(? – təqr.1159/60). I Əfridunun oğlu. Gürcü çarı IV Davidin qızı Tamarla evlənsə də, III Mənuçöhrün dövründə gürcü feodalları bir neçə dəfə Şirvana hücum etmişdilər. Yalnız IV Davidin ölümündən sonra Şirvan və Gürcüstan arasında sülh və dostluq əlaqələri gücləndi. III Mənuçöhr dağıdılmış kənd və qalaları bərpa etdirmiş, yeni yaşayış məntəqələri saldırmış, Kür çayı kənarında bənd çəkdirmiş, müxtəlif abadlıq işləri aparmışdı. Onun dövründə Şirvanın təsərrüfat həyatı nisbətən dirçəlmiş, elm və mədəniyyət inkişaf etmişdi. Ölümündən sonra hakimiyyətə Tamardan olan oğlu I Axsitan keçdi. Əbül-üla Gəncəvi, Fələki Şirvani, Xaqani və başqaları III Mənuçöhrə bir neçə qəsidə həsr etmişlər.
Əd.: ASE, VI cild, Bakı, 1982, s. 513