(16.10.1926, Türkmənistan Respublikası, Cərco ş. – 10.4.2008, Bakı) – Azərbaycan bəstəkarı, Azərbaycanın əməkdar incəsənət xadimi (1973), Azərbaycan Respublikasının xalq artisti (1987), professor (2001). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1968-73) olmuşdur. 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya, 500-ə qədər mahnı və romansın, 200-dən artıq xalq mahnısının xor üçün işləmələrinin müəllifi olmuşdur. “Vaqif“, “Polad“, “Aydın“, “Şirin“, “Xan və əkinçi“, “Tərs keçi” operaları, “Axırı yaxşı olar”, “Xəsis” (həmmüəllif V.Adıgözəlov), “Qonşumuzda bir oğlan var”, “Məsmə xala dayımdır” operettaları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. Səməd Vurğunun eyniadlı dramı əsasında yazılmış “Vaqif” operası R.Mustafayevin ən uğurlu əsərlərindəndir. Ramiz Mustafayevin bir bəstəkar kimi yaradıcılıq simasını müəyyənləşdirən digər aparıcı sahə – xor musiqisidir. 50 ilə yaxın bir dövrdə Azərbaycan Dövlət Televiziyası və Radiosunun xorunda əvvəl xormeyster, daha sonra baş dirijor və bədii rəhbər kimi çalışan bəstəkar bu janrda bir sıra samballı əsərlər yazmışdır. “Şöhrət” ordeni ilə təltif olunmuşdur (2001).
Məlumat Azərbaycan Bəstəkarlar İttifaqının saytından (http://zeynj-info.com) götürülmüşdür