İlk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 25 km cənub-şərqdə eyni adlı kəndin mərkəzində yerləşir. Abidə 5 hektar sahəyə malikdir. Mülayim iqlim zonasında yerləşən Quşçu kəndi ərazisində kənd təsərrüfatı və sənətkarlığın bütün sahələrinin inkişaf etdirilməsi üçün əlverişli şərait vardır. Bu zəmin ta qədim zamanlardan insanların Quşçu ərazisində məskunlaşmasına səbəb olmuşdur. Quşçu kəndi ərazisində müxtəlif tipli arxeoloji abidələr – Daş qutu qəbirləri və Qalacıq müdafiə ictehkamı qeydə alınıb tədqiqat işi aparılmışdı. Əldə edilmiş arxeoloji materialların əksəriyyəti keramika məmulatından ibarətdir. İlk orta əsr gil məmulatı böyük üstünlük təşkil edir. Buraya qazan, küp, boşqab, bardaq, iri təsərrüfat küpləri, şamdan və b. növ gil avadanlıq nümunələri daxildir. Şamaxının digər ilk orta əsr abidələrinin analoji materialları ilə müqayisəli təhlili əsasında Quşçu keramika məmulatlarını 3-8 əsrlərə aid etmək olar. Quşçudan aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin təhlili yaşayış yerinin çoxtəbəqəli olduğunu göstərir. Quşçu yaşayış yerində ilk və inkişaf etmiş orta əsrlərə aid əsasən iki zəngin təbəqə vardır. Burada 17 əsrədək ardıcıl həyat tərzi olmuşdur. Quşçu abidəsindən tapılan ilk orta əsrlər, inkişaf etmiş və son orta əsrlərə aid arxeoloji materialların əksəriyyəti şəhər sənətkarlığı üçün səciyyəvi sayılır. Abidənin bir çox xarakterik xüsusiyyətləri və müxtəlif növlü sənətkarlıq məmulatları Quşçu yaşayış yerinin şəhər tipli olduğunu göstərir.
Əd.: N.Xasayev “Dağətəyi Şirvanın ilk orta əsr arxeoloji abidələri”, Bakı, “Nafta-Press”, 1998, s.26-27