Şamaxı r-nu Qaleybuğurd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 20 km şimal-qərbdə, Ağsu çayının sağ sahilində, Niyaldağ silsiləsinin ətəyindədir. Әhalisi 801 (2009) nəfərdir, 192 təsərrüfatı var. Tam orta məktəb, kitabxana, klub, tibb məntəqəsi var. Yaxınlığındakı qədim Buğurt (Qalaye-Buğurd) qalasının adını daşıyır. Yazılı mənbələrdə adı ilk dəfə 13 əsrdən məlumdur. Qalanın özü isə arxeoloji qazıntılara görə, 11 əsrdən mövcuddur. Buğurd qalasını 1538 ildə Səfəvi hökmdarı I Təhmasib dağıtmışdır. Qala öz adını Buğur (Bukur) dağının adından almışdır ki, bu da qədim türk dillərindəki buqur (qozbel) sözündəndir. Buqurdağ “qozbel dağ” mənasını verir. Sonralar danışıqda buqur sözünə t səsi əlavə olunmuşdur. 13 əsr müəllifı Zəkəriyyə Qəzvini qalanın adını Biqur kimi qeydə almışdır. S.Ə.Şirvaninin söylədiyinə görə, bu qalanın əsası hələ ilk Şirvanşahlar tərəfındən qoyulmuşdur. Qala keçmişdə əhali arasında Qız qalası da adlanmışdır. Beləliklə, qalaya dağın adı verilmişdir. H.Ciddi bu adın türk dillərindəki berkut (qartal) quşınun adından olduğunu göstərmişdir. Lakin qala qədim mənbələrdə Boykur formasında olmuşdur. Deməli, d səsi sonralar danşıqda əlavə olunmuşdur. Əslində isə dağın adı başqa türk dillərindəki buxur/bokur sözündəndir ki, bu da “dağ çıxıntısı” deməkdir. Belə ki, qala 16 əsrdə dağıdıldıqdan sonra əhalisi səpələnmiş və bir hissəsi indiki Göyçay r-nunundakı Bığır (bukur sözündən təhrif) kəndinin əsasını qoymuşdur.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild. Bakı, “Şərq-Qərb”, 2007, s.12