Hacı Məhəmmədəli Axund İsgəndər oğlu (ədəbi təxəllüsü Fani; təqr. 1783, Şamaxı ş.- 1859) – Azərbaycan alimi, səyyah, tarixçi, mütəfəkkir, maarifçi, ədib, şair. Hacı Zeynalabdin Şirvaninin qardaşı, ailəsi 1785 ildə İraqın Kərbəla şəhərinə köçmüşdür. Hacı Məhəmmədəli Kərbəlada təhsil almış, 19 əsrin əvvəllərində təqribən 30 il ərzində Yaxın və Orta Şərq ölkələrini, Hindistan və Orta Asiyanı səyahət etmişdir. 4 əsəri məlumdur. “Әlbürhan fişərəfətül-insan” (“İnsan şərəfi haqqında dəlil”, 1829-30 illərdə tamamlanmışdır), “Moftahül-həyat” (“Həyatın başlanğıcı”) və “Həqiqətül-həqayiq” (“Həqiqətlərin həqiqəti”, 1836-37) əsərlərində həmin ölkələrin ictimai-siyasi tarixi, mədəni həyatı, fəlsəfi fikir, ədəbiyyat, təlim-tərbiyə məsələlərinə və s., “Təbbə kimyuni” (“Kimyəvi şəfa”, 183031) əsəri isə təbabətə və kimya elminə həsr edilmişdir. Şeirlər də yazmışdır. Әlyazmaları Londondakı Britaniya muzeyində (kitabxanasında), Qərbi Berlinin Mərkəzi kitabxanasında, Kabil və Tehranda şəxsi kitabxanalarda saxlanır.
Əd.: ASE, X cild, Bakı, 1987, s.145