Ağa Məhəmməd Hacı Әbdülsəlim oğlu (1879, Şamaxı – may, 1920, Gəncə) – Azərbaycan şairi, Azərbaycan ədəbiyyatında romantizmin görkəmli nümayəndəsi. Tacir ailəsində doğulmuş, atasını erkən itirmiş, nənəsinin himayəsində böyümüşdür. Şamaxıda dini təhsil almış, ərəb, fars dillərini, Şərq ədəbiyyatı, tarixi və fəlsəfəsini öyrənmişdir. 1890 illərdə M. Ә. Sabir, S. M. Qənizadə və b. ilə dostluq etmişdir. Şamaxı zəlzələsindən (1902) sonra Kürdəmirə köçmüş, orada məktəb açmışdır. 1905 ildən Həştərxanda çıxan “Bürhani-tərəqqi” qəzetində əməkdaşlıq etmiş, bir müddət bu qəzetin redaktoru olmuşdur. Bakıda “Həyat” qəzeti, “Füyuzat” jurnalı redaksiyalarında işləmiş, “Təzə həyat”, “Həqiqət”, “İttifaq”, “Tərəqqi” və s. mətbuat orqanlarında ədəbi-jurnalist fəaliyyəti göstərmişdir. 1911-14 illərdə İstanbulda yaşamış, “Tənin”, “Sərvəti-fünun” redaksiyalarında işləmiş, görkəmli türk şairləri Tofiq Fikrət və Rza Tofiqlə tanış olmuşdur. İstibdad əleyhinə şeirlərinə görə Saloniki şəhərinə (Yunanıstan) sürgün edilmişdi. Birinci dünya müharibəsi illərində Azərbaycan burjuaziyasının təşkil etdiyi müsəlman alayı ilə cəbhəyə getmişdir. Bu dövrdə yazdığı şeirlərdə vətən məhəbbəti ifadə olunmuşdur. 1917 il Fevral burjua-demokratik inqilabını rəğbətlə qarşılamışdı. 1918-20 illərdə Gəncə və Bakıda didərgin həyat sürmüş, “Bəsirət”, “Azərbaycan” və s. qəzetlərdə əməkdaşlıq etmişdir. Müsavat hökumətinə bəzi şeirlər həsr etmişdir.
Hadinin dünyagörüşü və yaradıcılığı ziddiyyətli olmuşdur. Әdəbi-tənqidi və estetik görüşlərində ədəbiyyatın ideyalılığı, “sənət həyat üçündür” prinsiplərini müdafiə etmiş, xalq mənafeyinə xidməti yazıçının müqəddəs vəzifəsi saymış, qələmi “inqilab bıçağı” adlandırmışdır. “Dad istibdaddan”, “El fəryadı” şeirlərində Hadi məzlumların azadlıq, səadət və hüquq bərabərliyi arzularını tərənnüm etmişdir. Üsyankar ruhlu bu əsərlər bolşevik qəzetləri “Yoldaş” və “Təkamül”də çap olunmuşdur. Hadinin poeziyasında milli oyanış ideyaları qüvvətlidir (“Qoymuş miləl imzasını övraqi-həyatə, yox millətimin xətti bu imzalar içində” və s.). Bununla belə, milli məhdudluq, müstəsnalıq ideyası Hadiyə yad idi. O, bütün xalqların azadlıq mübarizəsinə rəğbət bəsləyirdi (“Bir sərgüzəşti-xunin”, “Mülhəmeyi-əşar” və s.). Hadi İran və Türkiyə inqilablarına xeyli əsər həsr etmiş, Səttarxan və digər fədailərin şərəfinə nəğmələr qoşmuşdur. Yaradıcılığında maarifpərvərlik ideyaları mühüm yer tutur. Hadi məktəbi, elmi-texniki nailiyyətləri tərifləyir, dünyəvi elmləri dini elmlərə qarşı qoyurdu (“Vəhdaniyyət və maarif”, “Vətənimizin Femistokl və Aristidlərinə nəsihət”, “Elmi-əbdana həqiqi bir nəzər” və s.).
Hadinin romantizmi mütərəqqi mahiyyətlidir. Onun dünya romantizmi ilə səsləşən cəhətləri çoxdur. Şair özü, bu romantizmin acı həyatdan bezmiş insanların şirin həyat xəyalı ilə bağlı olduğunu söyləyirdi (“Amali-vicdan”), “Aləmi-müsavatdan məktublar” əsərində ictimai ideallarını vəcdlə təsvir etdiyi utopik cəmiyyətin timsalında vermişdir. Fərdiyyətçilik və tənhalıqdan doğan kədər motivləri də Hadi yaradıcılığının səciyyəvi cəhətlərindəndir. Lakin bu kədər dövrün haqsızlıq və rəzalətləri, xalqın dərdi ilə bağlı olan “cahani kədər” idi. Hadi romantizminin yekunu sayılan “İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah” poemasında bəşər tarixinə fəlsəfi nəzər salınır, insanın təbiətcə güclü, lakin qəddar və vəhşi olduğuna dair mücərrəd antropoloji iddialar irəli sürülür. Әsərdə Hadiyə xas tarixi nikbinlik də bədbinliklə əvəz olunmuşdur. Hadi yaradıcılığı bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilir. Lakin əsərlərini əruz vəznində yazmış, şeirlərinin dilini ərəb, fars söz və tərkibləri ilə ağırlaşdırmışdır ki, bu da yaradıcılığının təsir dairəsini məhdudlaşdırmışdır. Nizami, Ömər Xəyyam, Rumi, Hafiz və başqalarından tərcümələri var. Anadan olmasının 100 illiyi qeyd edilmişdir.
Əd.: ASE, X cild, Bakı, 1987, s. 126