(16.2.1916, Şamaxı – 19.8.1983, Bakı) – Azərbaycan sənətşünası. Azərbaycan SSR EA akademiki (1983; müxbir üzvü 1968). Azərbaycan SSR əməkdar inşaatçısı (1960). Azərbaycan SSR əməkdar elm xadimi (1982) Sənətşünaslıq doktoru (1965), professor (1967).
1944-83 illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunda işləmişdir. 1951 ildən institutun Memarlıq tarixi və nəzəriyyəsi şöbəsinin müdiri (1957 ildən eyni zamanda direktor müavini), 1962 ildən Azərbaycan Tarix və Mədəniyyət Abidələrini Mühafizə Cəmiyyətinin sədr müavini olmuşdur. Azərbaycan memarlığının ilk tədqiqatçılarından və Azərbaycan sənətşünaslığının banilərindən biri olan Salamzadə Azərbaycan memarlığı və sənətkarları haqqında elmi əsərlərin müəllifidir. Bir çox görkəmli Azərbaycan abidələrinin və sənətkarlarının aşkar edilməsi və ilkin tədqiqi, Arran və Təbriz memarlıq məktəblərinin kəşfi və elmi əsaslandırılması Salamzadənin tədqiqatları ilə bağlıdır. Azərbaycan şəhərsalma tarixinin ilk tədqiqatçısı olan Salamzadə qədim şəhərlərin və memarlıq abidələrinin bərpası və mühafizəsinin elmi əsaslarını hazırlamışdır. Salamzadə “Azərbaycan memarlığının tarixi”, “Sovet Azərbaycanının memarlığı”, çoxcildli “SSRİ xalqları incəsənəti tarixi”, “Ümumi memarlıq tarixi” əsərlərinin əsas müəlliflərindəndir. Azərbaycanın bir çox memarlıq abidəsinin bərpa layihəsinin tərtibçisidir. M. P. Vaqifin 1982 ildə Şuşada açılmış türbəsinin müəllifidir (E. Kanukovla birgə). Pedaqoji fəaliyyət göstərmişdir. Yüksək ixtisaslı kadrların yetişdirilməsində xidməti var. ASE elmi redaksiya şurasının üzvü olmuşdur. Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir.
Əd.: ASE, VIII cild, Bakı, 1984, s.266