İlk orta əsr abidəsi. Şamaxı rayon mərkəzindən 25 km aralıda Quşçu kəndinin cənub-şərqində yerləşir. Təqribən 20 hektar sahəyə malikdir. Kolanı yaşayış yerindən şərqdə Şərrər və Şıxbörkü abidələri yerləşir. Qərb tərəfdən Quşçu dağları ilə sərhədlənir. Yaşayış yerində A.B.Nuriyev tərəfindən aparılmış (1976) arxeoloji kəşfiyyat işləri nəticəsində ilk orta əsrlər dövrünə aid təsərrüfat və məişətdə istifadə edilən müxtəlif gil və daş məmulatları əldə edilmişdir. Daş məmulatı əhəng daşından hazırlanmışdır. Bu ərazidə əhəng daşı yataqları vardır. Kolanı yaşayış yerindən aşkar olunmuş maddi-mədəniyyət nümunələrinin həmdövr abidələrin materialları ilə müqayisəli təhlili abidəni eramızın 4-8 əsrlərinə aid etməyə imkan verir. Yaşayış yeri qədim ticarət yolları üzərində yerləşmişdir. İlkin müşahidələrə və müxtəlif tipli maddi-mədəniyyət nümunələrinə, ərazisinin böyüklüyünə, bəzi yerüstü alamətlərinə görə Kolanı abidəsini şəhər tipli yaşayış yeri hesab etmək olar.
Əd.: N.Xasayev “Dağətəyi Şirvanın ilk orta əsr arxeoloji abidələri”, Bakı, “Nafta-Press”, 1998, s.26