Şamaxı rayonu kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 26 km cənub-şərqdə, Pirsaat çayından 8 km, Bakı – Şamaxı şose yolundan 12 km aralı, Ləngəbiz silsiləsinin yamacındadır. Әhalisi 3681 (2009) nəfərdir, 558 təsərrüfatı var. Tam orta və ibtidai məktəb, kitabxana, tibb məntəqəsi, kənddən 2-3 km cənub-qərbdə qədim yaşayış yeri (e.ə. I minilliyin sonu, eramızın I minilliyi) var. Eyniadlı palçıq vulkanı kəndin yaxınlığındadır. 1886 ilin əhalinin siyahıya alınmasında Şamaxı qəzasının Qobustan sahəsində Quşçu kəndi (2-ci kənd 235 ailə, 2014 nəfər əhalisi) qeydə alınmışdır. Kəndin adı türkdilli quşçu tayfasının adı ilə bağlıdır. Tədqiqatçıların fikrincə, Azərbaycan ərazisində bu tayfanın məskunlaşması nəticəsində yaranmış bir neçə toponim var. 19 əsrdə Qafqazda quş komponentli 38 toponim qeydə alınmışdır. Bu toponimlərin erkən orta əsrlərdə meydana çıxması güman olunur.
Əd.: ASE, III cild, Bakı, 1979, s.290
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 64.
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.54