Sadıqov Orxan Fikrət Sadıq oğlu (21.3.1966, Bakı) – yazıçı, ssenarist, rejissor, jurnalist. Fikrət Sadığın oğludur. Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunu bitirmişdir. 1983 ildə kinoda işıqçı kimi fəaliyyətə başlamışdır. Müxtəlif dövrlərdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının, Dövlət kino komitəsinin, AzərTelefilmin, “Günay” qəzetinin baş redaktoru işləmişdir. Dövlətlərarası MİR Teleşirkətinin direktor müavini, “Mozalan” satirik kinojurnalının direktoru və ANS teleşirkətinin baş icmalçısı olmuşdur. Hazırda Bakı Slavyan Universitetinin jurnalistika və Azərbaycan filologiyası fakültəsinin müəllimi, ATV telekanalında veriliş aparıcısıdır. 7 bədii nəsr kitabının, 3 publisitik kitabın müəllifidir.
Yüzlərlə hekayə, povest və publisistik yazı müəllifi, bədii filmlərin ssenari müəllifidir. Əsərləri İran, Türkiyə, Bolqarıstan, İsveç və bir çox dünya ölkələrində çap olunmuşdur. “Yeddi” romanı Almaniyada mükafata layiq görülmüşdür. Bir sıra respublika mükafatlarının laureatıdır. Hekayələri “Dünya Nəsr Antalogiyası”na düşmüşdür. Pyesləri ölkə teatrlarında səhnələşdirilmişdir.
Məlumat F.Qurbansoydan alınmışdır.