(1930, Ağsu r-nunun Bico k. – 2011, Bakı) – Azərbaycan coğrafiyaçısı, coğrafiya elmləri doktoru (1991), professor. Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Azərbaycan EA-nın Coğrafiya İnstitutunda kiçik elmi işçi, İqtisadiyyat İnstitutunda kiçik və böyük elmi işçi, S.Dadaşov adına Tikinti Materialları Elmi-Tədqiqat İnstitutunda iqtisadi tədqiqatlar şöbəsinin müdiri, Neft Akademiyasında və İqtisadiyyat İnstitutunda dosent vəzifəsində işləmişdir. APİ-nin coğrafiya fakültəsinin dekanı, Kosmik tədqiqatlar EİB-nin laboratoriya müdiri olmuş, Coğrafiya İnstitutunda “Əhali coğrafiyası” şöbəsini yaratmış və ona rəhbərlik etmişdir. 150-yə yaxın elmi məqalənin, 4 monoqrafiyanın, 4 kitabçanın, 14 çap olunmuş elmi işin, 14 elmi-tədqiqat hesabatının, o cümlədən “Şirvan Elmlər Akademiyası”, “Şirvanilər” kitablarının müəllifidir.
Əd.: Azərbaycanın coğrafiyaçı alimləri. Bakı, “Elm”, 2013, s.66