(5.4.1941) – Azərbaycan bəstəkarı, pedaqoji elmlər doktoru (1992), professor (1995), Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü (2009), Azərbaycan Lenin komsomolu mükafatı laureatı (1982), əməkdar müəllim (1987). Azərbaycan Dövlət Pedaqoji İnstitutunu və Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Onun müxtəlif mövzularda qələmə aldığı 400-dən çox əsər Azərbaycan bəstəkarlarının mahnı antologiyasını zənginləşdirməkdə mühüm rol oynamışdır. O.Rəcəbov bir bəstəkar kimi yaradıcılığa başladığı ilk vaxtlardan irihəcmli vokal və instrumental əsərləri qələmə almağa da xüsusi diqqət yetirmişdir. O, 3 uşaq operasının, 2 operettanın, 6 simfoniyanın, müxtəlif janrlı vokal-instrumental əsərlərin, 17 filmin musiqi müəllifidir. Bilavasitə rəhbərliyi və müəllifliyi ilə 1996-2010 illərdə ümumtəhsil və musiqi məktəbləri üçün 16 adda “Musiqi”, “Musiqi ədəbiyyatı” dərsliyi, “Fortepianoda çalmaq üçün müntəxəbat”, “Elementar musiqi nəzəriyyəsi” tədris vəsaitləri nəşr olunmuşdur. O.Rəcəbovun təşəbbüsü ilə yaradılan və 1978-92 illərdə Azərbaycan televiziyası ilə yayımlanan “Məktəblilərin musiqi klubu” estetik tərbiyə üzrə bir sıra nəzəri-təcrübi məsələlərin həllinə əhəmiyyətli təsir göstərmişdir. “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
Məlumat http://composers.musigi-dunya.az saytından götürülüb.