(20.2.1953, Bakı) – Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor. Azərbaycan Dövlət Universitetini bitirmişdir. Azərbaycan MEA Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisidir. Əsas tədqiqat istiqamətləri 20 əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranın və Türkiyənin siyasi tarixi və 1918 il azərbaycanlıların soyqırımını əks etdirən “Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri” silsiləsindən sənədlər toplularının ilk dəfə nəşri (14 kitab) və təhqiqatı (3 monoqrafiya) ilə bağlıdır.
10 kitabın, 17-si xaricdə çap edilmiş 144 elmi əsərin müəllifidir. Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir. Solmaz Rüstəmova-Tohidi 1918 il Şamaxı hadisələrinin ətraflı istintaqına həsr edilmiş iki cildlik “Şamaxı. Mart-iyul 1918 il. Azərbaycanlı qırğınları sənədlərdə. I və II cild, Bakı, 2013” kitablarının və “1918 Azərbaycan qırğınları şəkil və sənədlərdə, Bakı, 2013” foto-albomunun müəllifidir. Bu kitablarda Şamaxının və onun əhalisinin qədim tarixi tədqiq olunur, Şamaxı qəzasında erməni millətçilərinin törətdikləri ağlasığmaz cinayətlər rəsmi sənədlərin dili ilə şərh edilir.
Əd.: Solmaz Rüstəmova-Tohidi “Şamaxı. Mart-iyul 1918 il. Azərbaycanlı qırğınları sənədlərdə”, I və II cild, Bakı, 2013