Şeyx İbrahim, Şeyxşah (?-1524) – Şirvanşah [1502-24], Fərrux Yasarın oğlu. Dərbəndilər sülaləsindən idi. 1500 ildə I Şah İsmayılla döyüşdə atası öldürüldükdən sonra Şirvan qoşunlarının qalıqlarını toplayıb qızılbaşlara müqavimət göstərməyə cəhd etsə də, Gilana qaçmağa məcbur olmuşdu. Şirvanşah Sultan Mahmudun zülmündən təngə gəlmiş Şirvan əhalisinin xahişi ilə 1502 ildə vətənə qayıdaraq hakimiyyətə keçmişdi. Şirvanın tam müstəqilliyinə çalışan II İbrahim Səfəvilərə bac verməkdən də imtina etmişdi. 1509 ildə I Şah İsmayılın başçılığı ilə Səfəvi qoşunu Şirvana soxuldu. II İbrahim Buğurt qalasına sığındı. Səfəvilərlə mübarizənin faydasız olduğunu başa düşən II İbrahim nəhayət, 1517 ildə Səfəvilərin vassallığını qəbul etdi. 1521 ildə II İbrahim Səfəvilər sarayı ilə qohum oldu (I Şah İsmayıl onun qızı ilə evləndi, öz qızı Pərixan xanımı isə II İbrahimin oğlu II Xəlilüllaha ərə verdi). II İbrahimin dövründə Şirvanşahlar dövləti əvvəlki qüdrətini itirərək Səfəvilərdən tam asılı vəziyyətə düşdü.
Əd.: ASE, IV cild, Bakı, 1980, s.357-358