ömür sevgiylə yarıdı
sevgi haqqın buxarıdı
hamı bizdən yuxarıdı
kimsə yox bizdən aşağı
Söz öndədi biz geriyik
ona son anda gərəyik
biz hər cür səsdən diriyik
ölüyük Sözdən aşağı
* * *
nə başını ağrıdırsan
hər qapıya açar düşməz
fələk yenməz hər fəryada
göy üzünü qucar düşməz
haqq aşığı təbdən düşər
təbdən düşən dəbdən düşər
oyunbazlar ipdən düşər
düşənlər də naçar düşməz
gəlib gedən gedib gələn
qalan qalıb ölüb ölən
budaqdakı o quş ilən
işin yoxdu uçar düşməz
bir yerə inan bir göyə
yeri, aldanma hər küyə
göz yaşın gəlməz hörgüyə
göz yaşından hasar düşməz
* * *
Vədlər pülənirdi qara zurnatək,
Vədələr şişirdi rəngli şar kimi.
Ümid daman vədələrin ətəyindən yapışıb
Umud olduq fürsəti kəm olmuşlara
əl- əl üstə yatdıq məzlum quzutək
süfrəyə dağılan xörək duzutək
qədrimizi bilmədik
Atdıq danışmağın daşını
Atlar susuz qaldı
Mal-qara yemsiz
Davar-duvarlar mələr
Örüşlər baxımsız
Bizlər ərdəmsiz
torpağın üzü döndü
dönüb üzümüzə baxmadı belə;
öldür məni dirildim səni demişdi
biz onu öldürmədik o bizi diriltmədi
biz onu öldürəmmədik o bizi öldürdü.
Qurudu inəklərin yelini
Qoyunlar yalxı doğdular
İtlər də düşdü tovdan
Səs də getdi “baş üstə”nin badına
Aşıq udan kimi uddular səsimizi
Min səkkiz yüz otuz günün içində
yadlarına düşmədik.
Ümiddən, yalandan asılı qaldıq;
Yarı xədim oldu, yarısı qısır…
Daldaya düşən kimi
Nər igidlər asıb-kəsir
Birinin ürəyi, beşinin başı
Mininin dizləri əsir
Səsdən yetim, kefdən yesir
Yetim- yesir, yesir yetim…
BƏXT YİYƏSİ
Arzuların səndən öndə,
Indi sənsən ondan öndə.
Köhlənini geri döndər,
Bəxtin özündən keçirmiş.
Taxtın bəxtin öz çiynində,
Indi bəxtin döz çiynində.
Yol gedirsən söz çiynində
Bəxtin sözündən keçirmiş.
Qatarlandı durna köçü,
Yaşdan yandı gözüm içi.
Kimin oldu yuxusu çin
Göyün üzündən keçirmiş.
Arzuların gözü yaşlı,
Bəxt özüymüş başı daşlı.
Ürəyimdən qəhər daşdı,
Suyu gözümdən keçirmiş.
Tahir TAİSOĞLU
UZAQ, İSTİ HƏNİR…
Soyuq qış gecəsində
uzaqdan bir hənir hiss edirəm –
Ona tərəf gedirəm.
Elə bil aramlı bir qazan qaynayır –
buxarı halqa-halqa,
qalxa-qalxa
havada oynayır.
Üşüyürəm, donuram,
Soyuqdan əsim-əsim əsirəm,
İsinməyə tələsirəm.
Nə işıq var orada –
Nə bir it hürür.
Bir inək gövşəyir –
Nəfəsində isti hənir.
Buxarlanır, uçur, gedir nəfəsi
boş-boşuna,
öz başına…
Yaxınlaşıram, isindirir məni…
Dilim söz tutur,
Bir az özümə gəlirəm.
İnəyi tumarlayıram-
əllərimin, barmaqlarımın soyuqluğunu
isti nəfəsi udur.
İndi bilirəm istilik nədir
ömür üçün.
Yadıma düşür Frans Kafkanın
imansız kömürçüsü…
Hərisliklə var-dövlət yığanlar
hələ də bilmirlər –
Bir inəyin nəfəsi qədər də
deyillər!..
VAXTSIZ GƏLƏN QONAQ
(2016-cı ilin qışı üçün)
Vaxtsız, tez gələn qış,
fikirləşmədin ki,
Ağaclarda qalan o qədər
meyvələr
neyniyəcək?!
Qamçılı küləklərin
saraltdı yarpaqları ətək-ətək!
Bax gör o kimdir?!..-
kasıb tələbə
pencəkdə, fikirli-fikirli
yol gedir…
Tələsmək sənə qalmışdı?
Vaxtında gələn qış
hörmətli qışdı!
Əvvəl payızın yağışlarını oğurladın,
yağdırdın kəndə, şəhərə.
Sonra da qəfildən öz qarını
səpələdin hər yerə.
Neçə dovşan, neçə dələ
salamat çıxmadı səhərə –
Çoxusu da yuvalarında
qorxa-qorxa sənin buz nəfəsini dinşəyir.
Nə o üzə,
nə bu üzə,
nə də qızıl payıza
nəfəs çəkməyə aman vermədin.
