Məhəmməd Məşhədi Hüseyn oğlu (1851, Şamaxı ş. – 1876, Şamaxı ş.) – şair. Mədrəsədə oxumuş, ərəb və fars dillərinə yiyələnmişdir. Gözəl təbi, bədahətən şeir demək istedadı olmuşdur. “Beyt üs-səfa” məclisinin üzvləri arasında böyük hörmətə malik idi. Hətta bəzi müəlliflər şeir məclisinin onun evində keçirildiyini iddia edirlər. F.Köçərli onun haqqında yazır: “… Bu haman Səfadır ki, Şamaxı şüərası onun adına bir mənzil bina edib “Beyt üs-səfa” adı ilə onu təmsil qılmışdır. Səna və ürəfa araye cəm olub, şerü qəzəl deməklə və ruhani söhbətlə sərfü-ovqat edərlərmiş”. Şair haqqında tədqiqat aparan Ə.Cəfərzadə onun haqqında yazır: “M.Səfa məclisin ən fəal üzvlərindən biri, S.Ə.Şirvaninin yaxın dostu olmuşdur. O, bu məclisdə iştirak edərək özünün ən gözəl əsərlərini yazmış, bir şair kimi püxtələşmişdir”.
Ömrünün son illəri çox faciəli keçmişdir. Sevgilisi Qəmzəni ona verməmiş, böhtan atmışlar. Şamaxının nüfuzlu şəxsləri – Mahmud Ağa, S.Ə.Şirvani, Ağa Seyidəli Ağa və başaqalarının onu müdafiə etməsinə baxmayaraq, xanənişin olmuş və öldürülmüşdür.
Əd.: S.Qəniyev “Beyt üs-səfa” ədəbi məclisi”. Bakı, “Elm və təhsil”, 2010, s.117