Şamaxı r-nu Nağaraxana kənd i.ə.d.-nin mərkəzi. Rayon mərkəzindən 14 km şimalda, Şamaxı – Dəmirçi avtomobil yolu kənarında, Nağaraxana yaylasının sənub-qərb yamacındadır. Әhalisi 864 (2009) nəfərdir, 212 təsərrüfatı var. Tam orta və ibtidai məktəb, klub, kitabxana, kinoqurğu, tibb məntəqəsi var. İkinci Dünya müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.
Yaşayış məntəqəsi 19 əsrin ikinci yarısında Rusiyanın köçürmə siyasəti ilə əlaqədar rus kəndlilərinin Azərbaycanda yerləşdirilməsi nəticəsində Nağaraxana adlı yerdə salınmış və Mariyevka adlandırılmışdır. Sovet hakimiyyəti illərində dövlət xadimi S.M.Kirovun şərəfinə kəndə Kirovka adı verilmişdır. 5 oktyabr 1999 ildən adı dəyişdirilərək Nağaraxana adlandırılmışdır. Hazırda kəndin əhalisini Talışnuru və başqa kəndlərdən gələnlər təşkil edir.
Əd.: ASE, V cild, Bakı,1981, s.403
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.138