Şamaxı şəhərinin bölündüyü hissələr.
1617 ildə Şamaxıda olmuş alman alimi Adam Oleari yazırdı: “Şamaxı hər iki tərəfdən ayrıca divarlar ilə əhatə olunmuş iki hissədən ibarətdir. Burada müsəlmanlardan başqa gürcü, yəhudi, rus və hind tacirləri də yaşayır və ticarətlə məşğul olur. Ticarət və sənaye mərkəzi olan bu şəhərdə 700 ev və 26 məhəllə, 40 məktəb, 70 məscid, 7 hamam, 44 karvansara, 200-ə yaxın dükan vardır. Türk səyyahı Evliya Çələbi (1611-82) 1648 ildə Şamaxıda olmuşdu. O özünün “Səyahətnamə”sində göstərirdi ki, Şamaxı şəhərində 7000 əsaslı ev, 26 məhəllə, 7 mədrəsə, 40-a qədər məktəb, 7 gözəl hamam, 44 daş karvansara var idi.
A.Olearidən 31 il sonra Şamaxıda olmuş Evliya Çələbi demək olar ki, A.Olearinin məlumatlarını tamamilə təsdiq edir. Lakin Olearinin məlumatında evlərin sayı 7000 deyil, 700 göstərilmişdir. Ola bilsin ki, bu çap zamanı yol verilmiş yanlışlıqdır.
Arxiv sənədlərindən və başqa mənbələrdən toplanılan məlumatlara görə bu məhəllələrin sayı 26-dan da artıq olmuşdur ki, bunlar aşağıdakılardır: 1. Piran-Şirvan, 2. Aşağı İmamlı, 3. Babılar, 4. Cuhudlar, 5. Cırta-pırtı, 6.Çaparlı, 7. Dəllək Həsənli, 8. Dərə məhəllə, 9. Ərdəbilli, 10. Ərəblər, 11. Garıslar, 12. Gürcü, 13. Xaxortlu, 14. Kövsərli, 15. Qalabazar, 16. Qırmızı məhəllə, 17. Qurdlar 18. Minaxor, 19. Moltanı, 20. Pirəgülöşlü, 21. Sarıtorpaq, 22. Salamovlar, 23. Şıxminaz, 24. Şıxsəirli, 25. Şahpirli, 26. Şəhidlər, 27. Şeydanlı, 28. Şahküçə, 29.Tahirli, 30. Topalhəsənli, 31. Talış, 32. Ucarlı, 33.Yuxarı İmamlı. Bu məhəllələrdən Babılar, Çaparlı, Ərdəbilli, Ərəblər, Garıs, Salamovlar və Şıxsəirli məhəllələri 19 əsrin 20 illərindən sonra meydana gəlmişdir.
Əd.: B.Niyazlı “Şamaxı xanlığı”, Bakı, “Nurlar”, 2014, s.204