(20.6.1896, Şamaxı – 21.4.1938) – sovet partiya və dövlət xadimi. Әvvəlcə mollaxanada, sonra Şamaxı realnı məktəbində oxumuş, bir müddət Bakıda rus-tatar məktəbində dərs demişdir. 1916 ildə Don (indiki Novoçerkassk) Politexnik İnstitutuna daxil olmuş, tələbələrin inqilabi çıxışlarında iştirak etmişdir. 1917 ildə Şamaxı Fəhlə və Әsgər Deputatları Sovetinin sədri olmuşdur. Zaqafqaziya kəndli deputatlarının qurultayında Kəndli Deputatları Soveti Ölkə İcraiyyə Komitəsinə üzv seçilmiş, Ümumrusiya Kəndli Deputatları Soveti İcraiyyə Komitəsinin işində (1917) iştirak etmişdir. 1917 ildə Tiflis menşevik “Hümmət” təşkilatına daxil olmuşdur. 1918 ilin dekabrında Bakıya gəlmiş, Bakı Fəhlə Konfransının sədri (1919), RK(b)P Bakı Komitəsinin üzvü, 1919-20 illərdə “Bakı Fəhlə konfransının əxbarı”, “Zəhmət sədası”, “Azərbaycan füqərası”, “Füqəra sədası”, “Oktyabr inqilabı” və s. bolşevik qəzetlərinin redaktoru olmuşdur. ADR parlamentində hümmətçi bolşevik deputat olub. AK(b)P-nin 1-ci qurultayında (1920, fevral) MK üzvü seçilmişdir. Azərbaycanda Sovet hakimiyyəti dövründə Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin üzvü, Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri, xalq əmək komissarı, xalq hərbi dəniz işləri komissarı, Bakı Sovetinin sədri işləmişdir. 1921 ildə Qafqaz Qızıl Ordusu HİŞ-nin üzvü olmuşdur. 1923 ildə AK(b)P MK katibi seçilmişdir. 1929 ildə bir müddət ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsinin katibi, 1930-31 illərdə AK(b)P Gəncə mahal komitəsinin katibi vəzifəsində işləmişdir. 1931 ildə Moskvaya Qırmızı Professura İnstitutuna oxumağa göndərilmiş, sonra ÜİK(b)P MK yanında Qiyabi Ali Partiya Məktəbində və Kominternin İcraiyyə Komitəsində işləmişdir. AK(b)P MK, RK(b)P MK Qafqaz Ölkə Komitəsinin, Azərbaycan və ZSFSR MİK-lərinin, ÜİK(b)P MNK-nın üzvü, partiyanın 11, 15-ci qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan SSR-in və ZSFSR-in Qırmızı Әmək Bayrağı orden ilə təltif edilmişdir. Sovet repressiyalarının qurbanıdır.
Əd.: ASE, III cild, Bakı, 1979, s. 60