Şamaxı r-nu Məlhəm i.ə.d.-də kənd. Rayon mərkəzindən 8 km şimalda, dağ ətəyindədir. Əhalisi 1392 nəfər, təsərrüfatlarının sayı 414-dür (2009). Taxılçılıq və heyvandarlıqla məşğuldur. Tam orta məktəb, klub, kitabxana, tibb məntəqəsi var. Böyük Vətən müharibəsində həlak olmuş həmyerlilərin şərəfinə abidə qoyulmuşdur.
“Məlhəm” sözünün etimologiyası barədə müxtəlif mülahizələr mövcuddur. Mənbələrdən məlum olduğuna görə, Xaqaninin əmisi Kafiəddin Ömər ibn Osman hələ 12 əsrdə Məlhəm ərazisində stasionar müalicəxanası olan “Tibb mədrəsəsi” (“Mədrəseyi tibb”) açmışdı. Xalq etimologiyasına görə o dövrdə yaranmış yaşayış məntəqəsinin adı da bununla bağlıdır (məlhəm-dərman deməkdir). Məlhəm ərazisində e.ə. 1 minilliyin sonundan başlayaraq orta əsrlərədək müxtəlif tipli arxeoloji abidələr mövcuddur.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 102
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, 2009, s.70