Hacı Zeynalabdin Axund İsgəndər oğlu (ədəbi təxəllüsü Təmkin, təriqətdəki ləqəbi Məstəli şah; 16.8.1780, Şamaxı ş. – 1837 və ya 1838, Qırmızı dəniz, gəmidə; Səudiyyə Ərəbistanının Ciddə şəhərində dəfn edilmişdir) – Azərbaycan alimi, coğrafiyaşünas-səyyah, tarixçi, etnoqraf, filosof, ədəbiyyatşünas, şair. Hacı Məhəmmədəli Şirvaninin qardaşı. Ailəsi 1785 ildə İraqın Kərbəla şəhərinə köçmüşdür. Kərbəlada təhsil almış, təqribən 40 il səyahət etmiş, Azərbaycanda, o cümlədən Bakıda, Yaxın və Orta Şərq ölkələrində, Hindistan, Seylon (Şri Lanka), İndoneziya və s. yerlərdə olmuşdur. Təqribən 15 il Nemətullahi dini təriqətinə rəhbərlik etmişdir. Farsca “Riyazüs-səyahə” (“Cənnət bağı səyahətləri”, 1-ci h. 1821-22, 2 h. 1826-27 illərdə tamamlanmışdır). “Hədayüqüs-səyahə” (“Səyahət bağları”, 1826-27), “Büstanüs-səyahə” (“Səyahət bağı”, 1832) və s. əsərlərini yazmışdır. Әsərlərində Yaxın və Orta Şərq ölkələri, Hindistan, Həbəşistan (Efiopiya), Orta Asiya, Azərbaycan və Ermənistanın coğrafiyası, tarixi, etnoqrafiyası, incəsənəti, mədəniyyət abidələri, ədəbiyyatı və s., həmçinin bəzi görkəmli şəxsiyyətlər haqqında qiymətli məlumatlar verilmişdir. Bir sıra coğrafi adların mənşəyi haqqında mülahizələr irəli sürmüşdür. “Büstanül-arifin” (“Ariflər bağı”, 1832) və “Kəşfül-maarif” (“Bilikləri açan”, fəlsəfi əsər, 1834) əsərlərini də yazmışdır. Cəlaləddin Ruminin çoxcildli “Məsnəvi” (Bombey, 1895) əsərinə müqəddimənin müəllifidir. Şeirləri “Divan”da (Tehran universitetinin Mərkəzi kitabxanasındadır) toplanmışdır. Hacı Zeynalabdin Şirvani haqqında birinci elmi məqaləni A. A. Bakıxanov yazmışdır. A. A. Bakıxanov onun “Riyazüs-səyahə” əsərinin üzünü köçürtdürmüşdü (A. A. Bakıxanovun ölümündən sonra əsər Asiya muzeyinə verilmişdir). Hacı Zeynalabdin Şirvaninin elmi və ədəbi fəaliyyəti bir sıra rus, Qərbi Avropa, Şərq və Azərbaycan tədqiqatçıları tərəfindən öyrənilmiş və yüksək qiymətləndirilmişdir. Әsərlərinin əlyazmaları Londondakı Britaniya muzeyinin kitabxanasında, Paris Milli kitabxanasında, Tehran universitetinin Mərkəzi kitabxanasında, Misirin Xidiviyyə kitabxanasında, Rusiya EA Şərqşünaslıq İnstitutunun Sankt-Peterburq şöbəsi kitabxanasında, Gürcüstan Әlyazmaları İnstitutunda saxlanır. Ә. Cəfərzadənin “Xoş gördük, səyyah!” tarixi romanı Hacı Zeynalabdin Şirvaniyə həsr edilmişdir.
Əd.: ASE, X cild, Bakı, 1987, s.145