İlham Namiq-Kamal oğlu Əhmədov, (9.1.1949, Bakı) – Azərbaycan aktyoru, teatr rejissoru, “İlham” Miniatür teatrının direktoru və bədii rəhbəri, professor, Azərbaycanın xalq artisti (2002). Əslən Şamaxıdandır. Azərbaycan Dövlət Teatr İnstitutunda SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycanın xalq artisti Rza Təhmasibin kursunda təhsil almışdır. 1971 il noyabrın 25-dən 1972 il fevral ayının 2-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, fevralın 3-dən isə Akademik Milli Dram Teatrında çalışmışdır. 1989-93 illərdə rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Azərbaycan Dövlət Gənclər Teatrında fəaliyyət göstərmişdir. Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-91 illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləmişdir. 1993 ildə özünün “İlham” Miniatür Teatrını yaratmışdır. Direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışmışdır. 1998 ildən, həmçinin Akademik Milli Dram Teatrının yüksək dərəcəli aktyorudur. 2005 ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyor-rejissor vəzifəsində işləyir. Bir çox filmlərdə və televiziya tamaşalarında yaddaqalan obrazlar yaratmışdır. 1995 ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, “Estrada və musiqili teatr aktyoru” kafedrasının müdiridir. “Şöhrət” ordeni ilə təltif edilmişdir (2013). Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi Sənətkar ordeninə layiq görülmüşdür (2014).
Məlumat http://ilhamteatr.az saytından götürülmüşdür