Çobanlara qışlağa enməyə
zaman vermədin.
Fikrin başqa imiş demə,
vaxtsız gələn qonaq,
daha ora-bura çovumursan-
Kisən doludur, axı,
şaxta ilə, qar ilə,
donmuş heyva, nar ilə.-
Bizdən heç nə gözləmə!
Doğru deyirlər ki,
bahar vaxtsız gələndə
Təbiətə nuş olar –
Qış tez gələndə isə
ağaclar naxoş olar!..
***
Sevda yuxuları sığal götürmür,
Sevda yolçuları nazçəkən olur.
Sən eşqə bu qədər inanma, dəli,
Tale qız vaxtında yazçəkən olur.
Ruhumu lal edib tabut qorxusu…
Beş kişi yığışıb gora aparır…
Allah da adamı arada sıxır;
Hardan gətiribsə, ora aparır…
Ömür quyu kimi, can deşik-deşik…
Bu bəxt də bəxtimə iri düşmədi.
Mənə eşq dəlisi dedilər… amma
Yüz qıza tor atdım, biri düşmədi…
Quzum, məndən ötrü divanə olma,
Kişinin ya qəbri, ya damı olar…
Bircə, Allah qalıb əl qaldırası,
Qorxuram, onun da adamı olar…
RUHUM VӘCDӘ GӘLİR…
Ruhum vəcdə gəlir lal sevda kimi,
Cismimin altında təpə oynayır.
Sən elə süzürsən, elə bil ki, qız,
Suların qoynunda ləpə oynayır.
Kölgəmin tabutu elə durub ki,
Elə bil torpağa düz xətt qoyublar.
Sənə vermədiyim vədin altından
İmza əvəzinə yüz xətt qoyublar.
Eşqdən kim yorulub, biz də yorulaq,
Deyəsən, gün keçir, boynum üşüyür.
Sanki xəzan vurmuş quru yarpaqdı,
Qızlar bir‐bir düşür, qoynum üşüyür.
QƏBRİNDƏ YATDIĞIM DOSTLAR
Məni qoyub hara getdi-
İçində batdığım dostlar,
Üşüyəndə pencəyimi
Çiyninə atdığım dostlar?..
Biri durub baxa yola,
Biri durub saçın yola,
Dərdlərini qızıl pula
İçimə satdığım dostlar.
Qışqırsam da duymadılar,
Qəbrim üstə qoymadılar-
Bir çiçəyə qıymadılar
Qəbrində yatdığım dostlar.
***
Ruhun astarında qəm büküm-büküm
Durub dərdlərimin şəklini çəkim.
Üstünə qalanan ağır qəm yükün
Ürək daşımaqçın nökər axtarır.
Uçub başım üstə tökülür bu dam,
Səhəri qorxuyla gözləyir adam,
Bu ümid arabam,arzu arabam
Ünvana çatmaqçın təkər axtarır.
Tale zirvəsini çən alan gündən
Ürəyin istəyi olubdur dən-dən.
Bu sökük bədəndən,salxaq bədəndən
Ruh da çıxmaq üçün bir yer axtarır.
SƏRÇƏ SEVGİSİ
Alma ağacı var bizim həyətdə,
Bir quş var, onunla dostluq eyləyir.
Yaman tənha quşdu, yalqız dolanır,
Dərdini, sirrini ona söyləyir.
İndi yamyaşıldı, çiçək də açıb,
Bəlkə də, gələn qış yanar budağı.
Tab etməz o quşun ağırlığına,
Deyirsən, indicə sınar budağı.
O quşun dərdi var oxuyur belə,
Bir dinsiz yuvasın uçurdub, yıxıb.
Ağacdan yıxılıb, ölüb balası,
O gündən dərdini bağrına sıxıb.
Bizim bağçamızda elə bil tapıb,
Bu dərd onun sanki itən dərdidir,
Kim bilir bu quşun dərdinin adın,
Dərdi bala dərdi, vətən dərdidir?!
Gözləri məsumdu sərçəciyəzin,
Bir az cəsarətli, bir az utancaq.
Qəlbi kövrək olan susub, dinləyər,
Qəlbidaşlar ona daş atar ancaq.
Mənə umud olma sən bu vətəni,
Gözümdən düşəcək gözüm üstəsə.
Vətəni o sərçə məndən çox sevir,
Uçur Qarabağa haçan istəsə!
QƏRİBƏ VAXTLAR
Sənün də qəribə vaxtdarun olub,
Boynuma sarılıb öpən vaxdarun.
Mən səndə özümü itirdiyimdə,
Sən məndə özünü tapan vaxdarun.
Hələlik deyib-gül, hələlik şən ol,
Qabağda başına döyməyün də var.
Hələlik özünə “bəxtəvərəm” de,
Özünü özgətək söyməyün də var.
Özün də fərqində deyilsən hələ,
Oyanıb getmisən, yatıb getmisən?!
Atanda pul atar, adam görmüşük,
Sən mənə məhəbbət atıb getmisən.
Hazırladı : Tural ADIŞİRİN
Mənbə: http://manera.az/edebiyyat/5403-shamaxi-edebi-muhiti-8-imza.html