Tariximizə müstəqil dövlət qurucusu kimi daxil olmuş Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını ifadə etmək arzusundan, onun zəngin mənəvi irsini əks etdirmək, azərbaycançılıq fəlsəfəsinin ölkəmiz üçün əhəmiyyətini vurğulamaq, milli dövlətçilik ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən irəli gələrək yaradılmış qurum. 2004 ildən fəaliyyətə başlayan Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.
Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır.
Fond Azərbaycanın bütün regionlarında, o cümlədən Şamaxıda irihəcmli infrastruktur layihələri həyata keçirir və bu layihələr bölgənin sosial-iqtisadi, mədəni həyatında böyük dəyişikliklərə, insanların həyat səviyyəsinin daha da yaxşılaşmasına səbəb olur.
2005 il aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şamaxıya səfəri zamanı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva Şamaxı şəhərindəki orta internat məktəbinin və onun yataqxanasında məskunlaşmış məcburi köçkünlərin vəziyyəti ilə tanış olmuş, mövcud problemlərin tezliklə həll edilməsinə kömək göstəriləcəyini bildirmişdir. Həmin il mayın 27-də Fondun həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sinif otaqları üçün partalar, yazı lövhələri və digər zəruri ləvazimatlar təqdim edilmiş, növbəti aylarda isə məktəbin binası, o cümlədən idman salonu əsaslı təmir olunmuş və zəruri avadanlıqlarla təmin edilmiş, məktəbə kompüter dəstləri verilmişdir. Məcburi köçkünlərin yaşadıqları yataqxanada Fondun vəsaiti hesabına işlər görülmüş, binanın dam örtüyü tamamilə dəyişdirilmişdir. 2009 ildə Fondun vəsaiti ilə gənc məcburi köçkün ailələri üçün 16 mənzilli yeni yaşayış binası da tikilib istifadəyə verilmişdir.
2009 ilin dekabrında ictimai nəqliyyatın yaxşılaşdırılması məqsədi ilə Fond tərəfindən rayona xaricdə istehsal edilmiş 4 avtobus hədiyyə olunmuşdur. Rayonda keçirilən “Təmiz şəhər, rahat nəqliyyat” layihəsinə dəstək olaraq müasir tipli 2 avtobus, məişət tullantıları daşıyan 3 avtomobil bağışlanmışdır. Avtobuslar əhalinin Sabir qəsəbəsinə, yeni istifadəyə verilmiş Diaqnostika Mərkəzinə, avtovağzala, “Az Samand” zavoduna və digər yerlərə asan və rahat gediş-gəlişinə imkan yaratmışdır.
Fondun təşəbbüsü ilə Şamaxıda 780 şagird yerlik 5 yeni məktəb binası tikilib istifadəyə verilmiş, 480 yerlik texniki, humanitar, təbiət fənləri üzrə liseyin, 200 şagird yerlik Qaleybuğurd kənd orta məktəbinin binaları əsaslı təmir edilmişdir.
28 dekabr 2009 ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxıda Uşaq Yaradıcılıq Mərkəzinin təməli qoyulmuşdur. 16 may 2013 il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olan Mərkəzdə 54 tədris, iki qrim, iki rəsm, iki rəqs və digər yardımçı otaqlar, akt zalı, sərgi salonu yaradılmışdır. Burada tar, kamança, piano və digər musiqi fənləri tədris olunur. Tədris sinifləri və digər yardımçı otaqlar ən müasir avadanlıqla təchiz edilmişdir. Binada müasir elektrik və istilik sistemləri quraşdırılmışdır. Mərkəzin akt zalında müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait vardır.
21 dekabr 2011 il tarixdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı Müalicə-Diaqnostika Mərkəzində göz əməliyyatları həyata keçirilmişdir. Kampaniya çərçivəsində Mərkəzi Neftçilər Xəstəxanası Göz Mərkəzinin yüksək ixtisaslı həkim-mütəxəssisləri Şamaxı Müalicə-Diaqnostika Mərkəzində göz əməliyyatları keçirmişlər.
2010 ilin martında Fondun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində Şamaxı Cümə Məscidində aparılan əsaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Azərbaycan Prezidentinin 2009 ilin dekabrında və 2013 ilin fevralında imzaladığı sərəncamlarla müvafiq maliyyə vəsaiti ayrılmışdır. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dəfələrlə məscidə gəlmiş, burada həyata keçirilən bərpa və yenidənqurma işləri ilə yerindəcə tanış olmuşlar. Yenidənqurma işləri ilə yanaşı, Şamaxı Cümə Məscidi Dövlət Tarix-Memarlıq abidəsinin ətrafında qədim hücrələr də bərpa olunmaqla əsaslı abadlıq işləri aparılmışdır. Ümumi sahəsi bir hektara yaxın olan məsciddə bərpa və yenidənqurma işləri zamanı onun ilkin görkəminin saxlanılmasına və Şirvan memarlıq məktəbinin ənənələrinə maksimum diqqət yetirilmişdir. Şamaxı seysmik zonada yerləşdiyindən məscidin bünövrəsi dəmir-beton konstruksiya ilə əsaslı şəkildə möhkəmləndirilmişdir. 17 may 2013 il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə məscidin açılış mərasimi olmuşdur.
Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində reallaşdırılan bu layihələr Prezident İlham Əliyevin digər bölgələr kimi, Azərbaycanın qədim tarixinin, zəngin maddi-mədəni dəyərlərinin bariz nümunəsi olan Şamaxıya göstərdiyi diqqət və qayğının parlaq nəticəsidir. Bu sahədə, əlbəttə, Heydər Əliyev Fondunun layihələri də böyük əhəmiyyət daşıyır.
Məlumat Heydər Əliyev Fondunun rəsmi saytından (www.heydar-aliyev-foundation.org) götürülmüşdür.