Əbu Abdulla Siracəddin Ömər Xəlvəti, (?, Şamaxı, Avaxıl k. – 1349, Təbriz) – məşhur sufi alimi, xəlvətilik təriqətinin banisi. Şeyx nəslindəndir, soyu Şirvanın məşhur şeyx ailələrinə söykənir. Atası Şeyx Əkmələddindir. Avaxıl kəndində dünyaya göz açmış və burada böyümüşdür. Daha sonra Xarəzmə getmiş və orada Məhəmməd Xəlvətinin söhbətlərində yetişmişdir. Xoy şəhərində, Misirdə, daha sonra Hicazda elm öyrənmişdir. Sultan Üveysin dəvəti ilə Təbrizə getmişdir. Onun qəbrinin Təbriz yaxınlığında, Mir Əli türbəsi adlanan yerdə olduğu bildirilir. Pir Ömərin xəlvətilik təriqətində sahib olduğu mövqe böyükdür. Xəlvətiliyin bir çox prinsipləri onun tərəfindən qoyulmuşdur. Bunlardan biri təriqətin ad atası olmasıdır. Bir digəri də təriqətin əlaməti saylan tacın (papaq, əmmamə) formasının onun tərəfindən müəyyənləşdirilməsidir. Şeyxin xəlvət məsələsində göstərdiyi israr xəlvətilikdə xəlvətin ən mühüm cəhətlərindən biri, bəlkə də birincisi halına gəlməsinə səbəb olmuşdur. Beləliklə təriqətin adı da Xəlvətilik kimi müəyyənləşmişdir.
Əd.: R.Mehmet, “Seyid Yəhya Bakuvi və Xəlvətilik”, “Qismət Nəşr”, Bakı. 2005