(aprel, 1866, Şamaxı ş,- 1937) – Azərbaycan maarif xadimi, yazıçı. İlk təhsilini S. Ә. Şirvaninin “Məclis” məktəbində və Şamaxı şəhər məktəbində almışdır. 1883 ildə Tiflisdə Aleksandrovski Müəllimlər İnstitutuna daxil olmuş, burada oxuduğu illərdə gürcü sosial-demokrat dərnəkləri ilə əlaqə saxlamışdır. 1887 ildə institutu bitirib, Bakıya gəlmiş, H. Mahmudbəyovla birlikdə yeni tipli ilk rus-müsəlman (Azərbaycan) məktəbi açmışdır. 1905 ildə Qori seminariyası müsəlman (Azərbaycan) şöbəsinin müfəttişi, 1908 ildə Bakı quberniyası və Dağıstan vilayəti xalq məktəblərinin 2-ci rayonu üzrə müfəttiş, 1917 ildə isə vilayət xalq məktəblərinin direktoru təyin olunmuşdur.
Azərbaycanda ana dilində məktəblər açılması, dərsliklər yazılması, milli mətbuat və teatrın inkişafında Qənizadənin xidmətləri var. 4 hissədən ibarət “Samouçitel tatarskoqo yazıka” (“İstilahi Azərbaycan” (h. 1-2, 1890), “Lüğəti-rusi və türki” (h. 3, 1891), “Rus dilinin dilmancı” (h. 4, 1894)), “Samouçitel russkoqo yazıka” (1896), “Kəlidi ədəbiyyat” (1900, Ә. Cəfərzadə ilə birlikdə), “Lüğəti-türki və rusi” (1904) və s. əsərlərin müəllifidir. Qənizadə bədii yaradıcılıqla da müntəzəm məşğul olmuşdur. Çar senzurası tərəfindən qadağan olunan “Qönçə xanım” (1891) faciəsi hələlik tapılmamışdır. “Məktubati-Şeyda bəy Şirvani” (1898-1900) dilogiyası (“Müəllimlər iftixarı” və “Gəlinlər həmayili”), “Allah xofu” (1906), “Qurban bayramı” (1907) və s. hekayələrində xalqın ağır həyatı təsvir olunur, ictimai ədalətsizlik, cəhalət və mövhumat tənqid edilir. Qənizadənin “Axşam səbri xeyir olar”, “Dursunəli və Ballıbadı”, “Xor-xor”, “Yadımdadır” və s. vodevilləri Azərbaycan teatr truppalarının repertuarında mühüm yer tutmuşdur. “Tülkü və Çaq-çaqbə” (1893) mənzuməsi Azərbaycan uşaq ədəbiyyatının ilk nümunələrindəndir. “Həyat”, “İrşad”, “Dəbistan”, “Rəhbər”, sonralar “Maarif və mədəniyyət”, “Әdəbiyyat qəzeti” kimi qəzet və jurnallarda publisistik və pedaqoji məqalələr dərc etdirmişdir. O, 1918-19 illərdə “İttihad” partiyasının üzvü olmuşdur. Sovet hakimiyyəti illərində Qənizadə xalq maarifi sahəsində fəaliyyətini davam etdirmiş, respublika Xalq Maarif Komissarlığının müfəttişi, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin məsul katibi vəzifələrində çalışmış, M. Ә. Sabir, N. Nərimanov, H. Әrəblinski haqqında xatirələrini yazmışdır. Rus ədəbiyyatından (L. N. Tolstoyun “Әvvəlimci şərabçı”, V. A. Dјaçenkonun “Qurbana qurban” pyesləri, A. F. Poqosskinin “Allah divanı”, “Nəbəkar qonşu” hekayələri və s.) tərcümələri də var. Sovet repressiyasının qurbanıdır.
Əd.: ASE, III cild, Bakı, 1979, s.137
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, II cild, Bakı, “Lider-Nəşriyyat”, 2005, s. 149-150