(25.9.1931, Şamaxı r-nunun Əngəxaran k. – 12.9.2001 Bakı) – arxeoloq, tarix üzrə fəlsəfə doktoru. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filoloji fakültəsini bitirmişdir. 1959 ildən Azərbaycan EA Tarix İnstitutunun arxeologiya şöbəsində elmi işçi vəzifəsinə götürülmüşdür. 1965-68 illərdə SSRİ EA Leninqrad bölməsində tanınmış alim A.L.Yakobsonun rəhbərliyi ilə arxeologiya ixtisası aspiranturada oxumuşdur. O, Örənqala arxeoloji qazıntılarında (1959-69) aşkara çıxarılmış bütün metal məmulatlarını hərtərəfli tədqiq edərək, “9-13 əsrlərdə Azərbaycan şəhərlərində metalişləmə sənəti (arxeoloji və etnoqrafık materiallar əsasında)” adlı dissertasiya yazmış və 1969 ildə müdafiə etmişdir. 1988 ildə həmin mövzunu daha geniş işləyərək monoqrafiya kimi nəşr etdirmişdir. Örənqala və Şirvan arxeoloji ekspedisiyasının Şamaxı, Ağsu, İsmayıllı dəstələrinin çöl-tədqiqat işlərində yaxından iştirak etmişdir. 1969 ildən Bakı arxeoloji ekspedisiyasında dəstə rəisi, rəis müavini işləmiş və 1976 ildən bu ekspedisiyanın rəhbəri olmuşdur. 4 kitabın və 100-dən çox elmi məqalənin müəllifıdir. 3 kitabı və 60 məqaləsi bilavasitə Bakının orta əsr arxeologiyasına həsr edilmişdir. Şəhər həyatı, şəhər sənətkarlığı, xüsusilə metalişləmə, saxsı məmulatı, fayans qablar, bədii incəsənət və s. sahələrə aid əsərlər yazmışdır. Ö.Ş.İsimzadə ilə şərikli yazdığı “Bakının basma naxışlı bədii keramikası”, “Bakıda metalişləmə tarixi” və S.B.Hüseynova ilə şərikli yazdığı “İçəri şəhərin arxeoloji abidələri” adlı əsərləri bilavasitə Bakının orta əsrlər tarixinə aiddir. Bir sıra məqalələri Azərbaycan Sovet Ensiklopediyasında nəşr olunmuşdur. Azərbaycan EA Arxeologiya və Etnoqrafıya İnstitutunun çapa hazırladığı çoxcildli “Azərbaycan arxeologiyası” əsərinin orta əsrlərə həsr olunmuş VI cildinin müəlliflərindən biridir. Bakı, Moskva, Leninqrad, Kiyev, Livov, Səmərqənd, Daşkənd, Tbilisi, Buxara, Minsk və b. şəhərlərdəki konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. YUNESKO-nun 1990 ildə Buxara şəhərində keçirdiyi beynəlxalq konfransın iştirakçısı olmuşdur. Uzun illər Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində “Arxeologiya”, “Orta əsr Azərbaycan şəhərlərinin tarixi” kurslarına dair mühazirələr oxumuşdur.
Əd.: F.İbrahimov, K.Fərhadoğlu, “Bakı İcərişəhər”, arxeoloji albom, “Oka Ofset”, 2002, s.7