22 oktyabr 2010
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşlar.
Məlumat verildi ki, Azərbaycan ərazisində, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Cümə məscidi 743-cü ildə inşa edilmişdir. 1859-cu və 1902-ci illərdə baş verən zəlzələlər Cümə məscidinə ciddi ziyan vurmuşdur. Sonralar məscid Azərbaycanın ilk ali təhsilli memarı Zivər bəy Əhmədbəyovun və Polşa mühəndisi İosif Ploşkonun layihəsi əsasında yenidən bərpa olunmuşdur. Cümə məscidində keçən əsrin 70-80-ci illərində aparılan qazıntılar zamanı onun həyətində mədrəsə, xeyli hücrə və qəbirlər aşkarlanmışdır. 1918-ci ilin martında ermənilər tərəfindən Şamaxıda törədilən soyqırımı və talanlar zamanı ən böyük qırğın Cümə məscidində törədilmişdir. Şamaxılıların Allah evi kimi məscidə sığınmasından istifadə edən ermənilər burada yanğın törədərək, təxminən 1700 nəfər günahsız insanı qətlə yetirmişlər. Sovet dövründə məlum səbəblərdən təyinatı üzrə istifadə olunmayan məscid dağılmaq təhlükəsi ilə üzləşmişdi.
Azərbaycanın bütün sahələrdə inkişafına, o cümlədən milli mənəvi dəyərlərimizin qorunmasına böyük diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin tapşırığı və təşəbbüsü ilə 1980-ci ildə bu tarixi abidə təmir olunmuşdur. Milli mənəvi dəyərlərimizin qorunması və inkişafı Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Dövlətimizin başçısının təşəbbüsü və tapşırıqlarına əsasən paytaxtda və digər bölgələrimizdə onlarla məscid, dini məbəd, tarixi abidə, ziyarətgah inşa edilmiş, bərpa olunmuş və yenidən qurulmuşdur. Prezident İlham Əliyevin ötən il Şamaxıya səfəri çərçivəsində Cümə məscidində olması və bu dövlət tarix-memarlıq abidəsinin bərpası ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalaması da bu nəcib amaldan qaynaqlanır.
Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun milli mənəvi dəyərlərimizin qorunması, dini memarlıq abidələrimizin bərpası istiqamətində həyata keçirdiyi layihələr və tədbirlər, ilk növbədə xalqımızın əsrlərlə formalaşan zəngin irsinin və mədəniyyətinin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Fondun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxıdakı Cümə məscidində aparılan yenidənqurma işləri Azərbaycan-Şərq memarlığının incisi olan bu abidəyə də ikinci həyat verir.
Məlumat verildi ki, məscidin ibadət yeri 1316 kvadratmetrdir. Təxminən bir hektar ərazisi olan məsciddə bərpa və yenidənqurma işləri sürətlə davam edir. Artıq köhnə yardımçı binalar sökülmüşdür və onun yerində yeniləri inşa olunur. Köhnə günbəzin yenisi ilə əvəz olunması ilə bağlı betonlaşma işləri də başa çatmışdır. Növbəti mərhələdə yeni günbəzin tikintisinə başlanacaqdır. Məscidin üstündəki günbəz qədim memarlıq üslubundakı naxış və ornamentlərlə bəzədiləcəkdir. Məscidin 36 metr hündürlüyündə olacaq iki minarəsinin artıq özülü qoyulmuşdur. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül-bərkitmə işləri aparılmışdır. Cümə məscidini üç tərəfdən əhatə edən tağvarı dəhlizlər inşa olunur. Onlardan artıq dördü tikilmiş, beşincisi tamamlanmaq üzrədir, altıncısının isə bu yaxınlarda inşasına başlanacaqdır.
Bildirildi ki, məscidin ərazisində konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər otaqlar tikiləcəkdir. Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilmişdir. Yeni layihəyə görə, məscidin qarşısında üstündə günbəz olan dörd metrlik giriş qapısı da olacaqdır. Ərazidəki qədim hücrələr də bərpa olunaraq ətrafda geniş abadlıq işləri aparılacaqdır.
Cümə məscidində aparılan bərpa və yenidənqurma işlərinin yüksək keyfiyyətlə, Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə uyğun şəkildə yerinə yetirilməsi üçün dövlətimizin başçısının Sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Şamaxı Rayon İcra Hakimiyyətinə 4 milyon manat vəsait ayrılmışdır. Bu da bütün dövrlərdə əhali arasında müqəddəs ibadət yeri kimi tanınan və yüksək ehtiram göstərilən, memarlıq üslubu, qədimliyi və orijinallığı ilə seçilən Şamaxı Cümə məscidinin mükəmməl surətdə yenidən qurulmasına imkan verəcəkdir.
Mənbə: http://president.az saytı