Şirvan əhalisinin məişətində müxtəlif növ ipək parçalar mühüm yer tutmuşdur. Şirvan Azərbaycanda ipəkçiliyin qədim vətənlərindən sayılır. Burada ipəkçiliyin geniş yayılması sayəsində hələ orta əsrlərdə Şamaxı şəhəri Şərq ilə Qərb arasında mühüm ticarət bazalarından birinə çevrilmişdi. Buraya dünyanın bir çox ölkəsindən tacirlər gəlirdi. Zeynalabdin Şirvaninin yazdığına görə, 18 əsrin 90-cı illərində Şamaxı şəhərində darayi, tafta və qanovuz toxuyan 1500 toxucu karxanası olmuşdur. Şirvanda yerli ipək parça istehsalına – şarbaflıq ev peşəsi və karxana toxuculuğu olmaqla iki formada təsadüf edirdi. Şirvanda karxana şarbaflığının əsas mərkəzləri Şamaxı şəhəri, Basqal və Müçü kəndləri idi.
Əd.: A.Mustafayev “Şirvanın maddi mədəniyyəti”, Bakı, “Elm”, 1977, s.64