Şamaxı r-nu Qonaqkənd kənd i.ə.d.-nin mərkəzi. Cabanı yaylasının şimal-şərq ətəyində, Pirsaat çayının orta axınının sağ sahilindədir. Əhalisinin sayı 829 nəfərdir (2009), 166 təsərrüfatı var. 19 əsrdə əhalinin siyahıya alınması zamanı Şamaxı qəzası Qoşun sahəsində Qonaqkənd kəndi (118 ailə, 604 nəfər) qeydə alınmışdır. 19 əsrin əvvəllərində Quba xanı Şeyxəlixan (1791-1810) dövründə, onun zülmünə dözməyən Qonaqkənd kəndindən bir qrup ailənin köçüb məskunlaşması nəticəsində yaranmışdır. Yeni yaşayış məntəqəsinə də Qonaqkənd adı verilmişdir.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild. Bakı, “Şərq-Qərb”, 2007, s. 64.
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.70