Şamaxı r-nu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. Əhalinin sayı 2115 (2009) nəfərdir. Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində “tədris müəssisəsi, məktəb” mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur. Hazırda kənddə Qərbi Azərbaycandan köçürülənlər yaşayırlar.
Əd.: “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 101
N.Bəndəliyev “Dağlıq Şirvanın toponimləri”, Bakı, “Elm”, s.134