Qafur Ələkbər oğlu Mirzəzadə (6.5.1884, Şamaxı – 26.11.1943, Bakı) – maarif xadimi, naşir-mühərrir, publisist, tərcüməçi, coğrafiyaşünas. Şamaxıda mollaxanada (1890-94), şəhər məktəbində (1894-1901), Bakıda Ali Pedaqoji İnstitutda (1923-27) təhsil almışdır. Bakıda III Aleksandr kişi gimnaziyasındakı xüsusi komissiya qarşısında imtahan verib (1901) Azərbaycan dili müəllimi vəsiqəsi almışdır. Şamaxı qəzasınm Lahıc kənd ibtidai məktəbində (1902-07, Bakıda – Nəşri-maarif cəmiyyətinin müəllim hazırlığı kursunda (1907-09), şəhər “Rus-müsəlman” məktəbində (1909-17) müəllim işləmişdir. 1917 ildə Bakı şəhəri 2-ci realnı məktəbinin milli sinfində dərs deməyə dəvət olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti xalq məktəbləri direktorunun əmri ilə “milli fənləri” tədris etmək üçün 2-ci realnı məktəbə təyinat almışdır. Sovet hakimiyyəti illərində Azərbaycan Dövlət Universitetində (ADU), Zaqafqaziya Pambıqçılıq İnstitutunda, Sənaye Akademiyasında, Sənaye İnstitutunda, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda işləmişdir. Qafur Rəşad 20 əsrin əvvəllərində Azərbaycanın ictimai və mədəni həyatında fəal iştirak etmiş, dövri mətbuatda müxtəlif sosial problemlərə dair publisist məqalələrlə çıxış etmişdir. 1908 ildə “Ayineyi-millət” (“Oyanınız, qardaşlar”) kitabını nəşr etdirmişdir. Siyasi süstlüyün, mütiliyin tənqidi, milli dirçəlişə çağırış əsərin əsas ideyasını təşkil edir, maarifçilik əsarətdən qurtuluş vasitəsi hesab olunurdu. Milli məktəblərin müasir dərsliklərlə təmin olunması sahəsində Qafur Rəşadın xidmətləri böyükdür. İlk coğrafiya dərsliklərinin yaradıcısı olan Qafur Rəşad 1909-43 illərdə “Qafqaz coğrafıyası” (1910), “Ümumi coğrafıya” (1923), “İbtidai coğrafıya” (1922), “Coğrafiya terminləri lüğəti” (1923), “SSRİ-nin iqtisadi coğrafıyası” (1941), “Xəritə üzərində əməli iş” (1943) və s. adlar altında 18 dərslik və vəsait yazıb, nəşr etdirmişdir. “Rəhbəri-sərf” (Məmmədsadıq Axundovla birgə, 1910), “Rəhbəri-hesab” (Əbdürrəhman Tofıq Əfəndizadə ilə birgə, 1910) dərslikləri uzun illər məktəblərdə tədris olunmuşdur. Milli uşaq ədəbiyyatının inkişafında Qafur Rəşadın rolu daha böyükdür. O, Azərbaycanda “Məktəb” adlı sayca ikinci uşaq jurnalının (1911-20) və uşaqlara məxsus əbəbiyyat nəşr edən eyni adlı birinci mətbəənin təsisçisidir (Əbdürrəhman Əfəndizadə ilə birgə). Cümhuriyyət dövründə nəşr olunmuş “Məktəb” uşaqların milli müstəqillik və dövlətçilik ruhunda tərbiyəsində müsbət rol oynamışdır. Pedaqoq-yazıçıları jurnalın ətrafına toplamış, orijinal şeir və hekayələrdən, müxtəlif dillərdən edilən tərcümələrdən, elmi-kütləvi məqalələrdən ibarət zəngin uşaq əbəbiyyatı xəzinəsi yaratmış, yeni yazıçı nəslinin yetişməsi işində böyük xidmət göstərmişdir.
Tərcümə sahəsində də çalışmış, L.N.Tolstoyun “İnsana çoxmu torpaq lazımdır?”, “Baha oturur”, “Barmaq boyda uşaq”, “Çəməndə tülkü ilə qurd və yeddi yaşar”, “Dövlətli sərçə və dişli siçan”, “Bir-birinə məhəbbət ediniz” və P.N.Polevoyun “İki yol, iki yoldaş” əsərlərini təbdil və tərcümə etmiş, kitab halında buraxdırmışdır.
Əd.: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, Iİ cild, Bakı, “Lider-Nəşriyyat”, 2005, s. 115