(11 əsrin sonu – 12 əsrin birinci yarısı) – erkən orta əsr təbabətinin və fəlsəfəsinin, farmakologiya və elm nəzəriyyəsinin bilicisi, nəhəng elm təşkilatçısı. Xaqani Şirvaninin əmisidir. Böyük filosof, riyaziyyatçı, astronom, kimyaçı, həkim kimi daha çox tanınmışdır. Dünyanın maddi cəhətdən mövcudluğunun ardıcıl təbliğatçısı idi. Əsasən metafizik materializm mövqeyində dayanmışdır. Geniş elmi dünyagörüşü bir sıra yaradıcı şəxslərə təsir etmişdir. Xaqani əmisinin həyatındakı rolundan bəhs edərkən qeyd etmişdir: “Mənim şeytana uymağıma əmim imkan verməz. O, mədəniyyət və elm adamıdır. Su günəşin təsiri ilə buxarlanan kimi, mən də onun sayəsində yüksəlmişəm. O, riyaziyyatı, fəlsəfəni dərindən bilir, demək olar ki, dövrümüzün Aristotelidir”. Şamaxıda rəsədxana yaratmış, Əbdülkərim Şirvani, Fələki Şirvani və bir çox digər astronomları bu rəsədxanaya cəlb etmişdi. Ən böyük fəaliyyəti həkimlik və dərmanşünaslıqla bağlı olmuşdur. Şamaxıda yaratdığı “Darül təbabət” mərkəzi “Məlhəm” adı ilə məşhur olmuşdur. Bu mərkəzdə mədrəsələr orta və ali tibb təhsili verir, dərman hazırlamaq və onları tətbiq etmək üsulları işlənib hazırlanırdı. Azərbaycanda xəstələrin ilk dəfə klinik üsulla müalicəsi ideyası Kafiyəddin Şirvaniyə məxsusdur. Fəaliyyəti sayəsində Şirvanda təbabət öz inkişafının ən yüksək səviyyəsinə çatmışdı. Əbu Tahir ibn İsfahani yazır: “Mən elə bir ölkə tanımıram ki, onun əhalisi və həkimləri bu ölkədəki qədər yüksək səviyyəli tibbi təfəkkürə malik olsun”.
Əd.: ASE, V cild, Bakı, 1981, s.302
E.Mehrəliyev, Ə.Axundov “Şirvanilər”, Bakı, “Elm”, 1996, s.18-21