(22.3.1895, Şamaxı – 1939) – Azərbaycan yazıçısı, ictimai xadim. İlk təhsilini M. Ә. Sabirin “Ümid” məktəbində almışdır. 1920-29 illərdə Qızıl Orduda xidmət etmiş, Azərbaycanda Qırmızı diviziyanın təşkilatçılarından biri və siyasi komissarı, Bakıda çıxan “Qızıl əsgər” qəzetinin redaktoru olmuşdur. 1930-33 illərdə Moskvada Qırmızı Professura İnstitutunda oxumuş, sonra ali məktəblərdə fəlsəfə və xarici ədəbiyyat fənlərindən dərs demişdir. Əsərləri 1925 ildən dərc edilir. Vətəndaş müharibəsi, yeni həyat quruculuğu, qadın azadlığı “Casusun yardımçısı” (1926), “Qışladan kəndə” (1927), “Laçın” (1928), “Satqın”, “Ölülər rəqs edərkən” (hər ikisi 1930) kitablarındakı hekayələrin əsas mövzularıdır. “Yollar” (1931), “Yanğın” (1931, Süleyman Rüstəmlə birgə), M. Ә. Sabirə həsr olunmuş “Sabir” (1936) pyeslərinin müəllifidir. Şekspirin “Maqbet”, M. Qorkinin “Yeqor Bulıçov və başqaları” əsərlərini tərcümə etmişdir. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin məsul katibi (1929-30), Azərbaycan Sovet Yazıçıları İttifaqı Təşkilat Komitəsinin sədri (1933- 34), Azərbaycan Dövlət Dram Teatrının direktoru (1934 ildən) olmuşdur. AKP-nin 12-ci qurultayında AKP MK üzvlüuünə namizəd, 7-ci Zaqafqaziya Sovetlər qurultayında ZSFSR MİK- nin üzvü seçilmişdir (1935). Sovet repressiyasının qurbanıdır.
Əd.: ASE, VII cild, 1983, Bakı, s.222