(24.2.1921, Xızı – 20.12.2014, Bakı) – Azərbaycan rəssamı, Azərbaycan Respublikasının xalq rəssamı (1992). Bakı Rəssamlıq Texnikumunu və V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun qrafika şöbəsini bitirmişdir.
“Azərnəşr”də baş rəssam vəzifəsində çalışmışdır. O. de Balzakın “Qorio ata”, V.Hüqonun “Səfillər”, İ.Turgenevin “Atalar və oğullar”, M.Qorkinin “Artamonovların işi” əsərlərinə bədii tərtibat vermişdir. Rəssam həmçinin H.Cavidin, C.Məmmədquluzadənin, S.Hüseynin, C.Cabbarlının əsərlərinə, M.F.Axundovun “Aldanmış kəvakib”, Rəşad Nuri Güntəkinin “Çalı quşu” romanının illüstrasiyalarını çəkmişdir.
Kitab qrafikası ilə yanaşı geniş və hərtərəfli yaradıcılıq imkanlarına malik olan rəssam portret janrında da öz fırçasını uğurla sınaqdan çıxarmışdır. Rəssamın portretləri içərisində ümummilli lider Heydər Əliyevin, şairə Xurşudbanu Natəvanın, Qonça Bəyimin, Ümmügülsüm xanımın, akademik Zərifə xanım Əliyevanın, Azərbaycanın xalq rəssamı Elmira Şahtaxtinskayanın portretləri xüsusi yer tutur.
Qrafika və rəngkarlıq əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Milli Azərbaycan Tarixi Muzeyində, C.Cabbarlı adına Teatr Muzeyində, Ü.Hacıbəyovun, S.Vurğunun, Bülbülün, H.Cavidin ev muzeylərində, Dövlət Rəsm Qalereyasında, Naxçıvanın muzey və qalereyalarında, Moskva Dövlət Tretyakov Qalereyasında, Orenburq, Lvov, Ulyanovsk muzeylərində saxlanılır. Tabloları Azərbaycan, Almaniya, ABŞ, Kanada, İsrail, Rusiya, Belarus və Pakistanda bir çox şəxsi kolleksiyaları bəzəyir. Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan “Zülfüqar Şirvani və Hüsaməddin Xoylu”, “Yunis İmrə Molla Qasım Şirvani ilə”, “Xaqani Günəşə xitab edir” əsərləri, Xaqani və Nəsiminin qəzəllərinə illüstrasiyaları təsvir formalarının sadəliyi və rəngarəngliyi ilə fərqlənir.
“Şərəf” ordeni ilə təltif edilmişdir.
Oqtay Sadıqzadə, Gülrəna Qacar. Baki, “Çaşıoğlu”, 2002