Kərimov Əli Zülfüqar oğlu (1874 Şamaxı qəz, Kalva k. – 1960, yenə orada) – xalq ifaçısı, bəstəçi. 19 yüzilin sonu, 20 yüzilin birinci yarısında zurna, balaban, tütək kimi nəfəsli alətlərdə çox böyük sənətkarlıqla çalmağı bacarmış, onların imkanlarını texniki baxımdan genişləndirmişdir. İlk dəfə olaraq zil tembrli zurnanı peşəkar kamera alətinə çevirmişdir. Yalnız çalğıçı yox, həm də onlarla mahnının yaradıcısı, Azərbaycan milli musiqisinin irəliləməsində önəmli rol oynayan sənətkar olmuşdur. 70-ə qədər mahnının müəllifidir. Mahnılarının çoxu Azərbaycan Dövlət Radiosunun qızıl fonduna daxil edilmişdir. Azərbaycan aşıqlarının I və II qurultaylarının iştirakçısı olmuşdur. Kalva kənd Mədəniyyət Evinin bədii rəhbəri vəzifəsində çalışmışdır. Bayram Hüseynli və Tahirə Kərimovanın ustad sənətkar haqqında yazdıqları “Əli Kərimov” kitabı 1984 ildə Moskvada nəşr edilmişdir. 2009 ildə araşdırmaçı Qalib Soltanoğlunun Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə ustad haqqında yazdığı “Asta çal balabanı” kitabı işıqüzü görmüşdür. 1974 ildə Şamaxıda böyük ustadın 100 illiyi təntənəli surətdə qeyd olunmuşdur. Şamaxıda adına küçə var.
Şərəf nişanı ordeni və medallarla təltif olunmuşdur
Məlumat araşdırmaçı Qalib Soltanoğludan allınmışdır.